Avropa Şurası Azərbaycan haqqında qərar vermədi

Səs: Real audio
Bakıya növbəti missiya göndəriləcək Dekabrın 15-də Parisdə Avropa Şurasının Monitorinq Komitəsində (MK) Azərbaycanda parlament seçkisinin nəticələri və seckidən sonra yaranmış vəziyyət müzakirə olunub.



Azərbaycan üzrə həmməruzəçilər Andreas Qross və Andres Herkel, Avropa Şurasının Azərbaycandakı Seçkini Müşahidə Missiyasının rəhbəri Leo Platvoet Bakıya son səfərlərinin yekunları barədə məlumat veriblər.



Bu barədə «Azadlıq» radiosuna hollandiyalı deputat Leo Platvoet məlumat verdi. Onun sözlərinə görə, iclasda heç bir yazılı sənəd və ya hesabat qəbul olunmayıb, sadəcə, fikir mübadiləsi aparılıb: «Gələn ilin əvvəllərində Avropa Şurası hökumət, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarıyla müzakirələr aparmaq üçün Azərbaycana daha bir nümayəndə heyəti göndərəcək. O vaxta kimi ATƏT-in yekun hesabatı da hazır olacaq. Bizim əlimizdə hökumətlə müzakirələr aparmaq üçün əlavə faktlar olacaq. Bir sözlə, növbəti missiyanın nəticələrini gözləməliyik».



Leo Platvoet bildirdi ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına göndərəcəyi yeni nümayəndə heyətinin mandatının təsdiq olunub-olunmaması məsələsi hələ də açıq qalır. Onun sözlərinə görə, bu barədə son qərar yanvarda Strasburqda Assambleyanın plenar sessiyasında veriləcək.



Leo Platvoetin verdiyi digər məlumata görə isə, Parlament Assambleyasının yanvar sessiyasında Azərbaycanın siyasi qurumları, o cümlədən müxalifət partiyalarının iştirakı ilə dinləmələr təşkil olunacaq.Onun sözlərinə görə, Assambleyanın işində yüzlərlə parlament üzvü iştirak edir. Belə dinləmələr onlara Azərbaycandakı proseslər barədə əlavə məlumat almaq imkanı verə bilər.



Cənab Platvoet deyir ki, Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin gələcəyi Azərbaycanın öz əlindədir. «Azərbaycan Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Hər şey Azərbaycanın öz əlindədir. Əlbəttə ki, biz Azərbaycana bü öhdəliklərin icra olunmasında yardım etməyə hazırıq» - deyə, o, bildirir.