«Neftçi» «Birlik Kuboku»nu qazandı

Səs: Real audio
Mahir Rüstəmli: «Bu, növbəti qələbələr üçün pilləkən rolunu oynamalıdır» Azərbaycanın futbol çempionu – "Neftçi" komandası MDB Kubokunu qazanıb. O, Moskvada Litvanın "Kaunas" komandası ilə final görüşündə 4:2 hesabıyla qalib gəlib. Qolları rəqib qapısından Nadir Nəbiyev, Vadim Borets, Branimir Subaşiç və Svyatoslav Stefanov keçirib.



Yanvarın 14-dən 22-dək Moskvada keçirilən 14-cü "Birlik Kuboku" turnirinin ¼ finalında "Neftçi" Daşkəndin "Paxtakor" komandasına qalib gəlib, yarımfinalda isə Yerevanın "Pünik" klubu ilə oynamalıydı. Lakin "Pünik" təhlükəsiz səbəblərini əsas gətirərək "Neftçi" ilə oynamaqdan imtina edib və "Neftçi"yə texniki qələbə verilib – 3:0



MDB Kuboku 1990-cı illərdəki kimi nüfuzlu sayılmasa da, regionda çəkisi olan turnirlərdəndir.



"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli deyir ki, "Neftçi" uzun müddət titulsuzluqdan əziyyət çəkib. Buna görə də bu qələbədən sonra MDB Kubokunun nüfuzunu müzakirə etmək düzgün deyil:



"Titul tituldur, bununla "Neftçi" bütün keçmiş Sovet məkanına göstərdi ki, mən varam. Həm də bu, növbəti qələbələr üçün pilləkən rolunu oynamalıdır".



Ötən il "Neftçi" MDB Kuboku turnirində gümüş medal qazanıb.