Yeni müxalifət bloku yaranır

Səs: Real audio
Elçin Qəmbərov onun səhhətinin qənaətbəxş olmadığını deyir «Azadlıq» Siyasi Bloku fevralın 17-də rəsmi şəkildə təsis edilməlidir. Həmin qurumda eyni adlı seçki blokunda təmsil edilən AXCP və ADP-dən başqa Milli Birlik Hərəkatı ilə Milli İstiqlal partiyasının (AMİP) Əli Əliyevin rəhbərlik etdiyi qanadının da iştirakı gözlənilir



Xalq Cəbhəsi partiyasının (AXCP) sədri Əli Kərimlinin sözlərinə görə, «Azadlıq» Seçki Blokunu yaratmaqla onlar həm cəmiyyətə, həm hakimiyyətə, həm də beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirlər ki, parlament seçkilərinin saxta hesab etdikləri nəticələri ilə barışmayıblar və Azərbaycanda demokratiya həqiqətən qələbə çalana qədər mübarizə aparmaq niyyətindədirlər.



«Azadlıq» Siyasi Blokunun təşkilatçıları ilə bu bloka getməyənlər arasında münasibət isə son dərəcə gərgindir. Hətta hər iki düşərgəyə yaxın olan mətbuat səhifələrində qarşılıqlı ittihamlar o həddə çatıb ki, bu, ümumilikdə hakimiyyətə yönəlik tənqidləri belə kölgədə qoyub. Bunun səbəbini də anlamaq çox sadədir. Əgər yeni blokun təşkilatçıları Müsavat partiyasını mübarizəni yarımçıq dayandırmaqda qınayırlarsa, qarşı tərəf də onları mübarizə hədəfini dəyişməkdə günahlandırır.



Hətta Müsavat başqanın müavini Arif Hacılı deyir ki, «Azadlıq» Siyasi Bloku məhz onlara qarşı yaradılıb. O hesab edir ki, yeni bloka üzv olan partiyaların elektoratında seçkidən sonra ruh düşkünlüyü yaranıb. Onlar yeni böyük bir blokun imitasiyasını yaratmaqla həmin ruh düşkünlüyünü aradan qaldırmaq istəyirlər.



Əli Kərimli isə təbii ki, bu fikirlərlə razılaşmır. AXCP sədrinin sözlərinə görə, bu bloku yaratmaqla əslində, baş verənlərə daha çox seyrçi mövqeyi tutan insanları demokratiya uğrunda mübarizəyə səfərbər edib, onları qələbəyə inandırmağı qarşılarına məqsəd qoyublar.



Müxalifət düşərgəsində parçalanmalar daha çox iki partiyanın – Müsavat və AXCP-nin münasibətlərinin gərginləşməsi zamanı özünü göstərir. Belə hallarda yerdə qalan müxalifət partiyaları əsasən iki cəbhəyə bölünərək bu iki partiyanın ətrafında birləşirlər.



Əslində 2000-ci il parlament seçkiləri zamanı da müxalifət düşərgəsində oxşar proseslər baş vermişdi. Hətta seçkidən dərhal sonra müxalifət partiyalarının çoxunu özündə birləşdirən Demokratik Konqres iki yerə parçalandı. Onlardan birinə Müsavat, o birinə isə Xalq Cəbhəsi partiyası ev sahibliyi edirdi. O vaxt AXCP-dən fərqli olaraq Müsavat parlamentin işində iştirak etmədi. Hətta Müsavat partiyasının iki üzvü – Şirzad Əyyub və Vaqif Səmədoğlu parlamentə getdikləri üçün partiya sıralarından xaric olundular. Ancaq növbəti parlament seçkiləri ərəfəsində bu iki partiya yenidən bir blokda birləşdilər. Odur ki, bütün bu qarşılıqlı ittihamlara baxmayaraq, nə vaxtsa bu iki partiya yenidən bir cəbhədə olsalar, bu yəqin ki, çoxları üçün o qədər də təəccüblü olmayacaq. Çünki bir çoxları hesab edir ki, bu iki partiyanın elektoratı təxminən eyni ideologiyanın tərəfdarlarıdır.