Parisdə azərbaycanlı ssenarist Şahin Sinariyanın kitabı çapdan çıxıb

Hollandiyada isə azərbaycanlı yazıçı Gülşən Kazımovanın "Nəslimizin qızları" adlı kitabının təqdimatı olub


- Avstriyada Azərbaycan diasporasının təşkilatlanması 90-cı illərdə başlayıb. Həmin illərdə Avstriyada Azərbaycan cəmiyyətləri yaranmağa başlayıb. 2002-ci ildə Avstriyada təhsil alan azərbaycanlılar Azərbaycan Akademik Dərnəyini təsis etdilər. Dərnəyin sədri Elman Muradov deyir ki, Avstriyadakı Azərbaycan icması artıq lobbiçilik istiqamətində addımlar atmağa başlayıb. Bunun üçün dərnək üzvləri mayın 11-də Avstriyanın Yaşıllar partiyasından olan millət vəkili Kurt Qrünevald və partiyanın digər nümayəndələriylə görüşəcəklər.


- Bu yaxınlarda Parisin ALNA nəşriyyatında Parisdə yaşayan azərbaycanlı ssenarist Şahin Sinariyanın "Adəm və Həvvanın Məhkəmə prosesi" adlı dram əsəri kitab şəklində çapdan çıxıb. Şahin Sinariya deyir ki, bu kitabın süjeti Bibliyaya əsaslansa da, Fransanın gerçək həyatından bəhs edir.


Şahin Sinariya Azərbaycan İncəsənət Universitetini bitirib. Bir müddət Azərbaycan kinostudiyasında işlədikdən sonra təhsilini Gürcüstan və Rusiyada davam etdirib. 1989-cu ildə Azərbaycanı tərk edib və Leninqradın "Lenfilm" kinostudiyasında işləməyə başlayıb. "Lenfilm"də onun çəkdiyi "Müqəddəs torpaq" filmi qalmaqala səbəb olub və bundan sonra o, xaricə getməli olub. Deyir ki, Parisə köçməsi onun üçün təsadüf olub.


- Növbəti qonağımız Hollandiyada yaşayan azərbaycanlı rejissor, yazıçı, Ana Vətən Cəmiyyətinin sədri Gülşən Kazımovadır. Bu günlərdə Gülşən Kazımovanın "Nəslimizin qızları" adlı kitabının təqdimatı olub. Kitab rus dilindədir, kitabın təqdimatı isə Bakıda keçirilib. Şahin Sinariyadan fərqli olaraq Gülşən Kazımova Azərbaycan həyatından bəhs edir. Deyir ki, 15 il Hollandiyada yaşasa da, Azərbaycan həyatından, Azərbaycanın problemlərindən yazmağı vacib sayır.


Gülşən Kazımova deyir ki, hazırda onun rəhbərlik etdiyi cəmiyyət Hollandiyada Azərbaycan haqqında sənədli film çəkməyi planlaşdırır.


- Sonuncu həmsöhbətimiz Nazim Kəlbiyev isə səkkiz il əvvəl Almaniyaya köçüb. Deyir ki, Azərbaycanda müəllim işləyib və sosial vəziyyətinin ağırlığına görə xaricə gedib. Hazırda Köln şəhərində yaşayır.


DİNLƏYİN!