Bakıda səfərdə olan yəhudi deputatlar Sənaye və Energetika naziri Natiq Əliyevlə görüşdə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini İsrail vasitəsilə Hindistana və digər Asiya ölkələrinə yönəltmək ideyasını müzakirə ediblər. Bunu Avrasiya Yəhudiləri Konqresinin nümayəndəsi İosif Zisels və İsrail-Azərbaycan Parlament Dostluq Assosiasiyasının rəhbəri, İsrail Knessetinin üzvü İosif Şaqal mayın 16-da keçirdikləri mətbuat konfransında deyiblər. Onların bildirdiyinə görə, BTC-ni İsrailin «Aşgilon» limanından 400 km ayırır və bu məsafədə boru çəkilsə, İsrailin kifayət qədər infrastrukturu var ki, kəmərlə daşınacaq neftin Hindistana və və digər Asiya ölkələrinə çatdırılmasını təmin etsin.
Yəhudi deputatların sözlərinə görə, Azərbaycan tərəfi bildirib ki, bu yöndə əlaqələri davam etdirmək olar və İsrailin neft və energetika sahəsi mütəxəssisləri iyun ayında Bakıda keçiriləcək neft və qaz sərgisinə dəvət olunub.