Aclıq edən tələbələr Təhsil Nazirliyinin təklifini qəbul etmədi

İyunun 5-də ombudsman Elmira Süleymanova və Təhsil Nazirliyi İcra Aparatının rəhbəri İlham Pirməmmədov Müstəqil Azərbaycan Universitetində bu ali məktəbin aclıq edən tələbələrinə baş çəkiblər. Görüşdə bildirilib ki, universitetin 3 və 4-cü kurs tələbələrinin təhsili qanuni sayılır. Sonucu kursda təhsil alanlar oxuduqları universitetdən diplom ala biləcəklər. 3-cü kursda oxuyanlar isə başqa ali məktəblərə köçürüləcək. 2-ci kurs tələbələrinin isə təhsillərinin qanuna uyğun olub-olmadığını məhkəmələr araşdıracaq.


Görüşdə irəli sürülən təkliflərlə razılaşmayan tələbələr bildiriblər onların tələbləri tam şəkildə yerinə yetirilməyənə qədər aclıq aksiyasını davam etdirəcəklər.


Bu arada aclıq edən tələbələrindən ikisinin - Elvin Hüseynov və Zəfər Cəfərovun səhhəti iyunun 6-da pisləşib. Nəticədə onlar xəstəxanaya köçürülüb. Hər iki tələbə hələ ki, aclığı dayandırmasa da, onlara ilk tibbi yardım göstərilib.


Aclıq edənlərdən İlahə Məmmədovanın də vəziyyəti pisləşib.


İyunun 6-da aclıq edən tələbələrə millət vəkili İqbal Ağazadə, hüquq müdafiəçiləri Səidə Qocamanlı, Səadət Bənənyarlı və Novella Cəfəroğlu baş çəkib.


Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi başqa universitetlərə bərpa olunmaq tələbi ilə iyunun 1-dən aclıq aksiyasına başlayıb .