Rəşad Sadıqov: «Müasir futbolda Azərbaycana yer yoxdur»

Rəşad Sadıqovla müsahibə, 9 iyun 2006

Azərbaycan komandasını 8:0 udmuş Polşa millisi dünya çempionatında Ekvadora uduzdu. Bu günlər demək olar, bütün dünyanın diqqətinin Almaniyaya – 18-ci dünya çempionatına yönəldiyi vaxtda Bakıda da Azərbaycan futbolunun vəziyyətinə nəzər salaq. Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovla birlikdə.


«Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli və «Yeni müsavat» qəzetinin şərhçisi Xalid Kazımlının da iştirak etdiyi bu söhbətdə kapitan Rəşad Sadıqov komandasının müasir futbol standartlarına cavab vermədiyini söylədi. «Müasir futbolda Azərbaycana yer yoxdur» deyən Rəşad Sadıqov bu səbəbdən Azərbaycan komandasının müasir futbolla rastlaşanda 7:0, 5:0, 4:0, 3:0 hesabı ilə uduzmasının təəccüblü olmadığını düşünür.


Bir çoxlarının fikrinin əksinə olaraq, Rəşad Sadıqov Azərbaycan yığmasının braziliyalı keçmiş baş məşqçisi Karlos Alberto Torresin Azərbaycan futboluna çox xeyri dəydiyini düşünür: «Mən şəxsən Torresin gəlişindən sonra özümdə çox dəyişikliklər hiss etdim. Futbol qayğısı gördüm, şəraitimiz dəyişdi. Bizə qarşı başqa cür baxmağa başladılar. Bir dənə Polşa ilə oyundan sonra bizə münasibət pisləşməyə başladı. Amma belə məğlubiyyətlər Azərbaycan yığmasında istənilən məşqçinin başına gələ bilər...»


«Ekvadorla oyundan sonra məlum oldu ki, Polşa komandasını da çox asanlıqla udmaq olarmış. Polşanın hansı üstünlükləri vardı ki, Azərbaycan komandası onlara 8:0 hesabıyla uduzdu» sualının cavabında Rəşad Sadıqov bunu həm də polşalıların Azərbaycan millisi ilə oyuna ciddi yanaşması ilə izah etdi: «Biz həmin oyunacan buraxılan topların sayına görə qrupda ikinci yerdəydik. Dörd oyunda üç top buraxmışdıq. Onlar da bizdən hardasa çəkinirdilər. Biz əvvəldə oyunu asanlaşdırdıq onlar üçün, çox asan qollar buraxdıq. Ondan sonra demək olar ki, Polşa meydançada istədiyini edirdi. Amma Ekvador komandası onlara imkan vermədi, oyunun əvvəlində qol buraxmadılar və polşalılar əsəbiləşməyə başladılar. Həm də Ekvador o qədər zəif yığma deyil».


Belə fikir var ki, futbol böyük biznesdir və Azərbaycanın özünün abramoviçlərinə ehtiyacı var. Amma Rəşad Sadıqov belə düşünmür: «Mən əlbəttə, istərdim ki, çox pul qazanım. Amma mənə çox pul buraxmaqla mən bundan artıq futbol oynamayacam. Məsləhət görərdim ki, həmin pullara uşaq futbol məktəbləri açsınlar, həmin məktəblər üçün qıraqdan mütəxəssislər gətirsinlər...».


DİNLƏYİN!