Bir müddətdir ki, xərçəng xəstəliyinə görə müalicə olunan professor Türkan Saylanın evinə polislər aprelin 13-də səhər tezdən basqın edərək 4 saat axtarış aparıb. Polis axtarışı professor Saylanın «Hökuməti hərbi yolla devirmək hazırlığında olduğu» iddiası ilə aparıb. Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi sədrinin evindəki kompyüter, kitab və CD-lər götürülüb.
Professor Saylan 2007-ci ilin aprelində İstanbul və Ankarada keçirilən «Cümhuriyyət mitinqləri»nin əsas təşkilatçılarından olub.
«Aydın Doğan» mükafatının təqdimat mərasimində çıxış edən teatr sənətçisi Genco Erkal deyib:
«Elə bir qaranlıq dövrdə yaşayırıq ki, etmək istədiyim çıxışın heç bir mənası qalmadı. Bu insanlar qətiyyən müxalifət istəmirlər. Hamımızı bir icmanın üzvləri etmədən rahat olmayacaq, bizi rahat qoymayacaqlar. Bu qiymətli mükafatın qürurunu özümə ayırıb pulunu təhsilə bağışlayacağam. Bu çeki Türkan Saylana verəcəyəm».