İ.Əliyev: «Yoxsulluq olan yerdə demokratik dövlət qurmaq çətindir»

Prezident İlham Əliyev Brüsseldə Avropa Komissiyasının Baş qərargahında, 28 aprel 2009

Aprelin 28-də Brüsseldə səfərdə olan İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barroso ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər bildirdilər ki, əsasən üç məsələni müzakirə ediblər - enerji, Azərbaycanda islahatların aparılması və Şərq Tərəfdaşlığı proqramı. Sonrakı sualların cavablarından məlum oldu ki, onlar həmçinin Türkiyə-Ermənistan yaxınlaşmasını da müzakirə ediblər.

J.Barroso dedi ki, İlham Əliyev bu məsələnin Azərbaycan üçün çox həssas olduğunu bildirib. Barrosonun sözlərinə görə, Avropa Komissiyası Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmanı tam dəstəkləyir. Amma bu o demək deyil ki, Komissiya Qarabağ münaqişəsinin həllinə çalışmır. Cənab Barroso bu istiqamətdəki səylərə də dəstək olduğunu bildirdi.

İlham Əliyev isə dedi ki, Azərbaycan heç bir suveren dövlətin işinə qarışmaq niyyətində deyil. O cümlədən, sözügedən iki suveren dövlətin münasibətlərinə də. Bununla belə, cənab Əliyev bildirdi ki, çox sadə bir sual var: Bəs, Ermənistanla Azərbaycan arasındakı münaqişənin nizamlanması paralel olaraq aparılacaqmı, elə isə bunun aparılması hansı mərhələdə mümkündür?

Prezident əlavə etdi ki, bu sadə sual çox sadə cavab tələb edir. Və belə bir cavabı o hələ də gözləyir.

Mətbuat-konfransında «Azadlıq» radiosunun əməkdaşı həm J.Barrosoya, həm də İ.Əliyevə Azərbaycanda demokratiyanın vəziyyəti və Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər barədə sual verdi.

J.Barroso cavab verdi ki, onun prezident Əliyevlə çox mehriban və açıq söhbətim olub: "Biz Azərbaycanda qanunun aliliyi ilə bağlı göstərilən səyləri çox yüksək dəyərləndiririk. Bir neçə dəfə burada qeyd edilmişdir ki, ölkədəki meyarlar Avropa İttifaqının meyarlarına uyğunlaşdırılmalıdır. Biz bu sahədə irəliləyişi görmək arzusundayıq".

Prezident İlham Əliyev isə sualın cavabında bildirdi ki, Azərbaycanda iqtisadi və siyasi islahatlarımız paralel şəkildə aparılır: "Mən qətiyyətlə inanıram ki, ciddi iqtisadi və sosial problemlər, o cümlədən yoxsulluq olan ölkədə əsl demokratik dövlət qurmaq çox çətin olacaq. Ona görə də səylərimiz uğurla azaltdığımız yoxsulluğun aradan qaldırılmasına yönəlib. Son beş il ərzində yoxsulluq səviyyəsi xeyli azalmışdır. Ölkəmizin demokratikləşməsi də uğurla gedib. Avropa İttifaqı və Avropa Şurası ilə münasibətlərimiz də bu məqsədi güdür. Əgər bu, Azərbaycanın məqsədi olmasaydı, biz bunu etməzdik" - deyə İlham Əliyev bildirdi.


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.