İranda azərbaycanlıların ötən ay keçirdiyi geniş etiraz nümayişləri ilə bağlı təqib-təzyiqlərin davam etdiyi bildirilir.
Son xəbərlərə əsasən Qoşaçay (Miyandab) şəhərində qabaqca azad edilən 4 məhbus yenidən həbs edilib. Mərənd şəhərində isə 10-a yaxın Azərbaycan fəalının polis idarələrinə aparılıb, istintaqa tutulduğu bildirilir.
Buna baxmayaraq, Azərbaycan fəalları sabah və birisi-gün Babək qalasında keçiriləcək qurultay üçün hazırlıq gördüklərini bildirərək, İranın bütün Azərbaycan əhalisini bu qurultayda iştirak etməyə çağırıblar. Bu çağırış İran Azərbaycanına aid bir çox İnternet səhifələrində də dərc edilib ( www.radist.org , www.baybak.com , www.azadtribun.net).
Azərbaycanın tarixi qəhrəmanı Babək Xorrəmdinin ad günü qəbul edilən tarix hər il Kəleybər şəhərinin yaxınlığındakı Bəz yaxud Babək qalasında qeyd edilir. Ancaq adətən iyun ayının 29 və 30-da qeyd olunan bu mərasim bu il son nümayişlərdə həlak olanların vəfatının 40-cı gününə (qırxına) təsadüf edir.