Magistraturaya sənəd qəbulu başlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

İyulun 7-də 2006-2007-ci il tədris ili üçün magistraturaya sənəd qəbulu başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ümumi qəbul planı 4360 yerdir. Bu ilki məzunlar sənədlərini təhsil aldıqları ali məktəbdə yaradılmış Sənəd Qəbulu Komissiyasına, əvvəlki illərin məzunları isə qəbul olmaq istədikləri ali məktəblərdən birində yaradılmış Sənəd Qəbul Komissiyasına verməlidirlər.


Ancaq bu il ali məktəbi bitirən oğlanlar magistraturaya sənəd verməkdə problemlə üzləşiblər. Hərbi xidmətə çağırış iyulun 1-dən 20-ə qədər keçirildiyindən, magistratura imtahanları isə iyulun 20-dən sonra başlayacağından onlar sənədlərini verə bilməyəcəklər.


İqtisad Universitetinin bu ilki məzunlarından olan Ramin Hacıyev deyir ki, o və qrup yoldaşı il ərzində magistratura imtahanına hazırlaşıblar. Ancaq Hərbi Komissarlıq onlara möhlət vermədiyindən bakalavrlar hüquqları pozulduğu üçün məsələyələ bağlı iyulun 7-də dövlət başçısına da müraciət ediblər: «Hərbi Komissarlıq deyir ki, hərbi xidmətə getməlisiniz, möhlət vermirlər, biz də imtahana hazırlaşmışıq. Razıyıq ki, imtahan verək sonra gedək, biliklərin hədər getməsini istəmirik».


Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev isə deyir ki, möhlət hüququ tələbəyə ali məktəbdə oxuduğu dövrdə verilir, həm də bu il magistraturaya qəbul imtahanı hərbi xidmətə çağırışdan sonra keçiriləcəyindən bu problem yaranıb. «Əgər bu adam ali məktəbdə və magistraturada oxuyursa, onlara təhsillərini bitirənə qədər möhlət verilir. Hazırda ali məktəbi bitiriblər, magistraturaya da qəbul olunmayıblar, onların möhlət hüququ yoxdur».


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından isə bildirdilər ki, əvvəllər magistraturaya əlaçı tələbələr sənəd verirdi, sonradan isə bu məhdudiyyət götürüldüyündən hərbi komissarlıq möhlət hüququ vermir.


Magistraturaya sənəd qəbulu iyulun 14-nə qədər davam edəcək.