Sakit Zahidovun qanında narkotik maddənin olub-olmamasını müəyyənləşdirmək üçün ekspertiza aparılıb

İyulun 8-də vəkil Əlif Həsənov Bayıl təcridxanasında «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovla (Mirzə Sakit) görüşüb. Sakit Zahidovun Hüquqlarını Müdafiə Komitəsindən verilən məlumata görə, jurnalistin qanında narkotik maddənin olub-olmamasını müəyyənləşdirmək məqsədilə ekspertiza aparılıb. Ekspertizanın nəticələri isə iki həftədən sonra məlum olacaq.


Sakit Zahidovu Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları iyunun 23-də həbs ediblər. O, narkotik maddə saxlamaqda ittiham olunur. Nəsimi rayon Məhkəməsi S. Zahidov haqqında üçaylıq həbs qətimkan tədbiri seçib. Sakit Zahidov «Azadlıq» qəzetində yazdığı satirik şerlərində dövlət məmurlarını tənqid edirdi. Buna görə də hüquq müdafiəçiləri və həmkarları onun cibinə narkotik maddəni polisin atdığını bildirir, həbsini sifarişli sayırlar.