«Azadlıq» qəzetinin əməkdaşı, satirik-jurnalist Sakit Zahidovun istintaqı başa çatmaq üzrədir və gələn həftə məhkəmə prosesi başlana bilər. Bu haqda iyulun 20-də Daxili İşlər naziri Ramil Usubov bir qrup hüquq müdafiəçisi və Sakit Zahidovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Emin Hüseynovu qəbul edərkən deyib. Hüquq müdafiəçiləri nazirdən jurnalistin istintaqının sürətləndirilməsini və onun azadlığa buraxılmasını xahiş ediblər. Nazir Ramil Usubov bildirib ki, Sakit Zahidovun zaminə buraxılması məhkəmədə həll oluna bilər.
Nazir həmçinin «Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyevin istintaqına toxunaraq yeniliklərin olmadığını bildirib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu:
«İstintaq gedir, bəzi məsələlərin araşdırıldığını dedilər. Belə başa düşdük ki, özləri də bu məsələnin açılmasında maraqlıdırlar».
Mərkəzi ofisi Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi də iyulun 19-da yaydığı bəyanatında «Azadlıq» qəzetinin əməkdaşı və satirik şair Sakit Zahidovun səhhətinin pisləşməsindən və ona lazımi tibbi yardım göstərilməməsindən narahat olduğunu bildirib.