Beynəlxalq ictimaiyyət Şimali Koreyaya qarşı

Şimali Koreya rəsmiləri deyirlər ki, yeraltı nüvə sınağı elmi və texniki məsələlərin həllinə kömək edib

Şimali Koreya ölkədə yeraltı nüvə sınağı keçirdiyini və bunun uğurlu olduğunu bəyan etdikdən sonra beynəlxalq ictimaiyyətin tənqidinə məruz qalıb.

Koreya bu addımı özünü müdafiə məqsədilə atdığını bildirir.

Şimali Koreya rəsmiləri deyirlər ki, yeraltı nüvə sınağı elmi və texniki məsələlərin həllinə kömək edib. Beləliklə də onlar özünə nəzarət texnologiyası ilə bağlı nüvə silahı bacarıqlarını artıra biləcəklər.

«BU ADDIM ŞIMALİ KOREYANIN ALTITƏRƏFLİ DANIŞIQLARDA ƏLDƏ OLUNAN RAZILIĞI POZMASIDIR»

Beynəlxalq ictimaiyyətin narahatlığına səbəb, tam təsdiqlənməsə də, medianın Şimali Koreyanın həm də qısa mənzilli raket sınağı keçirməsi xəbərləri olub.

Bu sınaq testinin keçirilməsi xəbərindən əvvəl Yaponiya Baş Kabinet katibi Takeo Kavamura Tokioda jurnalistlərə demişdi ki, bu addım Şimali Koreyanın altıtərəfli danışıqlarda əldə olunan razılığı pozmasıdır:

«Əgər Şimali Koreya doğurdan da nüvə sınağı keçiribsə, bu, BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin aydın şəkildə pozulması deməkdir və biz buna heç vaxt imkan verə bilmərik. Səhər saatlarında hökumət baş nazirin ofisində böhran otağı yaradıb. Biz bu məsələdə narahat olan bütün ölkələrlə, eləcə də BMT Təhlükəsizlik Şurası ilə əlaqə saxlayaraq tədbir görəcəyik».

Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov Beyrutda məsələ ilə bağlı narahatlığını ifadə edib:

«Biz əlbəttə ki, Şimali Koreyanın nüvə sınağı keçirməsi xəbərindən narahatıq».

Rusiya Müdafiə Nazirliyi sonradan bu məlumatın doğruluğunu təsdiq edib və bildirib ki, Şimali Koreya 10 və 20 kiloton partlayıcı gücü arasında olan qurğudan istifadə edib. Bu da Xirosima və Naqasakiyə atılan bombaların gücü ilə müqayisə olunur. Verilən məlumata görə, partlayış Kilçu şəhərinin 80 kilometrliyində qeydə alınıb.

BMT TƏHLÜKƏSİZLİK ŞURASI TƏCİLİ İCLAS KEÇİRİB

BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Rusiya 15 əsas üzvlə təcili iclas keçirərək məsələni müzakirə edib. Yaponiya və Cənubi Koreya böhran idarəetmə qrupu yaradıb. ABŞ, Yaponiya, Rusiya və Cənubi Koreya Çinlə birlikdə 2003-cü ildən bu yana Şimali Koreya ilə altıtərəfli danışıqlar aparırlar. Bu danışıqlar Şimali Koreyanın nüvə proqramına son qoyma məqsədi daşıyırdı. 2006-cı ilin oktyabrında Şimali Koreya ilk nüvə sınağını həyaya keçirmişdi. 2007-ci ildə Pxenyan tərksilah müqabilində enerji yardımı və təhlükəsizlik zəmanəti alırdı.

Lakin Şimali Koreya keçən ay bu danışıqlardan çəkilərək uzaq mənzilli raketi sınaqdan keçirdi və bunu peyk buraxma adı altında təqdim etdi. Bir çox ölkələr Şimali Koreyanın apreldəki növbəti addımını «ballistik raket testi» adlandırdılar. Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı daha sərt sanksiyalar tətbiq etdi. Şimali Koreya da öz növbəsində sanksiyalara cavab olaraq nüvə sınağı keçirəcəyi ilə hədələmişdi.

Bu gün ABŞ prezidenti Barak Obama Şimali Koreyanın bu addımına beynəlxalq ictimaiyyətin cavab verməsini tələb edib və bunu «beynəlxalq sülhə təhlükə» adlandlrıb. Avropa Birliyi, Britaniya və Fransa da beynəlxalq narahatlığa qoşulduqlarını bildiriblər.

Hindistan Xarici İşlər Nazirliyinin açıqladığı bəyantda isə deyilir ki, Hindistan Şimali Koreyanın öz öhdəliklərini pozaraq nüvə sınağı keçirməsindən təəssüflənir.

Şimali Koreyanın Moskvadakı səfirliyinin yüksək rütbəli rəsmisi beynəlxalq tənqidi rədd edib. O İTAR-TASS-a deyib ki, əgər ABŞ və müttəfiqləri Şimali Koreyaya hədə-qprxu gəlməkdə davam edərlərsə, növbəti sınaqlar da keçirilə bilər. Şimali Koreya onu da bildirib ki, daha altıtərəfli danışıqlarda iştirak etməyəcək.

Şərhinizi yazın.