İranın ali liderinin sözünə baxan yoxdursa...

Ayətulla Xameneyi

İranda xalqın iradəsi əsasdır yoxsa ali liderin? İranın siyasi sisteminə görə, ali liderin.

İndi ali lider deyir ki, seçkidə saxtakarlıq olmayıb, seçki məsələsi bitdi, xalq bununla razılaşmayıb yenidən küçələrə çıxır.

Beləliklə, indiki etirazlar İranda islam rejimini hələlik dağıtmasa da, İranın siyasi sisteminin əsasına qoyulan prinsipi dağıda bilər.
Bu prinsipin adı «vilayəti fəqih»dir.

XAMEYENİNİN SİYASİ İSLAM KONSEPSİYASI


«Newsweek» yazır ki, Ayətulla Xameneyinin 1970-ci illərdə siyasi islamın hakimiyyət konsepsiyası kimi irəli sürdüyü bu prinsip İranda islam respublikası yarananda onun əsasına qoyuldu.

Prinsip ondan ibarətdir ki, dini liderlər münsif rolunu oynayırlar. Onlar qiymət verirlər ki, siyasi məsələlərdə düzgün addım atılıb yoxsa yox. Bu prinsiplə ölkəni Ali Münsif idarə edir. O da hazırda Ayətulla Xameneyidir.

Bu prinsiplə Xameneyinin dediyi qanun olmalıdır. Ancaq bunun əksinə olaraq keçmiş prezident Xatəmi Musəvini dəstəkləyir. Ayətulla Möntəziri də həmçinin. İranda çox nüfuzlu bir qurum var - Ekspertlər Şurası. Bu Şuranın sədri, keçmiş prezident Rəfsancani də Musəvinin tərəfindədir.

Bunların hamısı yüksək vəzifəli mollalardır. Əgər ali vəzifəli mollalar Xameneyinin dediyini şübhə altına alırlarsa, ya əleyhinə çıxırlarsa, bu o deməkdir ki, vilayəti fəqih prinsipi çox böyük təhlükə altındadır. Bu prinsip iflasa uğrasa, siyasi islam da İranda onun ardınca gedəcək.

İNDİ İRANI NƏ GÖZLƏYİR?


«Newsweek» bir iranlı ziyalının sözlərini misal gətirir ki, İran Misirə çevriləcək - rejim ideya əsasında yox, silah əsasında öz mövcudluğunu davam etdirəcək.

«Newsweek» yazır ki, İran islam fundamentalizminin hakimiyyətə gəlməsinin simvoludur. Bundan sonra qorxuya düşən o biri ölkələr, məsələn, Səudiyyə Ərəbistanı islam fundamentalizmi ilə dil tapmağa çalışırdı, Misir isə islam fundamentalizmini zorakılıqla əzirdi. Əgər İranda siyasi islam hakimiyyətdən getsə, dünyada 30 illik təmayülün də sonu olacaq.