«Məni «Amerikanın Səsi», BBC yoldan çıxartdı»

Yürüş edə bilməyən etirazçılar Tehranda narazılıq bildirmək üçün yeni şüar tapıblar

«Mən düşünürəm ki, məni belə mənəviyyatsız hərəkətə «Amerikanın səsi» və BBC radioları təhrik ediblər». Bunu televiziyaya çıxarılan bir nümayişçi deyib.

İyunun 24-ü Tehran küçələri son 10 gündə ilk dəfədir ki, boşdur. Ancaq nümayişçilər bu dəfə televiziyalardadır. İranda nümayişlərdə tutulan 457 adamdan bəzilərini televiziya çıxardırlar. Onlar üzr istəyirlər, nümayişə getdiklərinə görə peşman olduqlarını deyirlər.

İrandan son xəbərlər
Maraqlıdır ki, tövbə edənlərin dedikləri eynidir. Bir qadın deyir ki, onu BBC-nin və «Amerikanın səsi»nin farsdilli verilişləri yoldan çıxarıb və çantasına qumbara qoyub, nümayişə gedib. Nümayişdə isə pəncərələrə daş atıb, yoldakı maşınları əzib.

NÜMAYİŞÇİLƏR XÜSUSİ MƏHKƏMƏYƏ ÇIXARILACAQLAR

İranın Daxili İşlər naziri Sadiq Məhsuli isə bu gün bəyanat verib ki, İrandakı bu qarışıqlığı Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi və sürgündə olan İranın Xalq Mücahidləri Qrupu maliyyələşdirib.

İranda elan olunub ki, tutulan nümayişçilər xüsusi məhkəməyə çıxarılacaqlar. «Xüsusi məhkəmə» deyəndə İranda İnqilabi Məhkəmə nəzərdə tutulur. Bu, mülki məhkəmələrdən qıraqda olan tribunaldır.

Bu tribunalda proses bağlı qapılar arxasında gedir. Bir nəfər də hakim olur. Bu hakim eyni vaxtda həm prokurordur, həm hakimdir, həm də vəkil. Bu məhkəmənin verdiyi qərar bir qayda olaraq uzun illər həbsdir.

Yürüş edə bilməyən etirazçılar Tehranda narazılıq bildirmək üçün yeni şüar tapıblar. Onlar polisi görəndə «Allahu Əkbər» qışqırırlar. Polis onların üstünə gedə bilmir. Çünki «Allahu Əkbər» 1979-cu ildəki İran İslam İnqilabının əsas şüarıdır.

Nümayişçilərin başqa narazılıq bildirmək forması günün müəyyən vaxtında maşınların işıqlarını yandırıb-söndürməkdir.

MUSƏVİYƏ DƏ TƏZYİQLƏR ARTIR

Mir Hüseyn Musəviyə də təzyiqlər artır. Parlamentin hüquq komitəsinin sədri Əli Şahruxi deyib ki, Musəvinin qeyri-qanuni yürüşlərə çağırması cinayət hərəkətidir.

Musəvinin «Kaleme Sabz» qəzetindən bu gün bildiriblər ki, polis nəşrin 25 jurnalistini tutub.

İndiyə kimi Musəvi öz vebsaytından çağırışlar yayırdı, indi bunu onun həyat yoldaşı Zəhra Rahnavard edir. Onun da ayrıca saytı var və Rahnavard saytında tələb edir ki, bütün tutulanlar buraxılsın.

Bu gün Ayətulla Xameneyi deyib ki, seçki ilə bağlı İran rəhbərliyinə heç kim təzyiq edə bilməyəcək.

Ancaq müşahidəçilər hesab edirlər ki, küçə nümayişləri İranın siyasi, iqtisadi gələcəyi ilə bağlı nəinki cəmiyyətdə, hətta hakimiyyətin öz içində olan dərin fikir ayrılıqlarının təzahürüdür.