«Oğlumu döyüb, sonra da ikinci mərtəbədən atıblar»

Samir Mustafayev
Aprelin 15-də Quba rayonundan hərbi xidmətə çağırılan Samir Mustafayev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının psixiatriya şöbəsinə yerləşdirilib. Səbəb əsgərin fiziki və psixoloji təzyiqdən sonra anlaqsız vəziyyətə düşməsidir.

«MÖHKƏM DÖYÜB, SONRA DA İKİNCİ MƏRTƏBƏDƏN ATIBLAR»

Samirin atası Tahir Mustafayev «Azadlıq» radiosuna deyir ki, oğlunu hərbi xidmətə tamamilə sağlam yola salıb. İndi isə onun bütün sifəti, bədəni tikişlərlə doludur, bir gözü görmür, heç nə anlamır, rabitəsiz danışır:

- Yanına gedəndə bizi tanımırdı. Sol gözü də görmür. Həkimlər dedilər ki, bu beyin travmasının nəticəsidir. Onun başını zərblə divara vurublar. Danışığından heç nə anlamaq mümkün deyil. Rabitəsiz danışır. Eynən ruhi xəstələr kimi.

Tahir Mustafayevin sözlərinə görə, Tovuzda hərbi xidmət keçən oğlunu aprelin 23-də elə orada möhkəm döyüblər, sonra da ikinci mərtəbədən atıblar. Onu öncə Şəmkirdəki, sonra isə Gəncədəki hərbi hospitala aparıblar. Hərbi hissə faktı bir müddət əsgərin ailəsindən gizlədib. Durumun ağırlığını görən Gəncə Hərbi Hospitalının işçiləri iyunun 29-da Samirin Qubada yaşayan ailəsinə zəng vurublar ki, oğlunuzun vəziyyəti kritikdir, özünüzü çatdırın.

Tahir Mustafayev deyir ki, həkimlər ona tibbi ekspertiza keçirildiyini bildirsələr də, hər hansı sənəd verməyiblər. Buna görə də iyulun 3-də faktın araşdırılması və Samirin tibbi ekspertizadan keçirilməsi üçün Hərbi Prokurorluğa müraciət edib.

«18 YAŞLI ÇAVUŞ 24 YAŞLI ƏSGƏRƏ ÇƏKDİYİ SİQARETİN KÖTÜYÜNÜ VERİR Kİ, APAR BUNU AT»


Azərbaycan ordusunda «dedovşina» faktlarının olduğunu hərbi xidmətdən bir il əvvəl qayıtmış Fərid Səlimov da deyir. Onun sözlərinə görə, ən ciddi problemi ali məktəbi bitirəndən sonra hərbi xidmətə yola düşənlər yaşayır. F.Səlimov deyir ki, 18 yaşlı çavuşlar 23-24 yaşlı əsgərlərə əmr edəndə mütləq qalmaqal yaranır:

- Nizamnaməyə görə, əsgərlər kiçik və böyük komandirlərin əmrlərinə tabe olmalıdır. Ancaq orada göstərilmir ki, əsgərlər hansı əmrlərə tabe olmaya bilərlər. Bəzən olur ki, 18 yaşlı çavuş 24 yaşlı əsgərə çəkdiyi siqaretin kötüyünü verir ki, apar bunu at. Hərbi hissə komandirləri isə «dedovşina» məsələsində maraqlıdır. Çünki yaranan kiçik münaqişələr onlar üçün qazanc mənbəyidir. Hər hansı qarşıdurma yarananda onlar əsgərlərin ailələrinə xəbər göndərirlər ki, faktla bağlı cinayət işi qaldırıla bilər. Sonra da əsgər ailələrindən rüşvət alıb faktları ört-basdır edirlər.

MÜDAFİƏ NAZİRLİYİ CAVAB VERMİR, HƏRBİ PROKURORLUQ İSƏ ARAŞDIRMA APARIR

Faktla bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı. Gün boyu nazirliyin mətbuat xidmətinin əməkdaşları nə şəhər, nə də mobil telefonlarına cavab verdilər. Hərbi Prokurorluqdan isə bildirirlər ki, faktla bağlı araşdırma aparılır. Əgər burada cinayət əməli varsa, təqsirkar şəxslər məsuliyyətə cəlb olunacaq.

«ƏSGƏR XİDMƏT ETDİYİ YERDƏ GÜCLÜ PSİXOLOJI SARSINTI KEÇİRİB»

Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, bu faktları cəmiyyətdən gizlətməklə onların qarşısını almaq yox, yalnız sayını artırmaq mümkündür:

- Necə olur əsgər hərbi xidmətə aparılanda anlaqlı olur, 3 gün sonra anlaqsız duruma düşür. Aydındır ki, əsgər xidmət etdiyi yerdə güclü psixoloji sarsıntı keçirib. Bu faktlar araşdırılmayana, məsuliyyət daşıyan şəxslər cəzalandırılmayana qədər təkrar olunacaq. Müdafiə Nazirliyi belə faktları çox ciddi araşdırmalıdır.