İlham Əliyevin Rusiya Dövlət Televiziya kanalının «Vesti v subbotu» verilişinə müsahibəsi

«Vesti» telekanalına müsahibə, 6 iyul 2009

Sual: Hörmətli İlham Heydər oğlu, Dmitri Medvedevlə Sizin imzaladığınız, indiyə qədər misli-bərabəri olmayan müqavilənin əhəmiyyətini çoxları hələ dərk etmir. Uzun illər boyu Azərbaycana qaz satmış Rusiya indi ilk dəfədir ki, Azərbaycandan qaz alır. Bunun mənası nədən ibarətdir və nə üçün hamı razıdır? Dünən Siz çox məmnun görünürdünüz.

İlham Əliyev: Bu saziş, həqiqətən həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına cavab verir. Bizə gəldikdə, bu saziş bizim üçün yeni, böyük bazara çıxmaq imkanı, qaz satışının tamamilə şaxələndirilməsini təmin etmək imkanı deməkdir. Çünki bizim qaz ixracı əvvəldən Qərbə istiqamətlənmişdi və bu gün Azərbaycan qazı artıq dörd ölkəyə satılır. Buna görə də Rusiya bazarına çıxış, əlbəttə, böyük əhəmiyyət kəsb edir. Mən dünən qeyd etdim ki, indiki halda infrastruktur, qaz kəməri artıq mövcuddur. Əlavə investisiyalara ehtiyac yoxdur, tranzit dövlətlər yoxdur, ona görə də tranzit barədə danışıqlarla məşğul olmaq “ləzzətindən” məhrumuq. Rusiyanın cənub regionlarının Azərbaycandan göndərilən qazla təmin edilməsinə ehtiyac var. Çox güman ki, bu, iqtisadi baxımdan Rusiya tərəfi üçün daha sərfəlidir.

Müxbir: Bəli, bu halda bizə Sibirdən qaz kəməri çəkmək lazım olmayacaqdır.

İlham Əliyev: Əlbəttə. Üstəlik, qarşılıqlı faydalı olan yaxşı kommersiya şərtləri də vardır. Buna görə də bu vəziyyətdə hər iki tərəf qazanır və Sizin qeyd etdiyiniz kimi, dünən görüşdə iştirak edənlərin hamısı məmnun idi.

Sual: “Qazprom”un başçısı Aleksey Miller jurnalistlərə məlumat verərkən xüsusi vurğuladı ki, “Qazprom” Azərbaycana çox sərfəli kommersiya şərtləri təklif edir, qazı çox sərfəli qiymətə alır və istehlakın həcmini artırmağa hazırlaşır. Bu o deməkdirmi Nabukko kəmərini doldurmaq üçün potensial imkan olmayacaqdır?

İlham Əliyev: Hələlik bu barədə danışmaq çətindir. Nabukko layihəsinə gəldikdə isə, biz bu məsələ barədə öz mövqeyimizi dəfələrlə bildirmişik. Bu ideya yarananda Azərbaycan təchizatçı kimi nəzərdə tutulmurdu. Azərbaycan tranzit ölkələrdən biri hesab edilirdi. Əsas təchizatçılar başqa ölkələr hesab olunurdu və hələ də belə hesab edilir. Lakin görünür, ilkin təchizatçılarla müəyyən səbəblər üzündən razılıq əldə edilməsində çətinliklər yaranmış və Azərbaycanın artıq böyük həcmdə qaz hasil edən ölkəyə çevrilməsi ilə əlaqədar əlbəttə, bizə də maraq yaranmışdır. Təbii ki, biz qaz potensialımızın tam reallaşdırılmasında maraqlıyıq. Bizim qaz ehtiyatlarımız çox böyükdür. Buna görə də təbii ki, biz yeni ölkələrin bazarlarına çıxmağımıza imkan verəcək layihələri dəstəkləyirik. Lakin biz özümüzün qaz infrastrukturunu artıq yaratmışıq. Onun bir qismi, məsələn, Rusiya ilə bizi əlaqələndirən qaz kəməri sovet dövründən qalmış, bir qismi təzə tikilmişdir. Buna görə də yeni qaz kəmərlərinin tikintisinə sərmayə qoymağımıza heç bir lüzum yoxdur. İndi elə vəziyyət yaranıb ki, istehlakçıların qaza marağı istehsalçıların marağından üstündür. İstehsalçıların qarşısında ciddi problemlər yoxdur, çünki bazar başqa variantları nəzərdən keçirməyə imkan verir. Təbii ki, belə olan halda yeni infrastrukturu istehlakçılar yaratmalıdırlar, onlar sərmayə qoymalı, öz enerji təhlükəsizliyini təmin etməlidirlər.

Müxbir: Necə deyərlər, sizə lazımdır, siz də tikin.

İlham Əliyev: Ümumiyyətlə, belədir. Lap sadə dildə desək, yəqin ki, belədir. Bununla bərabər, əlbəttə, əgər qazın nəqli üçün əlavə vasitələr yaradılsa, bu, bizim yalnız xeyrimizə olacaqdır. Əgər Nabukko qaz kəməri tikilsə və bizə münasib kommersiya şərtləri təklif etsələr, əlbəttə, biz bundan istifadə edəcəyik. Lakin biz bu prosesi başlamaq təşəbbüsünü irəli sürməyəcəyik və onu maliyyələşdirməyəcəyik. Bu, bizim birmənalı mövqeyimizdir. Bu mövqe hamıya – həm Qərbdə, həm Türkiyədə, həm də başqa ölkələrdə olan tərəfdaşlarımıza, bizim qazın potensial alıcılarına məlumdur. Buna görə də dünən imzalanmış müqavilə ikitərəfli xarakter daşıyır. Azərbaycandan Rusiyaya göndəriləcək qaz Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən hasil edilir. Bu, gələn il hasilatının artırılması nəzərdə tutulan “Şahdəniz-1” yatağından çıxarılan qaz ola bilər. Bu, gələcəkdə “Şahdəniz-2” yatağından və başqa yataqlardan çıxarılan qaz da ola bilər. Bizim qazın alıcısı kimi Rusiya üçün bu, yəqin ki, əsas mövzu deyildir. Əsas mövzu təchizatın, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinin etibarlı və uzunmüddətli olmasıdır.

Sual: Hazırda söhbət Azərbaycan qazının Rusiyanın cənubundakı istehlakçılara satışından gedir. Bəs, Siz Rusiya ərazisinə, həm də Azərbaycan qazının oradan Avropaya satışı üçün tranzit ərazi kimi baxırsınızmı?

İlham Əliyev: Mənim bildiyimə görə, Rusiya qanunvericiliyi Rusiya ərazisindən tranzitin mümkünlüyünü nəzərdə tutmur. Biz bu məsələni qaldırmışdıq. Məsələn, Türkiyədə bizə məxsus olan neft-kimya kompleksinin Rusiyadan qaz ala bilməsi üçün svop əməliyyatları məsələsi nəzərdən keçirilmişdir. Bu variant da istisna edilmir. Ona görə də, indiki halda Azərbaycan qazı Rusiya sərhədini keçəndən sonra onun haraya gedəcəyinin bizim üçün ciddi fərqi yoxdur.

Müxbir: Başlıcası odur ki, sərhədi keçərkən yaxşı qiymət ödəsinlər.

İlham Əliyev: Əlbəttə, başlıcası budur. Əsas məsələ uzunmüddətli münasibətlərin etibarlı olması, hər hansı bazar konyunkturunun artıq razılaşdırılmış mövqelərə düzəlişlər etməməsidir. Buna görə də müqavilə öhdəliklərinin etibarlı və uzunmüddətli olması hər bir ölkə üçün, o cümlədən dünyada qazın əsas təchizatçısı olan Rusiya üçün, həm də bizim üçün prioritet məsələdir.

Sual: Axşam danışıqlar başa çatdıqdan sonra Siz Dmitri Anatolyeviç Medvedevlə Xəzər dənizinin dalğalarına tamaşa etməyə getdiniz. Həmin dalğalara baxanda, xüsusən Bakıda keçiriləcək növbəti Ümumxəzər sammiti ərəfəsində ürəyinizdən hansı fikirlər keçirdi? Xəzəryanı dövlətlər öz mövqelərinin razılaşdırılması baxımından çox uzun bir yolun hansı mərhələsindədir?

İlham Əliyev: Bu mənzərə bizim üçün təzə deyil. Biz Xəzər dənizinin mənzərəsinə adət etmişik. Lakin əminəm ki, Bakı sakinlərinin mütləq əksəriyyəti Xəzər dənizinə enerji ehtiyatları mənbəyi kimi və həll edilməsi zəruri olan məsələ kimi baxmır – mən beş Xəzəryanı dövlətin delimitasiyasını nəzərdə tuturam. Biz həmişə bu fikirdə olmuşuq və indi də belə düşünürük. Xəzər dənizi bizim üçün həyat tərzidir, təbiətdir, çimərliklərdir, istirahətdir. Lakin iş elə gətirib ki, Xəzərin enerji ehtiyatları, ekoloji təhlükəsizliyi, Xəzərdə milli sektorların müəyyən edilməsi məsələləri təkcə Xəzəryanı dövlətləri deyil, daha geniş formatda bir sıra başqa ölkələri də narahat edən məsələlərdir. Əlbəttə, biz istərdik ki, Xəzər dənizinin delimitasiyası məsələsinin tam tənzimlənməsinə nail olaq. Bunun üçün yaxşı baza vardır. Mən hesab edirəm ki, bunun üçün zəmin artıq mövcuddur. Məsələn, Azərbaycan və Rusiya, Azərbaycan və Qazaxıstan, Rusiya və Qazaxıstan arasında ikitərəfli sazişlər imzalanmışdır. Bu müqavilələr həm də çoxtərəfli, beştərəfli sazişin əsası olmalıdır.

Müxbir: Türkmənləri və iranlıları da inandırmaq üçün.

İlham Əliyev: Mənim fikrimcə, Rusiya, Qazaxıstan və Azərbaycan öz aralarında bu müqavilələri bağlayarkən beynəlxalq hüquq normalarını, öz milli maraqlarını əsas götürmüşlər. Biz onu əsas götürmüşük ki, Xəzər hər ölkəyə 20 faiz olmaqla deyil, milli sektorlara uyğun bölünməlidir. Əgər belə olsaydı, Rusiya bəlkə də qane olmazdı ki, ona 20 faiz deyil, daha az pay düşür. Buna görə də hər ölkəyə 20 faiz olmaqla bölgü yanaşmasının heç bir əsası yoxdur və bu, sadəcə, məsələni dolaşdırmaq deməkdir. Əlbəttə, mənim fikrimcə, bütün mövqeləri öz aralarında artıq razılaşdırmış, bütün sərhədləri müəyyən etmiş ölkələrin öz mövqelərini müdafiə etməyə daha çox haqqı vardır. Çünki bu mövqe beynəlxalq miqyasda tanınmışdır. İstərdik ki, Xəzər regionundakı bütün ölkələr bu mövqedən çıxış etsinlər. Əlbəttə, hər bir ölkənin öz mövqeyi vardır. Lakin Xəzərin statusunun müəyyən edilməsi məsələsinin uzadılması istər ekoloji təhlükəsizlik baxımından, istərsə də təbii ehtiyatların istifadəsi üçün böyük problem deyildir. Biz öz neftimizin və qazımızın çox hissəsini Xəzərdən çıxarırıq. Xəzərin statusunun tənzimlənməmiş qalması bizə mane olmur. Ancaq istərdik ki, bu mövzu havadan asılı qalmasın, hər hansı spekulyasiyaların mövzusuna çevrilməsin, belə qeyri-müəyyən vəziyyətdə qalmasın.
Bundan əvvəl Tehran sammitində qərara alınmışdır ki, növbəti sammit Bakıda keçiriləcəkdir. Biz həmin sammiti keçirməyə hazırıq. Lakin, əlbəttə bu sammitin sadəcə söhbət edib dağılışmaq üçün görüşə çevrilməməsindən ötrü müəyyən qərarlar hazırlanmalıdır.

Sual: Sizinlə söhbətdə bir mövzudan yan keçə bilməyəcəyəm. Son iki həftə ərzində dünya xəbərlərində bu məsələ ilk sətirlərdə yer tuturdu. Xüsusən də ona görə ki, Sizin iqamətgahın pəncərələrindən Xəzər görünür. Mənim coğrafiyadan bildiyimə görə, Siz İran tərəfə baxırsınız və etnik azərbaycanlıların təqribən dörddə üç hissəsi də Azərbaycan Respublikasında deyil, məhz İranda yaşayır. Azərbaycan rəhbərliyinin fikrincə, Tehranda baş vermiş son dramatik hadisələr, ümumiyyətlə seçkilərdən sonra İranda vəziyyət necə qiymətləndirilir?

İlham Əliyev: Bilirsinizmi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bizim bütün ölkələrlə, o cümlədən və yəqin ki, ilk növbədə, qonşu ölkələrlə münasibətlərimiz mehriban qonşuluq, dostluq və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır. Müstəqillik dövrünün ilk iki ili istisna olmaqla, bütün bu müddət ərzində biz həmişə bu qızıl qaydaya əməl etmişik. Bu, qonşularla münasibətlərimizi həmin ölkələrdə hakimiyyətin və idarəetmənin hansı strukturunun mövcudluğundan asılı olmayaraq, məhz qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq əsasında qurmağa imkan vermişdir. Diqqət yetirsək, həm keçmiş SSRİ məkanında, həm də bizim regionda idarəetmə mexanizmlərinin tamamilə müxtəlif olduğunu görərik. Buna görə də biz İranda seçkilərlə əlaqədar məsələləri bu ölkənin daxili işi hesab edirik. Onlar özləri heç kəsin məsləhəti və müdaxiləsi olmadan bu məsələni daha yaxşı ayırd edərlər.

Sual: Bakılı tanışlarım İran radiosunda son günlərdə səslənən verilişlərin məzmununu mənə söyləyiblər. İran öz növbəsində, Azərbaycanın daxili həyatının bəzi məqamlarına ciddi maraq göstərir. Məsələn, Dmitri Anatolyeviç Medvedevin Bakıya səfəri ərəfəsində Siz burada İsrail Prezidentini qəbul edirdiniz. Əhalisinin əksəriyyəti müsəlman olan bir ölkə üçün bu, çox qeyri-adi haldır. Ümumiyyətlə, Siz bu cür çoxvektorlu siyasəti necə qurursunuz?

İlham Əliyev: Biz həmin siyasəti çoxvektorlu hesab etmirik. Bəzən bu siyasətə bir qədər tarazlaşdırılmış çoxvektorluluq çalarları gətirilir. Bəlkə də kənardan baxanda belə görünür, lakin bizim üçün bu, təbii prosesdir. Fikrimcə, Azərbaycanın timsalında çoxları yəqin edə bilər ki, bir-biri ilə, yumşaq desək, dostluq etməyən ölkələrlə yaxşı münasibətlər qurmaq tamamilə mümkündür. Lakin bu bizim problem deyildir. Əgər bizim tərəfdaşlarımızın və dostlarımızın öz aralarında problemləri varsa, biz həmişə onu əsas götürmüşük ki, Azərbaycan həmin ölkələrin öz münasibətlərini ayırd edəcəyi yerə çevrilməməlidir. Müəyyən dövrdə bu cür meyillər olmuşdur və öz aralarında problemləri olan ölkələr Azərbaycanın bu və ya digər ölkə ilə nə üçün yaxşı münasibət yaratmasına qısqanclıqla yanaşırdılar. Lakin regionda bizim mövqeyimiz möhkəmləndikcə, hamıya aydın olmuşdur ki, Azərbaycan özünü təmin edə bilən ölkədir. Hətta iqtisadi böhran da göstərdi ki, biz yardımlardan, bəxşişlərdən, ianələrdən asılı deyilik...

Müxbir: Mənim bildiyimə görə, Azərbaycanın milli valyutası manatın məzənnəsi elə əvvəlki kimidir.

İlham Əliyev: Bəli, tamamilə doğrudur. İqtisadiyyat inkişaf edir. Bu ilin ilk beş ayı ərzində ÜDM 4,5 faiz, qeyri-neft sahəsində isə 6 faizdən çox artmışdır. Buna görə də artıq başa düşürlər ki, bizim işlərimizə qarışmasalar yaxşıdır. Əlbəttə, bəzi narazılıq amilləri ola bilər. Bizim də narazılığımız ola bilər. Lakin Azərbaycan ərazisinin işğalını davam etdirən ölkənin prezidentini İranda ən yaxşı dost kimi qəbul edəndə biz ki, buna etirazımızı bildirmirik. Biz buna tamamilə adi yanaşırıq. Bu, İranın daxili işidir. Müsəlman dövlətlərinin rəhbərləri Ermənistana rəsmi səfərlər edəndə və həmin ölkə ilə dostluq və qardaşlıq haqqında bəyanatlar verəndə də eyni cür. Biz belə hallara hər hansı əsəbi jestlərlə münasibət bildirmirik. Buna görə də təbii ki, biz də özümüzə eyni münasibət tələb edirik.
Sizin dediyiniz məqamlar və müəyyən narazılıq halları o qədər aşağı səviyyədə ifadə olunmuşdur ki, bunu araşdırmağa ehtiyac qalmamışdır. Heç bir dövlətin rəsmi strukturları bununla əlaqədar bizə heç bir mesaj göndərməmişdir.

Sual: Siz Ermənistanın adını çəkdiniz. Bu, təbii haldır. Dmitri Medvedevlə birgə bəyanat zamanı Siz Rusiyanın vasitəçiliyi ilə Sankt-Peterburqda Ermənistan prezidenti ilə son görüşünüzün nəticələrini çox yüksək qiymətləndirdiniz. Rusiyanın vasitəçiliyi ilə Ermənistanla münasibətlər barədə Sizdə nikbinlik doğuran konkret amil nədən ibarətdir?

İlham Əliyev: Mənim dediklərim məhz danışıqlar prosesinin bugünkü vəziyyətini və Rusiyanın rolunu tam əks etdirir. Tənzimləmənin vasitəçilərindən biri kimi Rusiyanın rolunun nə qədər səmərəli olduğunu görürük. Moskvada imzalanmış, problemin həlli yollarını müəyyənləşdirən və beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq təşkilatların qərarlarına əsaslanan bəyannamə buna misaldır. Dünən Dmitri Anatolyeviç də bu barədə danışdı. Ermənistan və Azərbaycan prezidentləri arasında Rusiyada görüşlərin təşkil edilməsi də bu qəbildəndir. Son bir ildə iki görüş istisna olmaqla, qalan görüşlərin hamısı Rusiya ərazisində keçmişdir və biz Rusiyada bir daha görüşmək barədə yeni təklif almışıq. Rusiya Prezidentinin iştirak etdiyi ötən görüş də çox səmərəli olmuşdur. Yəni biz, hər halda, Azərbaycanda aydın görürük ki, Rusiya tərəfi münaqişə tərəflərinin razılığa gəlməsinə həqiqətən kömək etmək istəyir. Müəyyən nəticələr də vardır, çünki danışıqlar prosesi mürəkkəb olsa da, biz düzgün istiqamətdə irəliləyirik.

Sual: Danışıqların məxfiliyini açıqlamamaq şərti ilə nə deyə bilərdiniz? Normallaşmanın başlanması üçün oriyentir nə ola bilər?

İlham Əliyev: Siz müddətləri nəzərdə tutursunuz, yoxsa mahiyyəti?

Müxbir: Mahiyyəti.

İlham Əliyev: Mahiyyət etibarilə razılıq əldə edilmişdir ki, işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına başlanmalı, hazırda Dağlıq Qarabağda yaşayan vətəndaşların və işğal edilmiş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıdacaq, milliyyətcə azərbaycanlı olan vətəndaşların da təhlükəsizliyinə beynəlxalq zəmanət təmin edilməlidir. Biz hesab edirik ki, indiki halda siyasi zəmanətlər hərbi və ya hər hansı sülhməramlı zəmanətlərdən qat-qat sanballıdır. Söhbət ondan gedir ki, biz Dağlıq Qarabağda yaşayanların işğal edilmiş yeddi rayonun hamısı qaytarılandan sonra Dağlıq Qarabağın Ermənistandan coğrafi mənada yenidən təcrid edilə biləcəyindən narahat olduqlarını başa düşürük, Dağlıq Qarabağın Ermənistanla heç vaxt əlaqəsi olmayıb. Buna görə də biz hazırda orada yaşayanların narahatlığını başa düşürük və yerüstü əlaqə məsələsini konstruktivlik və beynəlxalq normalar ruhunda nəzərdən keçirməyə hazırıq, bu əlaqə etibarlı olmalı, narahatlığa əsas verməməlidir.
Biz qarşı tərəfin narahatlığının səbəblərini başa düşürük. Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə isə, bu, gələcəyin işidir. Bu gün bizim müzakirə etdiyimiz, qəbul etdiyimiz və razılaşdırdığımız təkliflərdə status məsələsi yoxdur. Əgər mövqelərin razılaşdırılması üçün bu mövzu yenidən ilkin şərt kimi irəli sürülərsə, biz heç nəyə nail olmayacağıq. Buna görə də real həyatda olanları başa düşmək lazımdır. Əlbəttə, biz Dağlıq Qarabağın müstəqil dövlət kimi mövcud olmasını mümkün hesab etmirik və Azərbaycan heç vaxt buna razılıq verməyəcəkdir. Bizə belə gəlir ki, erməni tərəfi bunu başa düşür. Eyni zamanda, erməni tərəfi hesab edir ki, Dağlıq Qarabağda hazırda mövcud olan özünüidarə səviyyəsi saxlanılmalıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud idi. Vilayətin rəhbərliyində, vilayət bürosunda cəmi bir nəfər azərbaycanlı var idi, qalanları erməni idi. Həmin azərbaycanlı da əhalisinin 90 faizi azərbaycanlılar olan Şuşa şəhərinin rəhbəri idi. Bu gün həmin ərazinin gələcək fəaliyyəti məsələsini nəzərdən keçirərkən çox uzağa getməməliyik. Bu gün biz münaqişənin nəticələrini aradan qaldırmalı, işğala son qoymalı, bütün millətlərdən olan vətəndaşların təhlükəsizliyini təmin etməli, bundan sonra bütün kommunikasiyaları açmalıyıq. Bundan sonra barışıq baş tuta bilər. Axı, həm Azərbaycanda, həm də Ermənistanda azərbaycanlılar və ermənilər yaşamışdır və heç bir ciddi problem yox idi. Yəni barışıq baş tutmalıdır. Biz daim müharibə vəziyyətində yaşaya bilmərik və biz hərbi potensialımızı artırmağımıza baxmayaraq, müharibə istəmirik. Bu onun nəticəsidir ki, atəşkəs elan ediləndən sonra 15 il müddətində tənzimləməyə nail ola bilməmişik. Bizim yanaşmamız bundan ibarətdir. Zənnimcə, əgər Ermənistan tərəfi siyasi iradə göstərsə və hər bir halda atmalı olduğu addımları atsa, işğal edilmiş bütün ərazilərdən çıxsa, azərbaycanlılar Şuşaya, Dağlıq Qarabağa qayıdandan sonra gələcəkdə biz təbii ki, statusun müəyyən edilməsi məsələsini də müzakirə edəcəyik. Əlbəttə, Dağlıq Qarabağın müəyyən statusu olmalıdır. Biz bunu başa düşürük. Lakin bir daha deyirəm, biz həmin statusu suveren Azərbaycan dövlətindən kənarda təsəvvür etmirik. Zənnimcə, işğal edilmiş ərazilər azad olunandan sonra danışıqlar prosesi daha konstruktiv ola bilər.

Sual: Bununla əlaqədar mənim əlavə bir sualım var. Siz prioritetləri müddətlər üzrə sadalayanda bütün ərazilər haqqında məsələni birdən-birə qaldırırsınız, yoxsa məsələn, əvvəlcə hazırda ermənilərin hərbi nəzarəti altında olan sırf Azərbaycan rayonlarından başlamağı, sonra isə Dağlıq Qarabağ məsələsini qaldırmağı nəzərdə tutursunuz?

İlham Əliyev: Düzdür, belə bir xronologiya vardır. O, Minsk qrupunun həmsədrlərinin təkliflərində də mövcuddur. Hətta söhbət Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal edilmiş ərazilərdəki erməni qoşunlarının mərhələlər üzrə oradan çıxarılmasından gedir. Yəni sazişlər imzalandıqdan dərhal sonra birinci mərhələdə qoşunların beş rayondan çıxarılması nəzərdə tutulur. Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Kəlbəcər və Laçın rayonlarından erməni silahlı qüvvələrinin çıxarılmasını məhz həmin rayonların coğrafi şəraiti nəzərə alınmaqla, saziş qüvvəyə minəndən beş il sonra təmin etmək nəzərdə tutulur. Bizim fikrimizcə, bu, kompromis müddətdir və yəqin ki, həmin zonada daha artıq təhlükəsizlik tədbirləri təmin edilməlidir ki, hər iki tərəfin sülhsevər xarakterinə heç kəsin şübhəsi olmasın. Lakin erməni silahlı qüvvələrinin eyni vaxtda bütün yeddi rayondan çıxarılması hər hansı başqa amillərlə əsla bağlı deyildir və Minsk qrupunun təkliflərində bu məqam dəqiq göstərilmişdir. Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə isə, birinci mərhələdə müvəqqəti status mexanizmi razılaşdırıla bilər, qəti status məsələsi isə tərəflər bu barədə razılığa gələndən sonra həll ediləcəkdir. Bunun üçün ola bilsin bir il, ola bilsin on il, ola bilsin yüz il vaxt lazım gələcək, bəlkə də heç vaxt mümkün olmayacaqdır. Bunu zaman göstərər.

Sual: İlham Heydər oğlu, toxunmaq istədiyim sonuncu mövzu onunla əlaqədardır ki, Dmitri Medvedevlə Sizin görüşünüz Barak Obamanın Moskvaya səfərindən cəmi bir neçə gün əvvəl baş tutmuşdur. Özü də Azərbaycan ərazisində yerləşən Rusiya hərbi obyektindən – Qəbələ RLS-dən ümumdünya raketdənmüdafiə sistemi yaradılması üçün istifadə edilməsi və raketdənmüdafiə barədə Moskvanın amerikalılara hələ inişil təklif etdiyi məsələ Amerika və Rusiya nümayəndə heyətlərinin danışıqlar masası üzərindədir. Bu məsələ barədə Azərbaycanın mövqeyi necədir? Bu barədə Rusiya ilə Amerika arasında ehtimal edilən sazişlərə Sizin münasibətiniz necə olacaq?

İlham Əliyev: Qeyd etdiyiniz kimi, bu, təzə məsələ deyildir. Əvvəllər də ortaya çıxmışdı. O vaxt bu barədə bizə müraciətlər olanda biz bunu...

Müxbir: O vaxt Siz dərhal razılaşmışdınız.

İlham Əliyev: ... müsbət qarşıladıq. Bəli, yəni biz bu mövzunu bir növ müzakirə etməyə razılaşmışdıq. Amerika və Rusiya nümayəndələri arasında danışıqlar aparılmış, hətta rusiyalı və amerikalı mütəxəssislərdən ibarət birgə qrup Qəbələ stansiyasına səfər etmişdi. Ona görə də indiki halda biz bu məsələyə beynəlxalq təhlükəsizliyin çox mühüm problemini həll etməyə imkan verən bir proses kimi yanaşırıq. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında imzalanmış sazişdə dəqiq göstərilmişdir ki, stansiyanın idarə edilməsi ilə bağlı hər hansı dəyişikliklər və ya hər hansı əlavə addımlar Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Bu stansiya bizim mülkiyyətimizdir. Təbii ki, stansiyanın fəaliyyətinin hər hansı yeni formatı Azərbaycanın iştirakı olmadan qeyri-mümkündür. Yadınızdadırsa, müəyyən mərhələdə bu mövzuda söhbətlər səngimişdi. Təbii ki, bu səngimədən sonra biz həmin məsələni qaldıra bilməzdik. Əgər bu gün ona yenidən maraq yaranarsa və bu mövzu ciddi müzakirə edilərsə, onda əlbəttə, biz öz sözümüzü deyəcəyik, lakin bunu lazımi məqamda edəcəyik.

Əgər Rusiya və Amerika qlobal beynəlxalq təhlükəsizlik məsələləri barədə razılığa gəlsələr, buna mane olmaq fikrimiz yoxdur. Təbii ki, bu halda Azərbaycan həmin prosesin tərkib hissəsi olacaqdır. Biz həm də qlobal beynəlxalq təhlükəsizliyin təmin edilməsi prosesinin tərkib hissəsi olacağıq və təbii ki, vaxtı gələndə bizim maraqlarımızla əlaqədar müəyyən şərtlər də irəli sürəcəyik.

Müxbir:
Çox sağ olun.