Avropa Birliyinin Qafqazdakı prioriteti

Avropa Birliyinə hazırda İsveç sədrlik edir

Avropa Birliyi «üçlüyünün» 3 gününü Gürcüstanda, cəmi 6 saatını Azərbaycan və Ermənistanda keçirməyi planlaşdırması birliyin bu regionda prioritetinin hansı ölkə olduğunu anlamağı asanlaşdırır.

SƏFƏR ŞAM YEMƏYİ İLƏ BAŞLAYACAQ

İsveçin Xarici işlər naziri Karl Bildt iyulun 16-da öz bloquna yazıb ki, səfər Batumidə şam yeməyilə başlayacaq. Ev sahibliyini isə Gürcüstan prezidenti Mixail Saakaşvili edəcək. Saakaşvili «üçlüyü» Batumidəki yay iqamətgahında qalmağa dəvət edib. Bildti səfərdə AB-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi və sabiq çex diplomat, hazırda isə Avropa Komissiyasının yüksək rütbəli rəsmisi Karel Kovanda müşayiət edəcək.

Bildt deyib ki, sabahkı günlərini ölkənin müxtəlif yerlərində monitorinq aparan Avropa Birliyinin müşahidə missiyası ilə keçirəcəklər.

Brüsseldəki diplomatlar deyir ki, marşrutları Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya ilə həmsərhəd Zuqdidi və Odzizi kəndlərindən də çox güman ki keçəcək. Avropa Birliyi nümayəndələri Rusiyanın işğal etdiyi Perevi kəndinə də getməyə cəhd edə bilər.

Hazırda Gürcüstanda beynəlxalq müşahidə missiyalarından yalnız Avropa Birliyininki qalır. ATƏT və BMT-nin missiyaları ötən ay öz fəaliyyətini başa çatdırıb Gürcüstanı tərk ediblər.

Ancaq Birlik Tbilisidə sanki minalanmış vəziyyətdədir. Çünki o Abxaziya və Cənubi Osetiyanı «əlçatan etməyə» çalışır, separatçı regionları da əhatəsinə almaq və müşahidə aparmağa cəhd edir. Həqiqət odur ki, Avropa Birliyinin bir tərəfdən Tbilisi, digər tərəfdən Suximi və Sxinvalidə insanlar arasında əlaqə yaratmaq, barışığı sürətləndirən layihələri həyata keçirmək ambisiyaları məhduddur. Ancaq bu ruslar və separatçı hökumət arasında birbaşa əlaqələri labüd edəcək.

İndi Tbilisi rəhbərliyi Karl Bildti və onu müşayiət edənlərə təzyiq göstərəcək ki, məhdud marşrut üzrə hərəkət etsinlər, separatçı rejimlərin rəhbərliyi ilə əlaqələri minimuma salsınlar və Gürcüstanın işğal altında olan ərazilərlə bağlı qanununa hörmətlə yanaşsınlar.

İsveçin Xarici işlər naziri Karl Bildt
Qeyri-rəsmi olaraq Avropa Birliyi rəsmiləri bu qanundakı bəzi məhdudiyyətlərin lazımsız maneə olduğunu düşünürlər.

«DAXİLİ DİALOQ»

Piter Semnebi Cenevrədə Rusiya-Gürcüstan danışıqları ilə bağlı hesabat hazırlayır. Gözlənilir ki, hesabatda separatçı Abxaziya və Cənubi Osetiya ilə humanitar və bərpa məsələlərinə dair məhdud əlaqələr tövsiyə oluna, həmçinin yerli əhali və QHT arasında münasibətlər dəstəklənəcək.

Avropa Birliyi «üçlüyünün» gündəliyində dayanan digər məsələ Gürcüstan hökuməti ilə müxalifət partiyaları arasında «daxili dialoqa» yardım etməkdir. Müxalifət bu yaxınlarda hökumətin 3 qanunda dəyişiklik etmək planından qəzəblidir. Bu planda gələcəkdə keçiriləcək nümayişlər və qanun pozmaya görə cərimənin artırılması nəzərdə tutulur. Müxalifət siyasətçiləri hökumətin bu ölçüsünü «diktatorluğa doğru 3 addım» adlandırır.

Ötən ay Piter Semnebi Brüsseldə Avropa Birliyi səfirlərinə deyib ki, Gürcüstan xalqının hökumətə inamı azdır. Ancaq o indi hökumət və müxalifətin hər ikisinin reallığı daha yaxşı anladığını bildirib. Fikir ayrılıqları qalsa da, diplomatlar inanır ki, səhnə arxasında dialoqlar getməkdədir. Diplomatlar hesab edir ki, hökumət bəzi müxalifət liderlərini nazir postuna təyin etməklə şirnikləndirsə də, bu cəhdlər uğurlu nəticə vermir.

SAAKAŞVİLİ ADMİNİSTRASİYASI İSVEÇİN AB-YƏ SƏDRLİYİNDƏN YARARLANMAĞA ÇALIŞACAQ

Saakaşvili administrasiyası isə İsveçin Avropa Birliyinə növbəti 6 aylıq sədrliyi dövründən yararlanmağa çalışacaq. Gələn ilki sədrlər - İspaniya və Belçika ilə müqayisədə - İsveç Gürcüstanın rəğbət etdiyi ortaqdır. Hər iki tərəf viza sisteminin sadələşdirilməsi barədə sənəd imzalamağa da ümid edir. Gürcüstan həmçinin Avropa Birliyindən iqtisadi dəstək almaq da arzusundadır.

Gürcüstanla müqayisədə Avropa Birliyi bu həftə Azərbaycan və Ermənistana daha az diqqət ayıracaq. Avropa Birliyində xoşagəlməz bir narazılıq yaranıb ki, birliyin nümayəndələri birinci Bakıya ya Yerevana səfər etsinlər.

Dağlıq Qarabağ sülh danışıqları nümayəndə heyətinin bu iki ölkəyə səfəri zamanı əsas müzakirə mövzusu olacaq. Sabah Ermənistan və Azərbaycan prezidentləri Moskvada görüşür və Avropa Birliyi rəsmiləri də həmin görüşdən öz paylarını götürəcəklər.

Avropa Birliyinin Cənubi Qafqazda Gürcüstandan savayı təsiri məhduddur. Azərbaycan öz qaz ehtiyatı və Asiya qazının mümkün tranzit ölkəsi olmaqla, Avropa Birliyi üçün strateji cəhətdən mühüm ölkə olaraq qalır. Ancaq Brüsseldə diplomatlar bunun ən problemi məsələ olduğunu da düşünürlər.