Azərbaycandan niyə gedirlər?

2006-cı ildə paytaxtın mərkəzi küçələrində kimliyi bilinməyən şəxslər Fikrət Hüseynlini döyüb, boğazını kəsib, barmağını sındırmışdılar

«Hər dəfə qəzetdə hansısa məmurlara toxunan yazılarımdan sonra telefonuma gələn hədə dolu zənglərdən bezmişdim. Qənimət Zahidin həbsindən, hakimiyyətin azad sözə total hücumlarından sonra mən məcbur olub Azərbaycandan getdim».

Bu sözləri indi Niderland Krallığında yaşayan jurnalist Fikrət Hüseynli deyir. Fikrət Bakıda «Azadlıq» qəzetində çalışıb. 2006-cı ilin martında axşam saatlarında paytaxtın mərkəzi küçələrində kimliyi bilinməyən şəxslər onu döyüb, boğazını kəsib, barmağını sındırmışdılar. Faktla bağlı cinayət işi qaldırılsa da cinayətin üstü hələ də açılmayıb. Fikrət isə öz sözləri ilə desək, təqiblərdən baş götürüb gedib:

VƏTƏN HARADI?

«Azərbaycanın düşünən beyinləri, vətən üçün, dövlət üçün layiqli insanları bu səbəbdən məcbur olub başqa ölkələrə üz tutur. Sonradan da o insanlar bütün potensiallarını vətən üçün yox, onlara normal yaşamaq, özlərini reallaşdırmaq imkanı verən dövlətlərə xərcləyirlər. Bir cəmiyyət ki, sənə normal yaşamaq şərti, normal təhsil, normal iş, sərbəst düşünmək və onu ifadə etmək imkanı verir insan özünü ona borclu sayır».

Fikrət Hüseynli Niderland Krallığında Azərbaycandan təhsil almağa və işləməyə gələn xeyli şəxs olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanda ictimai ədalətsizlik, insanların özlərini reallaşdırmaq imkanlarının məhdudluğu onların ölkəyə qayıtmaq, Azərbaycan üçün çalışmaq arzularını boğur.

MƏNİM DƏ QƏDRİMİ BİLƏSƏN DEYƏ,
BU CAVAN YAŞIMDA ÖLÜMMÜ İNDİ?

Son bir neçə ildə Azərbaycanı tərk edən qəzetçilər sırasında Müşfiq Həqq də var. Müşfiq indi İstanbuldadır. Yazmağı bütünlüklə tərgitməsə də, dediyinə görə qəzetçilikdən uzaqlaşıb. Şahmat dərsi deyir. Dediyinə görə, ölkəni söz azadlığına davamlı basqılara görə tərk etməyə məcbur olub:

«Azərbaycanda jurnalistika artıq sıxıntı verməyə başladı. Azərbaycanda mühit bir az belə demək mümkünsə, tərs məntiq üzərində qurulub. Orda insan diriykən söyülür, öləndə qiymətə minir. Azərbaycanın zənginləri belə zövq almaq üçün ölkədən kənara gedirlər. Azərbaycanda yaşayıb Azərbaycana xəyanət edən insanlar da var,
Şahvələd Çobanoğlu
Azərbaycandan kənarda olub Azərbaycanın inkişafı üçün bütün gücünü sərf etməyə hazır insanlar da…»

UZUN İLLƏRİN SİYASİ AZADLIQ PROBLEMİ

Siyasi şərhçi Şahvələd Çobanoğlu isə deyir ki, Azərbaycanın yaşadığı bu problem avtoritar rejimli neft ölkələrinin hamısında var. İnsanlar siyasi, sosial, iqtisadi azadlıqları tapdananda ölkədən getməkdən başqa yol tapmırlar:

«İnsanlar Azərbaycanda özlərini tapa bilmir, həyatlarını qura bilmir. Haqları addımbaşı tapdanır. İnsanlar belə bir cəmiyyətdə yaşamaqdansa, hətta daha aşağı işlərlə məşğul olmağa razı olub ölkədən gedirlər. Ölkədə insan haqları tapdanır, ədalət məhkəməsi yoxdur, qanunlara əməl olunmur, ayrı-seçkilik var, elmin, yaradıcılığın inkişafı üçün heç bir zəmin yoxdur. İnsanların öz qabiliyyətlərini reallaşdırmaları üçün gərək arxaları olsun, bunun üçün onlar yalan danışmalıdırlar. İnsanların çoxu bu ölkədə yaltaqlıq yolu ilə yaşamağı qəbul etməyib ölkədən gedirlər».

Rəsmilər isə Azərbaycanda insan haqlarına, söz azadlığına basqılar haqda deyilənləri qəbul etmir. 22 iyul Mətbuat Günü ilə bağlı keçirilən toplantıda Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirmişdi ki, Azərbaycan hökuməti ölkədə azad, peşəkar medianın inkişafında maraqlıdır.