«Onları onsuz da həbs edəcəkdilər…»

Gənc fəallar Adnan Hacızadə və Emin Milli

Erkin Qədirli bloqunda gənc fəalların həbsi ilə bağlı «Turan»a müsahibəsini yerləşdirib. (http://erkin13.blogspot.com/ Bloqçu bildirib ki, gənc fəalların həbsi adi qisas deyil.

«Çox maraqlı proses baş verir ki, bu, cəmiyyətdə hələ bir o qədər də hiss edilmir, çünki əsasən İnternet şəbəkəsində gedir. Müasir dünya belədir ki, öz siyasi əqidəni formalaşdırmaq üçün heç də meydanlarda mitinqlər, manifestasiyalar, qurultaylar keçirmək mütləq deyil. Aydındır ki, ideyalar hər yerə nüfuz edə bilir, onları dayandırmaq, qadağan etmək mümkün deyil və alternativ informasiya axtaran insanlar şəbəkədə birləşirlər. Bizim televiziyamızın və çap KİV-lərinin faydalı informasiya və balanslı təhlil yaymadığını nəzərə alaraq, istənilən informasiya İnternetdən götürülür. Xüsusən, xarici dilləri bilənlər üçün tək «You Toube» kifayətdir ki, bütün dünya verilişlərini izləmək mümkün olsun. Və son 5-6 il ərzində bu proseslər keyfiyyətcə yeni səviyyəyə çıxıb. Belə ki, gənclər virtual dünyadan real aləmə keçirlər, yəni regionları gəzirlər, həmyaşıdları ilə görüşürlər. Leksiyalar, seminarlar və digər tədbirlər zamanı onlar bir-biriləri ilə tanış olur, əlaqələr qurur və birləşirlər.

Uzun müddət buna qeyri-ciddi yanaşıblar, məlum olub ki, bu «şıltaqlıq» vasitəsilə insanlar bir-birində etimad qazanır, siyasi fikirlərini bölüşürlər. Adnan Hacızadə də, Emin Milli də həm şəbəkədə, həm də cəmiyyətdə öz fikirlərini kifayət qədər açıq bildirirdilər».

Yazar qeyd edir ki, hakimiyyətdə elementar vaxt duyğusu yoxdur, o, zamanın içində itib-batıb və müasir templərdən xeyli geriyə qalıb. «O güman edir ki, ölkə daxilində sakitlikdirsə, insanlar öz baxışlarını açıq-aşkar ifadə edə bilmirlərsə, deməli vəziyyət nəzarət altındadır. Gənclərin məsələsində olduğu kimi: onları cəzalandırdılar və ölkə daxilində xüsusi reaksiya olmadı, əvəzində bu, necə beynəlxalq rezonans doğurdu. Bu gün informasiya texnologiyaları harada və kim olursan ol və hakimiyyətin dəyər verdiklərinə – pula, fiziki qüvvəyə, əhalinin dəstəyinə malik olmadan proseslərə təsir etməyə imkan verir. Şəbəkə münasibətləri ona görə cəzbedicidir ki, orada lider, rəhbər yoxdur, hamının bərabər şansları var».

Emin Milli və Adnan Hacızadə barədə digər yazılar
http://ol-az.blogspot.com/2009/07/londonda-gnclrin-hbsin-etiraz-numayisi.html bloqunda gənclərin həbsi ilə əlaqədar Londonda etiraz aksiyası keçirilməsindən yazılır. Etiraz nümayişi Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin binası qarşısında keçirilib.
Tədbirin təşkilatçıları bildiriblər ki, nümayişində məqsəd Emin və Adnanın həbsi ilə razılaşmadıqlarını və bu iki gəncə və Azərbaycanda yaşayan insanlara dəstək nümayiş etdirməkdir. Nümayişdə təxminən 20 nəfər azərbaycanlı və xarici ölkələrin vətəndaşları olan tələbələr iştirak ediblər.

***
Sualları da, cavabları da siyasiləşdirirəm
«Siyasətsiz azadlıq olmur» İlqar Məmmədov öz bloqunda //ilgarmammadov.livejournal.com/ belə yazır. Bloqçu qeyd edir ki, dünyada mənasız söhbətlər məclisləri az deyil. Lakin bu, daha çox iqtisadi, mədəni və siyasi elitanın dar dairəsində ara-sıra görünən mədəni fenomendir. «Mırt onlar üçün işgüzar məsələlərin həlli alətlərindən biridir. Vaxt və məkan çərçivəli mırt onları zənginləşdirir. Bizim isə daimi və bütün təbəqələrin canına hopmuş boşboğazlıq, hamımızı mədəni baxımdan kasıblaşdırır.

Yazar qeyd edir ki, «bir dəfə əlimə hansısa xaricinin biz azərbaycanlılar haqda dostuna yazdığı məktub düşdü. Söhbət neft şirkətinin ofisində işləyən ingilisdilli və rusdilli «qaquliklərdən» gedirdi. Məktubu itirdiyimə təəssüflənirəm. Adam yana-yana yazırdı, elə bil ürəyi ağrıyırdı bizimkilər üçün. Onun təəssüratları eynilə mənim azərbaycandilli, rusdilli və poliqlot məclislərimizdə keçirdiyim hisslərə bərabər idi. Bu adam anlaya bilmirdi: necə olur ki, iş saatlarını da, dost toplantılarını da, dincəlmək vaxtını da bizimkilər «nonsence» söhbətlərə, bir-biri haqda üzünə və arxasınca danışılan zarafatlara sərf edə bilirlər.

Dediyim adət, bizimkilərin tükədici mədəniyyətinin sərsəmliyinin qeyri-maddi aləmə aid sifətidir. Necə ki, xərclərimizin strukturu sağlam deyil – hamı prinsipcə kasıb ola-ola bahalı maşın sürməyə meyllidir – ictimai ünsiyyətimizin də strukturu sağlam deyil – hərə öz həyatının hər anını elitar əyləncənin saniyəsi sanır. İqtisadiyyatda pis tükədici vərdişlərini, həyatımızda isə mırtı qıra bilsək, maddi və mədəni zənginlik özü bizi tapar».
***

Bizim statistika və delfinlər
Bloqçu Natiq Cəfərli Azərbaycan statistikası barədə öz mülahizələrini bölüşərək yazır http://natiqceferli.blog.ru/77624355.html: «Bu gün ölkənin KİV-ləri prezidentin müşavirəsində səslənən statistik göstəriciləri təhlil edir. Çox gülməli rəqəmlərdir... Deyirlər ki, dünyada gəmilərin qəzaya uğraması haqqında statistik məlumatlar var, onlarla adam xilas olunub, yəni onları sahilə çıxarıblar. Ancaq təbii olaraq bununla yanaşı, məhz bu delfinlərin okeanın dərinliyinə neçələrini aparması haqda statistik məlumat yoxdur... Bax, bizim statistika da mənə bu vəziyyəti xatırladır».

Növbəti ağılsızlıq… Azərbaycanda şəkil çəkmək qadağan edilib
Məmmədov Əli adlı bloqçu http://mamedovali.livejournal.com/12909.html yazır ki, küçədə şəkil çəkmək olmaz. «Əmin oldum ki, biz gündən-günə Corc Oruellin 1984-cü ildə «Heyvanıstan» əsərində təsvir etdiyi cəmiyyətə doğru gedirik. Fərdiliyin istənilən ifadəsi və azad fikirlilik məhdudlaşdırılır. Mən başa düşə bilmirəm, tarixi binaların şəklini çəkməkdə təhlükəli nə var...
Mən şübhə etmirəm sabah rok, caz, seks, gülüş, üzün mimik hərəkətləri, cins də qadağan olunacaq... Bax belə cənablar...»

Bloqçunun yerləşdirdiyi bu yazıdan əvvəl www.kultura.az saytı bildirib ki, onlara son bir həftə ərzində 3 məktub daxil olub və oxucular tarixi binaları, ev, peyzajları çəkdiyinə görə polis tərəfindən saxlanıldıqlarını yazıb, fotoaparatın yaddaşındakı rəsmləri silməyi tələb edib.