Avqustun 3-də Naxçıvan hava limanında respublika prezintini, birinci ledi Mehriban Əliyevanı və prezidentin oğlu Heydər Əliyevi Naxçıvan Ali Məclisninin sədri Vasif Talıbov qarşılayıb.
Bundan sonra İlham Əliyev bir sıra obyektlərin açılışını həyata keçirib.
Prezident ilk olaraq Heydər Əliyev adına sarayın açılış mərasimində olub.
Daha sonra «Badamlı» mineral sular istehsalı zavodunun açılışı olub. Bu müəssisədə iki xətt quraşdırılıb qazlı mineral və qazsız saf su xətləri. Zavod hələlik 65 işçi ilə bir növbəli işləyir, gələcəkdə üç növbəli iç rejiminə keçid planlaşdırılır.
Sonra Prezident Naxçıvan Şahmat məktəbinin, müasir standartlara uyğun Doğum Mərkəzinin də açılışlarında iştirak edib.
Əhalinin prezidentlə görüşünə imkan verilməyib. Prezidentin səfəri çərçivəsində açılış etdiyi obyektlərə bir kilometrə yaxın ərazilər təlimatlandırılmış xüsusi şəxslər tərəfindən nəzarətə götürülüb. Vətəndaşlar və avtomobillər həmin əraziyə buraxılmayıb.
Səfəri media nümayəndələrinin izləməsinə də problemlər yaradılıb. Belə ki, «Turan» İA, «Azadlıq» radiosu və RATİ-nin bölgə müxbirlərinin kamera ilə çəkiliş aparmalarına imkan verilməyib. RATİ-nin müxbirinin kamerası əlindən alınaraq çəkilişləri silinib.
AzTV-nin verdiyi xəbərə əsasən İlham Əliyev Naxçıvan-Şərur avtomobil yolunun açılışını həyata keçirib. Bundan sonra prezident şəxsən özü idarə etdiyi avtomaşında Şərura gəlib. Burada yerli sakinlərlə görüşündə prezident maşını hansı sürətlə sürdüyünü deməsə də, yolun keyfiyyətindən razı qaldığını bildirib.
Prezidentin Naxçıvana səfəri avqustun 4-ü də davam edəcək.