BİU TƏRİQƏTÇİLİYƏ QARŞI
- Filialların yaranması qərarı ona görə verilib ki, Azərbaycanda islam dininə maraq göstərənlər hansısa təriqətlərin təsiri altına düşüb ölkə üçün təhlükəyə çevrilməsinlər. Zaqatala şöbəsi yaranana qədər bölgə əhalisi dini təhsil almaq üçün daha çox vəhhabiliyin yayıldığı Rusiyanın cənub bölgələrinə üz tuturdular. Lənkəran, Mingəçevir bölgələrində də gənclər dini təhsil üçün İrana, Səudiyyə Ərəbistanına gedirdilər. Faktlar göstərir ki, bir sıra siyasi partiyaların, dini qurumların xətti ilə dini təhsil adı ilə ölkədən gedənlər orada heç də islami dəyərləri mənimsəmirdilər. Burada söhbət təxminən 5000-ə yaxın Azərbaycan vətəndaşından gedir.
Hacı Sabir Həsənli «Dini etiqad azadlığı haqqında» qanuna son dəyişikliklərin də məhz bu şəxslərə yönəlik olduğunu bildirir. Söhbət xaricdə dini təhsil alan vətəndaşların dini sferada rəhbər vəzifələrə təyin edilməsinə qadağaların qoyulmasından gedir .
PARADOKS
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin başçısı İlqar İbrahimoğlu isə deyir ki, həm xaricdə dini təhsil alanların ölkə içərisində fəaliyyətinin qadağan edilməsi, həm də BİU-nun filiallarının qapadılması paradoks yaradır.
- «Dini etiqad azadlığı haqqında» qanuna görə, Azərbaycandan kənarda təhsil alanların ölkədə dini fəaliyyət göstərməsi yasaqlanıb. Bunu onunla izah edirlər ki, ölkədə islami təhsil almaq mümkündür. O zaman paradoksal durum yaranır. Bir tərəfdən, xaricdə təhsil alanların fəaliyyətinə məhdudiyyət qoyurlar, başqa tərəfdən də İslam Universitetinin şöbələri bağlanır. Bu, çox uğursuz addımdır.
Hacı İlqar deyir ki, məsələnin qəribəliyi ondadır ki, ölkədə islam dininə rəhbərlik edən şəxslər,
BÜTÜN ÖLKƏLƏRDƏ TANINAN BİU-NUN DİPLOMU AZƏRBAYCANDA NİYƏ TANINMIR?
BİU-nun rektoru Hacı Sabir Həsənli onu da deyir ki, şöbələrin bağlanması bu il universitetin qarşılaşdığı tək problem deyil. Təhsil Nazirliyi 20 il fəaliyyət göstərən Bakı İslam Universitetinə bu il fəaliyyət üçün lisenziya da verməyib. Bu isə o deməkdir ki, universitetə bu il qəbul aparılmayıb. Rektorun fikrincə, göstəriş yuxarı dairələrdən gəlib:
- Biz onsuz da qəbulu TQDK-nın keçirdiyi ümumi testlə deyil, daxili testlə aparırdıq. Ancaq BİU-ya lisenziya verilmədiyindən bu il qəbul apara bilməmişik. Təhsil Nazirliyi hələlik bizə gözləməyi məsləhət görür. Əslində, lisenziya almağı biz də çox istəyirik. Çünki lisenziyanın olmaması məzunlarımızın həm elmi fəaliyyətlə məşğul olmasına, həm də əmək bazarında yer tutmasına mane olur. Prezident yanında Ali Attestasiya Komissiyasında bizə davamlı olaraq bildirirlər ki, tələbələrinizin elmi işlərinin təsdiqi mümkün deyil, çünki universitetin adı Təhsil Nazirliyinin siyahısında yoxdur. Paradoksal hal odur ki, bizim diplomlar dünyanın bütün ölkələrində tanınsa da Azərbaycanda tanınmır.
TƏHSİL NAZİRLİYİNİN SUSQUNLUĞU
Təhsil Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmadı. Nazirliyin mətbuat xidmətinin başçısı Bayram Hüseynzadə və Ali məktəblərlə iş idarəsinin müdiri İlham Pirməmmədov dəfələrlə etdiyimiz telefon zənglərinə cavab vermədilər.
Hacı İlqar İbrahimoğlu isə deyir ki, ölkədə islam dini üzrə təhsil verən yeganə ali məktəbə qarşı belə anlaşılmaz münasibət ölkənin dini ictimaiyyətində müsbət qarşılanmır.
BİU rektoru Hacı Sabir Həsənli də bildirir ki, indi ölkə məscidlərinin 85 faizinə onların məzunları başçılıq edir.