MKİ işgəncələrinin hesabatı açıqlanır

ABŞ hərbçisi İraq məhbuslarını döyür

SUDA BOĞMAQLA DİNDİRMƏ


«Əl-Qaidə»nin tutulan 3 rəhbərindən biri olan Naşirini həbsxanada Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) suda boğmaqla dindirirmiş. Bu dindirmə lentə alınıbmış. Ancaq sonradan MKİ bu lenti məhv edib.

Ən azı bir məhbusu divar deşən drellə ifadə verməyə məcbur ediblər.

Bir neçə məhbus həbsxanada ölüb.

Bunlar Amerikanın Ədliyyə Nazirliyinin yeni hesabatındandır. 2002-ci ilin hadisələrinə aid olan hesabat əslində, 2004-cü ildə hazırlanıb. Ancaq hesabat hökumətin də yalnız bəzi üzvlərinə göstərilmişdi.

Araşdırmanın cəmiyyətə açıqlanmasını isə Amerikanın Vətəndaş Azadlıqları Birliyi tələb edib.

Hesabat Buşun prezidentliyi dövründə MKİ-nin dindirmə üsullarının ilk açıq və hələlik tam araşdırmasıdır.

Bu hesabatdan sonra MKİ-ni yeni istintaq gözləyə bilər.

Hesabata görə, terrorda şübhəli bilinən şəxs dindirmə otağına aparılanda ordan atəş səsi gəlirmiş, məhbus da düşünürmüş ki, onu güllələməyə aparırlar. Amerika qanunu məhbusu dərhal öldürməklə hədələməyi qadağan edir.

Bütün bunların hamısı isə ABŞ-ın dindirmə qaydaları haqda qanunlarının pozulmasıdır. Birləşmiş Ştatların İnformasiya azadlığı haqda aktı isə əldə olunan faktları ictimaiyyət üçün əlçatımlı etməyə məcbur edir.

Dik Çeyni
Amerikanın baş prokuroru bu həftə elan etməlidir ki, Buş hökumətinin dindirmə üsullarının istintaqı üzrə xüsusi müstəntiq təyin etsin yoxsa yox.

ÇEYNİNİN MÖVQEYİ

Barak Obama Buş dövrü rəsmilərinin cəzalanmasına meylli deyil, ancaq prezident öz partiyasından olan liberal demokratların təzyiqi altındadır.

Xüsusi müstəntiq məsələsi isə Konqresdə kəskin müqavimətlə qarşılana bilər.

MKİ-nin göstərişi birbaşa aldığı o vaxtkı vitse-prezident Dik Çeyninin işgəncələrə izahı budur ki, ifadə zorakılıqla alınsa da, belə informasiyalar minlərlə insanın həyatını qoruyub. Ancaq Çeyni hələ ki, bu fikrini sübut edən sənədlər təqdim etməyib.

MKİ-nin hazırda yeganə ümidi belə sənədlərədir. Sənədlə göstərilsə ki, doğrudan da böyük terrorun qarşısı alınıb, bəlkə onda işgəncə qalmaqalı zəifləyə bilər.

MKİ işgəncələri haqda məxfi hesabatın cəmiyyətə açıqlanmasına nail olan Vətəndaş Azadlıqları Birliyidir, yəni ictimai təşkilatdır.

Azərbaycanda bu nə vaxt olacaq ki, ictimai təşkilatın tələbi ilə belə sənədlər açıqlanacaq? Məsələn, elə həbsdəki işgəncə hadisələri?