Avropa Yayım İttifaqı (EBU) «Eurovision 2009» yarışmasında erməni mahnısına səs verən azərbaycanlı izləyicilərin təhlükəsizlik qüvvələri tərəfindən dindirilməsi barədə iddialara Azərbaycan hökumətinin cavabını alıb. «Eurovision TV»nin verdiyi xəbərə görə, EBU-nun Azərbaycandakı tərəfdaşı İctimai Televiziya (İTV) azad və ədalətli səsvermə ilə bağlı öhdəliyinə sadiq olduğunu bildirib. İTV-nin EBU-ya bildirdiyinə görə, iki nəfər Milli Təhlükəsizlik Naizrliyinə çağırılsa da, nazirlik bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib. EBU-nun baş direktoru Jan Revillon deyib ki, o, bəyanatları nəzərə alıb. Amma o, onu da qeyd edib ki, öz ölkənin mahnısından başqa istənilən nəğməyə səsvermə azadlığı müsabiqənin təməl daşlarından biridir: «Səsvermə ilə bağlı anonimlik hüququnun hər hansı şəkildə pozulması, yaxud fərdlərin sorğu-suala çəkilməsi tamamilə qəbuledilməzdir». EBU-nun «Eurovision» Mahnı Müsabiqəsinin keçirilməsi üzrə məsul komitəsi – İstinad Qrupu sentyabrın 11-də Osloda keçiriləcək görüşündə məsələni müzakirə edəcək. |