«Son illər müxtəlif yerli hakimiyyət orqanlarının əsassız müdaxilələri nəticəsində məktəblərə məktəb adına yaraşmayan çoxsaylı adamlar daxil olub». Təhsil naziri Misir Mərdanov belə deyib. O bildirib ki, əgər 2008-2009-cu tədris ilində ölkə üzrə müəllimlərin sayı 173 100 nəfər olubsa, 2009-2010-cu tədris ilində onların sayı 3100 nəfər azaldılıb (170.000). Nazir səriştəsiz müəllimlərlə mübarizəni bundan sonra da davam etdirəcəklərini deyib: «Bu işə qarşı çox ciddi mübarizə aparmaq istəyirik. Məktəbə yalnız məktəb üçün yararlı müəllimləri qəbul etmək lazımdır». M.Mərdanov deyib ki, ucqar kənd məktəblərində müəllim çatışmazlığı ilə əlaqədar hökumət proqramına əsasən, 5 il ərzində 6000-dən çox müəllim xüsusi imtiyazlar əsasında bölgələrə göndərilib: «Bu iş demək olar ki, başa çatıb. Bu il 1308 nəfəri biz həmin imtiyazlarla kənd yerləri və ucqar rayonlara göndərmişik». Nazir məktəblərə müəllim qəbuluna ciddi nəzarət etdiklərini də deyib: «Bəlkə də bu, bəzilərini qane etmir, amma biz bu siyasətdə israrlıyıq. Məsələn, Bakıda biz müəllimin üzünü belə görmədən, onun sənədləri əsasında internet vasitəsilə müsabiqə keçiririk və məktəbə qəbul edirik». |