Ayaqqabısını prezidentə atan jurnalist azad edilir

Muntazer əl-Zaidi

BURAXILMASI SABAHA QALDI

Ərəb dünyasında qəhrəman sayılan jurnalist Muntazer əl-Zaidinin azadlığa buraxılması sabaha qalıb. Keçən qış Bağdadda mətbuat konfransı keçirərkən ayaqqabılarını çıxarıb ABŞ prezidenti Corc Buşa atan jurnalistin bu gün azad ediləcəyi gözlənirdi. Amma o, həbsxanadan qardaşına zəng edib deyib ki, onu sabah burxacaqlar.

«Əl-Bağdadiyyə» televiziyasının əməkdaşı olan Muntazer əl-Zaidini xarici ölkənin prezidentini təhqir etmək ittihamı ilə bu ilin fevralında üç il müddətinə azad etmişdilər. Amma həbsdə nümunəvi davranıb deyərək onu vaxtından əvvəl azad etmək qərarına gəliblər.

Keçən il dekabrın 14-də prezident kimi sonuncu dəfə Bağdada gələn Corc Buşun mətbuat konfransında Muntazer əl-Zaidi «bu sənə vida öpüşü olsun, it!» deyib ayaqqabısının birini prezidentə atdı. «Bu da İraqın yetim qalmış uşaqları və dul qadınlarından!» deyərək ikinci ayaqqabısını da Corc Buşa tulladı.

Zarafatla ona atılan ayaqqabının 44 ölçüdə olduğunu deyən prezident Buş zərbədən məharətlə yayınmışdı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Corc Buşa qarşı ayaqqabı hücumu



GƏNC QIZLARDAN BİRİNİ ALSA, CEHİZİ QIZILDAN OLACAQ


Bu hadisə barədə televiziyalarda məlumat veriləndən dərhal sonra Muntazer alal-Zaidi ərəb dünyasında qəhrəmana çevrildi.

Hadisəni televiziyada görən bir fələstinli fermer yaxınlarına tapşırıb ki, jurnalistin qanuni yollarla müdafiəsi üçün lazım olan bütün xərcləri ödəsinlər. 75 yaşlı bu fermer həm də deyib ki, Muntazer onun ailəsindəki gənc qızlardan birini alsa, cehizi qızıldan olacaq.

Qızını ona vermək istəyənlər tək Fələstində deyil, gənc jurnalist İraqın özündən, Morakkoda və ərəblər yaşayan başqa ölkələrdən atalardan təklif alır ki, onların qızları ilə evlənsin. Bunun üçün də bir at yükü qızıl vəd edirlər.

Səudiyyə Ərəbistanından bir nəfər isə onun ayaqqabısına 10 milyon dollar verə biləcəyini deyib.

İndi Muntazer əl-Zaidinin üç bacısı, iki qardaşı və çox sayda fanatı intizarla onun həbsdən çıxacağı anı gözləyirlər.

MUNTAZER ƏL-ZAİDİ DAHA JURNALİST KİMİ ÇALIŞMAQ NİYYƏTİNDƏ DEYİL

Muntazer əl-Zaidinin azad olunması ərəfəsində təkliflər daha da çoxalıb.

Tutulana qədər bir yataq otağı olan mənzildə yaşayan jurnalistə indi işlədiyi «Əl-Ərəbiyyə» televiziyasının rəhbərliyi bir villa alıb, həbsdə olduğu bütün aylarda əməkhaqqını ödəyib. Telekanalın təmsilçisi «Reuters» agentliyinə deyib ki, azadlığa çıxan kimi onun səhiyyə xərclərini də ödəyəcəklər:

- Neçə aylar həbsxanada qalmış həmkarımız və qardaşımız Muntezarın azad olunması olduqca gözəl hadisədir. «Əl-Bağdadiyyə» ona tibbi yardım göstərilməsini təmin edəcək. Burada işləyib-işləməmək isə onun öz seçimidir.

Ailəsi deyir ki, tutularkən və həbsxanada Muntezarı döyüblər. Həkimlər onun bir dişinin, iki qabırğasının və ayağının sındığını, yaralarının hələ də sağalmadığını deyirlər. Qardaşı bildirir ki, o, həbsdən çıxan kimi bir müddət xarici ölkələrdən birində müalicə olunacaq. Ondan sonra isə qayıdıb, İraqda yaşayacaq.

Jurnalistə iri ərəb teleşirkətləri yaxşı maaşlı iş də təklif edirlər. Amma Muntazer əl-Zaidi daha jurnalist kimi çalışmaq niyyətində deyil. Qardaşı bildirir ki, o, öz populyarlığından istifadə edərək bir yetim evi yaradıb, orada uşaqları saxlamaq fikrindədir.