«Donuz qripi» peyvəndləri istifadəyə verilən kimi…

H1N1 virusuna qarşı tədqiqat vaksini, 11 avqust 2009

Gələn ay «donuz qripi» peyvəndləri istifadəyə verilən kimi bəzi insanlar ürək tutmasından və ya iflicdən öləcəklər, bəzi uşaqlarda ürəkkeçmə olacaq və bəzi hamilə qadınlar uşaqlarını itirəcəklər.

Ancaq bu hadisələr heç də peyvəndlə əlaqələndirilməyəcək. Məmurlar artıq bu cür hadisələrə dərhal cavab vermək üçün planlar cızırlar, əsəbi ictimaiyyəti və mövzu ovunda olan jurnalistləri inandırmağa çalışırlar ki, peyvəndlərə məsul deyillər.

Hər il Birləşmiş Ştatlarda 1,1 milyon insanın ürəkkeçmə, 795 mininin iflic, 876 min qadının uşaqdüşmə və 200 min amerikalının ilkin ürəktutması halı baş verir. Rəsmilərin dediyinə görə, bu halların bəziləri qriplə bağlı iynə vurulan saatlarda və ya günlərdə olur.

RƏSMİLƏR HAMİLƏ QADINLARI İNANDIRMAĞA ÇALIŞIRLAR

Rəsmilər xüsusilə xarici təsirlərdən asılı olmayan uşaqdüşmə hallarına görə narahatdırlar, çünki onlar hamilə qadınları inandırırlar ki, ilk peyvənd olunanlar arasında onlar da olmalıdırlar.

«Amerikada hər gün 2400-ə yaxın hamilə qadın uşağını itirir» – bunu «donuz qripi» peyvəndi əməliyyat qrupunun rəhbəri doktor Cey Batler deyir. Onun dediyinə görə, bu cür hallar baş verəcək, amma uşaqdüşmələrinə, eynilə digər baş verəcək hadisələrə səbəb vaksin olmayacaq.

45 milyon amerikalının peyvənd olunduğu 1976-cı il vaksin kampaniyası zamanı Pittsburqun üç yaşlı sakini ölmüşdü. Onlar eyni klinikada iynə vurulandan az sonra vəfat etmişdilər. Alimlər bunu sadəcə təsadüf hesab etsələr də, bəzi məlumatlarda ölümə peyvəndin səbəb olduğu deyilir.

İki ay sonra isə xəbərlər yayıldı ki, peyvənd olunanlar arasında «Guillain-Barre» sindromundan əziyyət çəkənlər var. Həmin insanların bədənlərinin immun sistemləri sinirə təsir edirdi, bu isə keçici və ya daimi iflicə gətirib çıxarır, bəzi hallarda isə ölümlə nəticələnirdi. Bundan sonra məmurlar kampaniyanı dayandırdılar ki, araşdırma aparsınlar. Amma «Guillain-Barre» sindromunun səbəbləri hələ də məlum deyil.

O zaman peyvənd kampaniyasının bərpasına heç ehtiyac da olmadı, çünki «donuz qripi» epidemiyası bir daha üzə çıxmadı.

MƏMURLARIN GÖZÜNÜ DAHA ÇOX QORXUDAN NƏDİR?


İndi isə mütəxəssislər deyirlər ki, 1976-cı il virusu ilə 2009-cu il «donuz qripi» virusu arasında kəskin fərq var. O zaman virus aşkar olunanda heç bir vaksin hazırlanmamışdı və H1N1 virusu milyonlarla insana yoluxmuşdu.

O zaman 45 milyon amerikalını vaksinlə təmin etmək mümkünsüz idi. İndi isə təxminən 100 milyon insana ildə bir dəfə iynə vurulur və hökumət «donuz qripi» vaksininin əksər dozalarını artıq iki dəfə sifariş verib.

Amma bu günü 1976-cı ildən fərqləndirən bir cəhət də var ki, bu məmurların gözünü daha çox qorxudur. O zaman informasiya axını günün 24 saatını zəbt etməmişdi və internet də mövcud deyildi. İndi isə səhiyyə üzrə məmurlar hər an hər bir şayiəyə dərhal cavab verməyə hazır olmalıdırlar. İndi vaksin əleyhinə çıxan fəallar da kifayət qədər gücə malikdirlər.

Belə bir şayiə də gəzirdi ki, Obama administrasiyası «donuz qripi» vaksinini məcburi edəcək. Rəsmilər bu məlumatı təkzib ediblər. Amma bu yaxınlarda vaksini bütün xəstəxana işçiləri üçün məcburi etmək barədə Nyu-Yorkla əldə olunmuş razılaşma bu şayiələri yenidən gündəmə gətirib.