Bakıda kitab mağazalarını barmaqla saymaq olur

90-cı illərə qədər Bakıda 80-ə yaxın kitab mağazası olub
«Əvvəllər kitab almaq üçün şəhərin bu başından o başına getmək problemim olmurdu. Çünki həm kitab mağazaları çox idi, həm də bilirdin ki, filan kitab mağazasından istədiyin kitabı ala biləcəksən. İndi isə kitabı da axtarırsan, üstəlik kitab mağazasını da»...

60 İLDİR HƏR GÜN KİTAB OXUYAN OXUCUNUN QORXUSU

Dilarə Əmirova deyir ki, 60 ildir hər gün kitab oxuyur. Bakıdakı kitab mağazalarının ünvanını isə əzbərdən bilirmiş:

«Ən çox Bakı univermağının yanındakı Kitab Evinə, bir də Qız Qalasının yanındakı kitab mağazasına gedirdim. Günün birində Kitab Evi yoxa çıxdı. Yerində parıldayan bir bina peyda oldu. Ürəyim qopub ayağımın altına düşdü. Sonra bir-bir başqa tanıdığım kitab mağazaları yoxa çıxdı. Birinin yerində gözəllik salonu açdılar, birinin yerində pal-paltar, o birinin yerində ərzaq dükanı. İndi ancaq Qız Qalasının yanındakı kitab mağazasına gedirəm. Hərdən bu dükanın da yoxa çıxacağından qorxuram, özü də çox qorxuram»...

BAKIDA CƏMİ 10 KİTAB MAĞAZASI VAR

Kitab mütəxəssisləri deyir ki, 90-cı illərə qədər Bakıda 80-ə yaxın kitab mağazası olub. Sonra həmin mağazalar bir-bir yoxa çıxıb, ya da iqtisadi vəziyyət onları yoxa çıxmağa məcbur edib. İndi Bakıda Dilarə Əmirovanın tez-tez getdiyi Qız Qalasının yanındakı məşhur kitab mağazası da daxil olmaqla 10-a yaxın kitab mağazası var:

«3 milyona yaxın əhalisi olan Bakı üçün bu çox azdır. Demirəm ki, ərzaq dükanları kimi hər addımbaşı kitab mağazası olmalıdır, ancaq heç olmasa 50-yə yaxın kitab mağazası olmalıdır ki, camaatın da gözü buna alışsın».

«Görürəm ki, gəlir kitaba baxır, ürəyindən almaq keçir, ancaq cibinə uyğun olmadığı üçün ala bilmir»
Bunu kitab almaq üçün tez-tez Bukinistə müraciət edən tələbə Samir Əliyev deyir.

Samirin fikrini «Azərbaycan nəşrləri» jurnalının redaktoru Fazil Kərimli də bölüşür. O deyir ki, kitab biznesini genişləndirmək üçün bu sahəyə dövlətin dəstəyi olmalıdır, telekanallarda kitabların reklamları getməlidir, yeni nəşrlərlə bağlı verilişlər olmalıdır:

«Belədə əvvəllər olduğu kimi, kitab oxuyanların da kitaba marağı artacaq. Kitab oxuyanlar çoxaldıqca kitab mağazalarının da sayı artacaq».

İNDİ NƏŞR OLUNAN KİTABLARIN QİYMƏTİ BAHADIR

Bunu isə özünün kiçik kitab köşkü olan Tamilla Ağayeva deyir. Onun fikrincə, bu kitab alqı-satqısının zəifləməsinə xeyli təsir göstərir:

«Çünki əvvəlki oxucularımızın çoxu yaşlaşıb. Onların da çoxu kasıbdır. Görürəm ki, gəlir kitaba baxır, ürəyindən almaq keçir, ancaq cibinə uyğun olmadığı üçün ala bilmir».

60 ildir bir gününü də kitab oxumadan keçirmədiyini deyən Dilarə Əmirova da kitabların qiymətinin baha olmağından şikayətlənir.

BU DÖVRDƏ 10 QƏPİYƏ KİTAB VAR!

Şəhərdə kitab oxuyanların ən çox müraciət etdiyi Qız Qalasının yanındakı kitab mağazasında isə 10, 20 qəpiyə də kitab almaq olar.
«Qız Qalası» kitab mağazasının müdiri Elman Mustafayev
Kitab həvəskarları deyirlər ki, ən ucuz kitab mağazası olduğu üçün bura tez-tez gəlirlər.

«İKİ ŞEY UCUZ OLMALIDIR – FİZİKİ QİDA ÜÇÜN VACİB OLAN ÇÖRƏK, MƏNƏVİ QİDA ÜÇÜN VACİB OLAN KİTAB»

Bunu 42 ilin kitab mütəxəssisi, «Qız Qalası» kitab mağazasının müdiri Elman Mustafayev deyir. O deyir ki, indi kitablar ona görə bahadır ki, poliqrafik materialların heç biri respublikada istehsal olunmur, hamısı xaricdən gətirilir:

«Ancaq mən düşünürəm ki, adamlar iki şeyi-bir çörəyi, bir də kitabı alanda əziyyət çəkməməlidir. Ona görə çalışıram burdakı kitablar ucuz olsun ki, camaat da ala bilsin».

Elman Mustafayev deyir ki, o, da kitab mağazalarının azalmasını ürəkağrısı ilə izləyib: «ancaq əlimizdən heç nə gəlmədi».

Təsəllisi isə bu kitab mağazasıdır:

«Sevinirəm ki, bu mağazaya gənclər də, yaşlılar da gəlir. Xarici vətəndaşlar bir dəfə burda olanda sonra gedib öz ölkələrində də danışırlar. O gün bir əcnəbi gəlmişdi. Deyir buranı mənə rəfiqəm nişan verib dedi ki, Bakıya gedəndə mütləq Qız Qalasının yaxınlığındakı kitab mağazasına baş çək»...