Azad Fikir Universiteti açılıb

«İnteraktivlik vasitəsilə dialoq mədəniyyətinin artırılmasına çalışacağıq»

Bakıda yeni Universitet fəaliyyətə başlayıb – Azad Fikir Universiteti. Universitetin nə binası var, nə rektoru, nə də bürokratik qaydaları...

AFU layihəsini həyata keçirən OL Azərbaycan Gənclər Hərəkatıdır. Hərəkatın nümayəndəsi Rəşadət Axundov hesab edir ki, bu, Azərbaycan ali təhsil müəssisələrinə alternativdir:

«Biz həm də bunun strukturu vasitəsilə yerli universitetlərə model kimi göstərəcəyik ki, dərsləri fərqli sistemlə də keçmək olar. Bilirsiniz ki, ənənəvi universitetlərdə müəllim gəlir, leksiyanı oxuyur, tələbə qulaq asır. Müəllimi maraqlandırmır ki, tələbə nə deyir, nə maraqlandırır. Biz bu universitet layihəsilə interaktivlik vasitəsilə dialoq mədəniyyətinin artırılmasına çalışacağıq».

AFU-da təhsil bir illikdir. İlk dərs ili artıq başlayıb.

Layihənin koordinatoru Vüqar Salamlı deyir ki, bu universitet dərs demək istəyən insanlarla dərs almaq istəyənlərin bir cəmiyyyətidir:

«İl ərzində 8 istiqamət üzrə mühazirələr planlaşdırırıq. İnsan hüquqları, hüquq, təhsil, cəmiyyət, fəlsəfə, demokratiya, beynəlxalq siyasət. Eyni zamanda, bizdə 6 klub fəaliyyət göstərəcək. Klublar konkret sahə üzrə maraqlanan gənclərin cəmiyyəti olacaq».

«Azad Fikir”lilər bu layihənin nəticəsi olaraq cəmiyyətə konkret təkliflər paketi təqdim etmək fikrindədirlər. Vüqar Salamlı:

«Azərbaycanda gələcəyin təhsil siyasəti necə olmalıdır, gənclər siyasəti necə olmalıdır, xarici siyasət necə olmalıdır...Bununla bağlı gənclərin fikir mübadiləsini aparacağıq, yekunda cəmiyyətə gənclər adından təkliflər vermək istəyirik».

AZAD FİKİR UNİVERSİTETİ REAL UNİVERSİTETƏ ÇEVRİLƏCƏKMİ?

AZAD FİKİR UNİVERSİTETİNƏ NECƏ QƏBUL OLA BİLƏRSİNİZ?

Bu sualların cavabını isə «14-24»-ü bütünlüklə dinlədikdən sonra tapacaqsınız...