Azad cəmiyyət quran prezidenti 3 faiz dəstəkləyir

Viktor Yuşenko

Yanvarın 17-si Ukraynada prezident seçkiləridir. Qlobal Strategiyalar İnstitutunun direktoru Vadim Karasev: «Ukrayna post-sovet dünəni ilə Avropa sabahı arasındadır. Qərbə inteqrasiya bu seçkilərlə 5 il geri düşə bilər».

Reuters: «Bu seçki Avropanın ən pis vəziyyətdə olan iqtisadiyyatlarından birində 5 ildir ki, davam edən qərar vermə iflicinə son qoymalıdır».

YANUKOVİÇ-TİMOŞENKO - 29:19

Əsas namizədlər:

1. Narıncı inqilabın lideri, indiki prezident 55 yaşlı Viktor Yuşenko rəy sorğularında cəmi 3 faiz səs yığır. Ukraynanın ağır iqtisadi vəziyyəti Yuşenkonu prezidentliyə ən real namizədlər sırasından çıxardıb. Prezidentin millətçi siyasəti də geniş dayaq qazanmadı.

Ancaq adının çəkilməsini istəməyən bir Qərb diplomatı «Reuters»ə deyir ki, Yuşenkonun dövründə «Ukrayna MDB ölkələri arasında ən azad ölkə oldu. Burda plüralistik cəmiyyət qurulub. Mətbuat azaddır». Dostları isə hesab edirlər ki, Yuşenko Ukrayna siyasəti üçün çox yumşaq adamdır.

2. Rusdilli regionların və Moskvanın dəstəklədiyi, Rusiyapərəst 59 yaşlı Viktor Yanukoviç. Rəy sorğularında Regionlar Partiyasının lideri Yanukoviç birinci yerdədir - 29 faiz.

Ukraynalı təhlilçi Vladimir Fesenko: «Yanukoviç Moskvanın oyuncağı olmayacaq. Ancaq o, prezident olsa, Moskvanın Yanukoviçə nüfuzu böyük olacaq».

Yanukoviç Yuşenkonun prezidentliyi dövründə yaranan iqtisadi vəziyyəti xaos adlandırır və deyir ki, bu xaosa son qoyacaq. O, Ukraynanın NATO-ya üzvlüyünün əleyhinədir.

3. 48 yaşlı baş nazir, Qərbpərəst Yuliya Timoşenko. Əsas elektoratı Qərbi Ukraynadır. Narıncı inqilabın qeyri-formal lideri olan Timoşenkonu rəyi soruşulanların 19 faizi dəstəkləyir.

Onun rəy sorğularında geridə olmasını təhlilçilər əhəmiyyətsiz hesab edirlər. 2004-cü ildə narıncı inqilab vaxtı Timoşenkonun kütləni ələ alma məharətini görənlər hesab edirlər ki, o, istənilən vaxt vəziyyəti dəyişə bilər.

TİMOŞENKO KİMİ DESƏN UDAR, İQTİSADİYYAT OLMASA

Yanukoviçlə mübarizədə təkbətək qala bilsə, təhlilçilərin çoxu qələbəni Timoşenkoya verir. Timoşenkonun ən böyük problemi iqtisadi vəziyyətin pisləşməsi ola bilər.

İqtisadi vəziyyətə səciyyəvi misal: Yerli pul qrivnanın dəyərdən düşməsini saxlamaq üçün Mərkəzi Bank demək olar ki, hər gün bazara müdaxilə edir və Beynəlxalq Valyuta Fondundan kredit kimi aldığı dollarları satır.

Viktor Yanukoviç və Yuliya Timoşenko
Başqa misal: Beynəlxalq Valyuta Fondu Ukraynaya tövsiyə edib ki, yaxın dövrdə maaşları qaldırmaqdan vaz keçsin.

Maaş qaldırılmayan ölkədə hakimiyyətin prezident seçkilərini udması çox qəliz görünür.

İQTİSADİYYAT YOXSA AZAD CƏMİYYƏT?

Ukraynada bazar ertəsi başlanmış prezident seçkiləri kampaniyasında namizədlərin şanslarını AzadlıqRadiosunun Ukrayna redaksiyasının əməkdaşı Maryana Draç belə şərh edir:

- Yuşenko, bir Qərb diplomatının «Reuters»ə dediyi kimi azad cəmiyyət qurub. Ancaq iqtisadi vəziyyət pisdir. Xalq nəyi seçir?

- Yuşenkonun populyarlığı çox azdır, bir neçə faizdir. Ancaq Yuşenko seçki kampaniyasının gedişinə, siyasi proseslərə təsir eləyə bilər. O bu gün deyib ki, əlindən gələni eləyəcək, təki Ukrayna demokratiya yolundan dönməsin. Yuşenkonun problemi iqtisadi vəziyyətdən başqa, həm də ondadır ki, xalq xaosdan yorulub. Yuşenko ilə baş nazir Timoşenko arasında səlahiyyətlər üstə gedən mübarizə hakimiyyəti iflic eləyib. Ancaq reallıqda Yuşenkonun səlahiyyəti məsələn, keçmiş prezident Kuçmada olan səlahiyyətdən qat-qat azdır.

- Namizədlərin seçki vədlərində fərq nədədir?

- Yanukoviçin əsas vədi odur ki, insanların rifahını yüksəltmək lazımdır. Müxalifətin güclü olduğu parlament belə qanun da qəbul edib.

- Bəs buna baş nazir, indi isə prezidentliyə namizəd Timoşenkonun cavabı nədir?

- Timoşenko hökuməti cavab verir ki, bunlar deklarasiyadır. Bu, gözəl səslənir. Ancaq pul yoxdur.

- Bəs Timoşenkonun vədi nədir?

- Timoşenkonun seçki devizi budur ki, o çalışır. Çalışır ki, vəziyyəti düzəltsin. «O çalışır» şüar kimi hər yerdə səsləndirilir. Ancaq buna müxalifət cavab verir ki, Timoşenko işləyir, xalq isə ac qalır.

- Xarici siyasətdə namizədlərin proqramında fərq nədədir?

- Yanukoviç münasibətlərdə birinci yerə Rusiyanı qoyur, Avropa Birliyi sonra gəlir. Timoşenkoda tərsinədir - əvvəl Qərb, sonra Rusiya.
Maryana Draç
Timoşenko bir vacib tezis də irəli sürür ki, Rusiya ilə konfliktə getmək olmaz.

- Ukrayna ilə Azərbaycanın çox yaxşı münasibətləri və işbirliyi var. Namizədlər arasında Azərbaycan haqda danışan varmı?


- Prezidentliyə bir əsas namizəd də var - 35 yaşlı Arseni Yatsenyuk. Rəy sorğularında təxminən 8 faiz səs yığan, vaxtilə parlamentin sədri olan Yatsenyuk yeni Şərqi Avropa əməkdaşlığı təklif eləyir - Ukrayna Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus kimi ölkələrlə yeni əməkdaşlığa başlanmalıdır, enerji, nəqliyyat, ərzaq və s. kimi sahələrdə işlər əlaqələndirilməlidir. Yatsenyuk ilk dəfədir ki, Avropa Birliyini tənqid eləyir ki, Birlik bu ölkələri bir araya gətirə bilmir.

- Seçkidə sürpriz gözlənilirmi?

- Sürpriz ola bilər. Yeni namizədlər baxımından yox. Ola bilər ki, seçkinin nəticələri mübahisə doğursun, məhkəmələrə müraciət olunsun. Onda Yuşenko prezident kimi qalacaq, məhkəmənin qərarını gözləyəcəklər. Ola bilər, məhkəmələr arasında kimin prezident olması mübahisə doğursun. Müxtəlif məhkəmə instansiyaları müxtəlif namizədləri qalib elan etsinlər.

- Ukrayna parçalana bilərmi?

- Bu, kənardan belə görünə bilər. Regionlar baxımından da Qərbi və Mərkəzi Ukrayna Timoşenkoya səs verə bilər, Şərqi və Cənubi Ukrayna isə Yanukoviçə. Ancaq Ukraynanın parçalanması problemi ciddi deyil.

- Xalq seçkidən nə gözləyir?

- Ukraynada bir fikir var ki, xalqla hakimiyyət arasında parçalanma var. Xalq istəyir ki, yeni prezident hamının, o cümlədən bütün regionların prezidenti olsun.