Büdcə niyə kəsirdə qaldı?

Neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi rəqəmlərin icrasını mümkünsüz etdi

Maliyyə Nazirliyindən Milli Məclisə təqdim olunan hesabatda bildirilir ki, 2009-cu ilin büdcəsi gəlirlər üzrə 20 faiz, xərclər üzrə isə 19 faiz ixtisarla icra olunacaq. Başqa sözlə, bu ilin büdcəsi kəsirlə həyata keçiriləcək.

İqtisadçı Azər Mehtiyev deyir ki, kəsirlər xərclərin bütün istiqamətləri üzrə maddələrinin hamısına aid edilir:

ƏMƏKHAQQI XƏRCLƏRİ 20 FAİZ AZALDILIB

- Çox maraqlıdır ki, qanuna əsasən müdafiə olunmalı xərclər - əməkhaqqı, pensiyalar, sosial müavinətlər üzrə də 19 faiz ixtisarlar nəzərdə tutulub. Təbii, bunun başlıca səbəbi büdcənin neftdən birbaşa asılılığıdır. Neftin qiymətinin ötən ilin sonu - bu ilin ilk aylarında aşağı düşməsi ilə büdcə gəlirləri kəskin şəkildə azaldı. Bütün bunlar da ilin sonunda büdcənin kəsirlə icra olunmasına səbəb oldu.

Büdcə kəsirlə icra olunsa da, dövlətin yeni borclar alacağı gözlənilmir. Çünki büdcə daxilolmalarının az olması ilə yanaşı hökumət xərcləri də azaldır. Əgər xüsusi xərclər tələb olunsa, bunun üçün Dövlət Neft Fonduna müraciət oluna bilər.

BÜDCƏ PROQNOZLARI NEFTƏ GÖRƏ İCRA OLUNMAYIB

İqtisadçı-ekspert Rasim Hüseynovun sözlərinə görə, 2008-ci ildə dünya bazarında neftin qiymətinin 150 dollar olması 2009-cı ilin büdcəsində yüksək rəqəmlər götürülməsinə səbəb oldu. Neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi isə bu rəqəmlərin icrasını mümkünsüz etdi. Buna baxmayaraq, o deyir ki, Azərbaycanın dövlət büdcəsində ciddi ixtisarlar olmayacaq.

Ekspert bildirir ki, səbəb xərclərin gəlirlərdən yarım milyard manat az olmasıdır. Bu üzdən dövlətin ilin sonuna qədər büdcə kəsirlərinə görə borclanacağı gözlənilmir:

- Büdcənin ən böyük problemi neftdən asılılığıdır. Təəssüf ki, neftin qiymətinin uzunmüddətli proqnozlaşdırılması mümkün deyil. Əgər 2010-cu ildə neft gəlirləri çox olacaqsa, mənfəət gəlirləri də artacaq.

EHTİYAT TƏDBİRLƏRİ

Ekspertin fikrincə, builki mənfi tendensiyaları gözə alan hökumət, 2010-cu il büdcəsini olduqca ehtiyatlı hazırlayıb. Rasim Hüseynovun sözlərinə görə, neftin qiymətini büdcədə 45 dollar götürən hökumət bütün xərcləri də eyni ehtiyatlılıqla hesablayıb. Bu səbəbdən ən azı 2010-cu ilin büdcəsinin kəsirlə icra olunacağı gözlənilən deyil.

DÖVLƏT NEFT FONDU XİLASKAR ROLUNDA

Hakim Yeni Azərbaycan Partiyasının orqanı olan «Yeni Azərbaycan» qəzetinin iqtisadçı-yazarı Elbrus Cəfərov isə deyir ki, büdcədəki bütün problemlər Dövlət Neft Fondunun hesabına aradan qaldırılacaq:

- Dövlət Neft Fondundan 2009-cu ildə büdcəyə 1,5 milyard manat vəsait köçürülüb. Əgər söhbət vergi daxilolmalarından gedirsə, iri neft şirkətləri mənfəət neftindən vergiləri ilin sonunda ödəyirlər. Bu vəsaitlər də toplansa, hər hansı kəsirin yaranacağı gözlənilmir.