Nümunəvi məhbusların adı qarşısında qoyulan «quş»...

«Cəzasının üçdə ikisini çəkən məhbusun azadlığa çıxması üçün həmin məhbusun adının qarşısına razılıq mənasını bildirən işarə olmalıdır»

Cəzasının müəyyən hissəsini çəkmiş məhbusların azadlığa çıxması rüşvətlə həll edilir. On illik həbs cəzasının yeddi ilini çəkmiş məhbus Pənah Məmmədovun qohumu Rafiq Məmmədli bu iddianı səsləndirir. Onun dediyinə görə, yaxın qohumu cəzasını çəkdiyi yeddi il müddətində bir dəfə də olsun həbsxana qayda-qanunlarını pozmayıb və elə bu baxımdan da belə qərara gəlib ki, qanunun ona verdiyi hüquqdan istifadə etsin və cəzasının qalan hissəsindən azad olunsun və ya komendatura tipli islah müəssisəsinə köçürülsün:

«Yeddi il ərzində ona hər hansı bir irad tutulmayıb. Onun haqqı var idi ki, cəzasının üçdə ikisini çəkən bir məhbus kimi onun daxili məhkəməyə müraciət etməsi üçün ona müsbət rəy verilsin».

Rafiq Məmmədli deyir ki, o bu məsələnin həlli üçün müxtəlif aidiyyatı orqanlara müraciət edəndə məlum olub ki, bu iş heç də asanlıqla başa gələn məsələ deyil. Cənab Məmmədliyə görə, o bu işlə bağlı Respublika Prokurorluğuna müraciət edəndə də üzə çıxıb ki, cəzasının üçdə ikisini çəkən məhbusun azadlığa çıxması üçün həmin məhbusun adının qarşısına razılıq mənasını bildirən işarə olmalıdır:

«DEDİLƏR Kİ, YALNIZ HƏMİN İDARƏDƏ BU İŞİ DÜZÜB-QOŞACAQLAR»


«Birinci dəfə bizim müraciətimizə mənfi cavab veriləndən sonra mən məsələni araşdırmağa başladım və uzun axtarışlardan sonra mənə Respublika Prokurorluğunun İstintaq İdarəsinə müraciət etməyimi məsləhət gördülər. Dedilər ki, yalnız həmin idarədə bu işi düzüb-qoşacaqlar».

Rafiq Məmmədli deyir ki, o razılıq işarəsini qoyanları axtaranda üzə çıxıb ki, bu razılığın qiyməti üç min manatdan aşağı deyil.

Rafiq Məmmədlinin sözlərinə görə, o bir neçə keçmiş məhbusla da məsələni dəqiqləşdirəndə məlum olub ki, məhbusun nümunəvi davranışı hələ məsələnin həlli deyil. Gərək lazımı yerə tələb olunan pulu çatdırasan. Rafiq Məmmədli deyir ki, bu işlə prokurorluqla yaxın əlaqəsi olan dəllallar məşğul olur. Rafiq Məmmədli hələ bu məbləğin də son olmadığını deyir. Onun sözlərinə görə, həmin razılıqdan sonra məhbus vəkilə və digər yerlərə də təxminən 3 min manata yaxın pul xərcləməlidir.

HÜQUQ MÜDAFİƏÇİSİ BU MƏSƏLƏ BARƏDƏ MƏHBUSLARDAN EŞİDİB

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova isə deyir ki, o da dəfələrlə belə bir məsələnin olması barədə məhbuslardan eşidib. Hüquq müdafiəçisi deyir ki, vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı siyahılar tutulur və həmin siyahılar istintaqı aparan qurumlara göndərilir. Əgər həmin qurumlar məhbusun adının qarşısına müsbət işarəsi, başqa sözlə "quş" qoyursa onda o məhbusun azadlığa çıxma şansı yüksək olur:

«Həmin o müsbət, mənfi işarələr qoyulması tamamilə qanunsuzdur. Qanunvericilikdə göstərilməyib ki, istintaqı aparan orqan hansısa rəy göstərməlidir. Penitensiar sistem sərbəst deyil, o MTN və prokurorluqdan asılı vəziyyətdədir. Çünki istintaqı həmin qurumlar aparır və faktiki olaraq məhkəmədə də dövlət ittihamçısı prokurorluq tərəfindən təyin edilir. Məsələ ittiham üzərində qurulur və ona görə də qeyri-qanuni siyahılar tərtib olunur. Nəticədə penitensiar müəssisə həmin məhbusu özbaşına azad edə bilmir».

«ƏGƏR BELƏ BİR HAL VARSA…»


Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, sözügedən məsələlər cinayət prosessual qanunvericiliklə tənzimlənir. Onun sözlərinə görə, əlavə məhkəmə baxışında iştirak edən prokuror məhkumun nümayəndəsinin təqdim etdiyi sübutlara diqqətlə yanaşır və məhbusların qanunla onlara verilən hüquqlarından istifadəsinə tam şərait yaradılır. Prokurorluq rəsmisi cəzasının müəyyən hissəsini çəkən məhbusların azadlığa çıxması və ya cəza çəkdiyi müəssisənin dəyişdirilməsilə bağlı müraciətləri zamanı məhbusdan hansısa məbləğdə pul tələb edilməsi hallarına inanmır. Eldar Sultanov deyir ki, əgər belə bir hal varsa onda həmin məhbusun yaxınları dərhal prokurorluğa müraciət eləsinlər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov da deyir ki, qüvvədə olan qanunvericiliyə görə, törətdiyi cinayətdən asılı olaraq cəzasının müəyyən hissəsini çəkən məhbus ona verilən hüquqlardan istifadə edib məhkəməyə müraciət edə bilər. Məhbusların azadlığa çıxmasıyla bağlı onların yaxınlarından rüşvət tələb edilməsini Mehman Sadıqov da təkzib edir və bu barədə yayılan məlumatların daha çox şayiə olduğunu deyir.

Milli Təhlükəsizlik Nazirliyində isə deyirlər ki, hansısa məhbusun azadlığa çıxması, kiməsə təqdimat verilməsi və ya kiminsə azadlığa çıxmasına razılıq verilməsi nazirliyin səlahiyyətinə aid bir məsələ deyil.