«Xartiya-2008» insan haqları bəyannaməsinin müəllifi və Çində bu sənədə 303 nəfərə imza atdıra bilmiş Lyu Syaobo Çin hakimiyyətinin qəzəbinə tuş gəlib. Şayiələr yaymaqda, dövlətin əsaslarını sarsıdaraq sosializm sistemini devirməyə cəhddə ittiham olunan Lyu Syaobonun məhkəməsinə hazırlıq gedir. Dekabrın 18-də «Nyu York Taymz» qəzetində bu mövzuda məqalə ilə çıxış edən Conatan Mirski ABŞ-ı bu cəsur dissidentə dəstək verməyə çağırır. Lyu Syaobo hələ 1989-cu ildə Tiananmen meydanı hərəkatında demokratiyanı tələbə hərəkatının əsas şüarına çevirməyə cəhd edib. O vaxt Syaobo tələbələrlə söhbətdə tələb edirdi ki, etiraz nümayişinin əsas şüarı kommunist liderlərin devrilməsi, korrupsiyaya qarşı mübarizə yox, məhz demokratik dəyişikliklər olsun. O vaxt 33 yaşlı Syaobo ABŞ-ın Kolumbiya Universitetində təcrübə keçən ədəbiyyat müəllimi idi. Tiananmen hadisələri başlayanda ABŞ-dakı təcrübəsini yarımçıq qoyan Syaobo Çinə tələsmişdi ki, hərəkatda iştirak etsin. Onun meydanda etdiyi çıxışları tələbələr böyük maraq və diqqətlə qarşılamışdılar. Tiananmen hadisələrindən sonra iki illiyə həbs edilən Syaobo 1990-cı illərdə daha üçillik həbs cəzası almışdı. İndi isə onu 15 illik həbs cəzası gözləyir. Çin hakimiyyətini qəzəbləndirən o olmuşdur ki, «Xartiya 77»ə bənzər «Xartiya-08»in yaranması və yayılmasının əsasını qoyanlardan biri məhz Çin dissidentidir. Sənəddə isə bu fikirlər yer alır: - «Biz söz, mətbuat və akademik təhsil azadlığını universal dəyər elan etməliyik ki, vətəndaşlar məlumatlı şəkildə cəmiyyət üzərində siyasi nəzarəti həyata keçirə bilsin». - «Bu azadlıqlar Mətbuat haqqında Qanunda öz əksini tapmalı, mətbuat üzərindəki siyasi məhdudiyyətlər ləğv edilməlidir». - «Cinayət Məcəlləsində öz əksini tapmış «dövlətin əsaslarını sarsıtmağa yönəlik cinayət» barədə olan müddəalar ləğv edilməlidir». «Xartiya-2008»in müəllifləri daha sonra qeyd edirlər: - «Çin üçün hazırkı çətinliklərdən çıxış yolu cəmiyyəti «ziyalı ağa», «təmiz işləyən dövlət xadimi» anlayışlarına olan inamdan azad edib onu azadlıq, demokratiya və qanunun aliliyi sisteminə doğru yönəltməkdir». Qəzet yazır ki, 1950-ci illərdə Mao Tszedun yazıçıları repressiyaya məruz qoyduqdan bəri Çində söz xüsusi təhlükə hesab edilir. 1975-ci ildə «Çinin böyük xilaskarı» Mao Tszeduna qarşı çıxan gənc qadın – Çjan Çjisin edam edilmişdi. Edam vaxtı qışqıraraq insanlara səslənməsini əngəlləmək üçün onun səs tellərini kəsmişdilər. Qəzet yazır ki, Lyu Syaobonun həbsi Beynəlxalq İnsan Haqları gününə təsadüf etdi. «Wikipedia»nı belə Çinə qarşı davamlı təxribatda suçlayan Çin hökumətindən bu, tamamilə gözlənilən bir şeydir. ABŞ-ın siyasətinə toxunan müəllif yazır ki, təəssüf ki, ABŞ-ın elan etdiyi yeni siyasət indi Çinin əl-qollarını açır. Belə ki, Hillari Klintonun təklif etdiyi yeni xarici siyasi xəttə əsasən, insan haqları daha vacib məsələlərin sırasında arxa plana keçməlidir. Bundan bir qədər əvvəl isə Barak Obama Çindən onun bu ölkəyə səfərini əngəlləyəcəyi hədəsini aldıqdan sonra Dalay Lamanı Ağ Evdə qəbul etməkdən boyun qaçırmışdı. Yekunda qəzet Syaobonun öz həbsindən bir qədər əvvəl dediyi fikirləri sitat gətirir: «Qadağa və qadağaya cavab oyununda insanların ifadə azadlığı meydanı millimetrlərlə genişlənir. İnsanlar nə qədər çox təpki göstərirsə, hökumət bir o qədər geriyə addım atır. İnsanların senzura sərhədlərini sındırıb açıq şəkildə ifadə azadlığını tələb edəcəyi gün isə uzaqda deyil». |