Yenə köhnə karusel...

İqbal Ağazadə

Ümid Partiyasının Naxçıvan bölməsindən AzadlıqRadiosuna bildiriblər ki, Naxçıvan şəhərində seçici fəallığı aşağı olduğu üçün karusel əməliyyatından istifadə edilir:

«Şəhərdə dəstə-dəstə adamlar seçki məntəqələrini dolaşır. Aydındır ki, onlar məntəqələri gəzərək bir neçə dəfə səs verirlər. Bu faktlarla bağlı DSK və MSK-ya informasiya verilib».

NAXÇIVAN SEÇKİ DAİRƏSİNİN SƏDRİ İSƏ BU FAKTLARI TƏKZİB EDİR:

«Heç bir karuseldən söhbət gedə bilməz. Burada hər kəs yalnız öz yerinə səs verir».

Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, hakimiyyət ötən seçkilərdə olduğu kimi budəfəki seçkilərdə də karusel əməliyyatından geniş istifadə edib:

«Hər bir dairədə ciddi qanun pozuntuları baş verib. İlk sırada rəqəmlər şişirdilir. Seçici fəallığı olduqca aşağıdır. MSK-ya verilən sayla «Ümid» Partiyasının hesablamalarından bəlli olur ki, məntəqələrdən MSK-ya verilən rəqəmlər ən azı 2 dəfə şişirdilir. Seçici fəallığı aşağı olduğuna görə karusel əməliyyatından geniş istifadə olunur. Mənzil İstismar Sahələrinin əməkdaşları bu işə cəlb olunub. Çox təəssüf ki, məcburi köçkünləri də «karusel»ə cəlb edirlər.

YENƏ KÖHNƏ TEXNOLOGİYALAR…

Müsavat Partiyası da bu gün məntəqələrdə müşahidə olunan qanun pozuntuları, o sıradan karusel əməliyyatı ilə bağlı bəyanat yayıb. Partiya qeydə alınan saxtakarlıqlarla bağlı MSK-ya müraciət edib.

İsa Qəmbər
Müsavat başqanı İsa Qəmbər də deyir ki, hakimiyyət yenə də ötən seçkilərdəki saxtalaşdırma texnologiyalarından yararlanıb:

«Bu gün baş verənlərdən görünür ki, vətəndaşlar artıq kütləvi şəkildə hakimiyyətin saxtalaşdırma kampaniyasında iştirak etmir. Seçici fəallığının olduqca aşağı olması dediklərimə sübutdur. Bütövlükdə bu, Azərbaycanda müstəqillik dövründə ən biabırçı seçkilərdir. Hakimiyyət Azərbaycandakı seçkiləri sovet dönəmində keçirilən seçkilərə bənzətmək üçün bütün inzibati resurslardan yararlanır».

AzadlıqRadiosunun əməkdaşları da bələdiyyə seçkisində karusel əməliyyatı ilə bağlı bir neçə qanunsuzluğun şahidi olub. Radionun saytında faktla bağlı videogörüntülər yerləşdirilib.

Binəqədi rayonunda məcburi köçkün olan 3 qadın 2 seçki məntəqəsində səs verir və daha bir neçə seçki məntəqəsində səs verəcəklərini bildirir.

Bu fakta ilk reaksiya isə ombudsman Elmira Süleymanovadan gəlib. O, karusel əməliyyatının mümkünsüzlüyünü deyərək, videogörüntünün montaj olduğunu bildirib.

MSK isə hələlik qanun pozuntularına dair partiyalardan gələn şikayətlərin araşdırılması ilə bağlı hər hansı açıqlama verməyib.