Yanvarın 8-də Bakı Apelyasiya Məhkəməsində gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadənin işinə baxılması təxirə salınıb.
Bloqqerlər zərərçəkmiş kimi tanınan şəxslərin məhkəməyə gətirilməsini istəyiblər. Onlar həmin şəxslərin iştirakı olmadan prosesin davam etdirilməsinin əhəmiyyəti olmadığını deyiblər.
Proses yanvarın 22-də davam edəcək.
Birinci instansiya məhkəməsi Emin Millini 2 il yarım, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib.
Bloqqerlər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər, xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Vəkillər bu hökmdən apelyasiya şikayəti veriblər.
Bloqqerlərin işinə ilkin baxış keçirilərkən vəkillər həbs-qətimkan tədbirinin dəyişdirilməsini, bunun müqabilində hər biri üçün 5 min manat girov qoyulmasını istəsələr də, hakim vəsatəti qəbul etməyib.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.