Paris və Londonda bloqqerlərin həbsinə etiraz aksiyaları keçirilib

Londonda etiraz aksiyası, 22 yanvar 2010

Yanvarın 22-də həbsdə olan gənc bloqqerlər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması tələbilə Paris və Londonda aksiyalar keçirilib. Parisdə keçirilən aksiya barədə AzadlıqRadiosunun «İşdən Sonra» verilişinə Fransada yaşayan jurnalist Aqil Xəlil məlumat verib:

AKSİYALAR DAVAMLI OLA BİLƏR

«Biz Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılmasını istəyirik, məhkəmədən və Azərbaycan hökumətindən tələb edirik ki, mediaya basqıları dayandırsınlar və onlar dərhal azadlığa buraxılsınlar. «Sərhədsiz Reportyorlar»ın da fikri budur ki, əgər proseslər belə davam etsə, aksiyalar davamlı olacaq».

«Sərhədsiz Reportyorlar» təşkilatının təşkilatçılığı ilə keçirilən aksiyada 50 nəfərdən çox adam iştirak edib. Etirazçılar aksiyanı Azərbaycanın Fransadakı səfirliyi qarşısında davam etdirmək istəsələr də, asayiş keşikçiləri buna imkan verməyiblər.

Aqil Xəlilin dediyinə görə, bir gün əvvəl isə onlara Azərbaycanın UNESCO-dakı nümayəndəliyindən zəng vurub aksiyanın təxirə salınmasını istəyiblər:

«Onlar bizə dedilər ki, gəlin, sizi biz qəbul eləyək, çünki səfirlikdə heç kim olmayacaq. Amma mən aksiya davam edə-edə səfirliyin pəncərələrindən bütün əməkdaşlar bizə baxırdılar, hətta aksiyanı videolentə də aldılar».

AZƏRBAYCAN SƏFİRLİYİ QARŞISINDA BİR SAATLIQ ETİRAZ


Londonda keçirilən aksiyanın iştirakçılarından Leyla Nəcəfovanın verdiyi məlumata görəsə, Azərbaycan səfirliyi qarşısında baş tutan etiraz mitinqi bir saata yaxın davam edib, amma onlar da səfirlik nümayəndələrilə görüşə bilməyiblər:

«Qapıda duran polis səfirlikdə kimsənin olmadığını bildirdi, amma pəncərədən səfirlik əməkdaşları bizə baxırdılar. Biz öz bəyanatımızı səfirliyin qapısı ağzındakı poçt qutusuna atdıq. Bizim tələblərimiz bloqqerlərin apellyasiya məhkəməsinin ədalətli olmasıdır».

Emin Milli və Adnan Hacızadə ötən ilin noyabrında xuliqanlıq ittihamı ilə müvafiq olaraq, 2,5 və 2 il müddətinə həbs ediliblər. Bloqqerlər onlara qarşı irəli sürülən ittihamla razılaşmırlar. Beynəlxalq hüquq müdafiə təşkilatları da Emin Milli və Adnan Hacızadənin həbsini pisləyib və onların azadlığa buraxılmasını tələb edirlər.