«Məni əlilə çevirən zabitlər niyə cəzalandırılmır?!»

Əkbər Bəşirov

- «Kotyol» çömçəsi ilə arxadan zərbə vurdular, mən huşumu itirdim, yerə yıxıldım.

- Kim vurdu o zərbəni?

- Baş gizir Hüseynov. Ondan sonra hiss elədim ki, məni sürüyürlər. Ayılanda gördüm ki, atıblar yeməkxananın pilləkənlərinə.

Əkbər Bəşirovun 21 yaşı var. O birinci qrup əlildir. Mərkəzi Hərbi Hospitalda beynində iki dəfə əməliyyat aparılıb. Bədəninin sol tərəfi iflicdir. Ayaqları funksiyasını itirib, köməksiz və çəliksiz yeriyə bilmir. Əkbər deyir ki, onu 2008-ci ilin avqust ayında xidmət etdiyi Qaradağ rayonu, Qobustan qəsəbəsindəki N saylı hərbi hissədə zabitlər və həmin zabitlərin əlaltıları olan bir neçə əsgər birləşərək şikəst edib. 11 ay sürücü-əsgər kimi qulluq edən Əkbər xidmətini başa vura bilməyib.

O, ORDU SIRALARINI ŞİKƏST VƏZİYYƏTDƏ YARIMÇIQ TƏRK ETMƏLİ OLUB

Səbəbsə Əkbərin əsgər yoldaşı ilə zarafatlaşması olub. Zabitlər əsas gətiriblər ki, əsgər əsgərlə zarafatlaşa bilməz və bunun ucundan tutaraq onu incitməyə başlayıblar. 2008-ci il avqust ayının 3-də isə o, zarafatına görə əsgər və zabit yoldaşlarına canı ilə cavab verməli olub: «Baş gizir Hüseynov gəldi, başladı məni vəhşicəsinə vurmağa. Sonra gətirdi məni sobanın kənarına.
Əsgərlərin gözü qabağında başladı başımı sobanın qırağına vurmağa. Əynimə geydiyim əsgər kitelimi başıma atıb məni vura-vura yeməkxananın dəhlizinə çıxartdılar. Baş gizir başımın arxasından «kotyol» çömçəsi ilə güclü zərbə vurdu, huşumu itirdim. Hiss elədim ki, məni sürüyürlər».

«SƏNİ BUNDAN DA PİS HALA SALACAĞIQ»

Onu vurub yeməkxananın pilləkənlərinə atıblar ki, guya su içdiyi yerdə yıxılıb, xəsarət alıb.

Hadisə yerinə hərbi hissə komandiri də gəlib: «Hərbi hissə komandiri Rasim Həsənovla Fərman Hüseynov gəldilər, dayandılar başımın üstündə, hədə-qorxu gəldilər ki, bir azdan bura mülki həkim gələcək, ona desən ki, məni vurublar, ondan sonra səni bundan da pis hala salacağıq».

Vəziyyəti ağırlaşan əsgər növbəti dəfə huşunu itirib. Onun 10 saat huşsuz vəziyyətdə qaldığını görən hərbi hissə rəhbərliyi vəziyyətdən narahat olmağa başlayıb. Əsgər Mərkəzi Hərbi Hospitala götürülüb. Ona beynində qansızma və qan laxtalanması diaqnozu qoyulub, beynində iki dəfə cərrahiyyə əməliyyatı aparılıb: «17 gündən sonra Mərkəzi Hospitalda ayıldım».

Əkbərin sözlərinə görə, əvvəlcə onun ehtiyatsızlıqdan yıxılmasını göstərməklə işi ört-basdır etmək istəyiblər. Lakin valideynlərinin ölkənin birinci xanımı Mehriban Əliyevaya yazdıqları şikayətlərdən sonra Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb. Ancaq məsuliyyətə onun zarafat etdiyi əsgər yoldaşı Karmıkovdan başqa heç kəs cəlb olunmayıb. Məhkəmə isə Karmıkova 6 ay şərti cəza kəsib. Əkbərsə bununla razılaşmır:
Ələkbər Məmmədov
«Gözdən pərdə asmaq üçün saxta bir məhkəmə işi atdılar ortalığa ki, yəni bu işə görə məhkəmə oldu».

HƏRBİ HİSSƏLƏRİN QAPILARI KİMLƏRİN ÜZÜNƏ AÇIQDIR?

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov məsələnin kökündə orduya ictimai nəzarətin olmamasının durduğunu deyir:

«Hərbi hissələrin qapıları hər müxbirin, hər təşkilatın üzünə acıq deyil. Hərbi hissə qapıları yalnız bir qrup deputatın üzünə açıqdır. Hansı ki, həmin deputatlar hadisədən hadisəyə hərbi hissəyə gedirlər, guya hərbi hissədə yoxlama aparırlar, sonra da qayıdıb hərbi hissədəki bütün neqativ halları ört-basdır edirlər. Bu isə nə ictimai marağı, nə də hərbçilərin marağını ödəmir».

MÜDAFİƏ NAZİRLİYİ: ƏKBƏR BƏŞİROV YIXILARAQ ZƏDƏ ALIB

Müdafiə Nazirliyi AzadlıqRadiosunun məsələylə bağlı sorğusuna cavabında bildirib ki, əsgər Bəşirov Əkbər 2007-ci ildə hərbi xidmətə çağırılıb. 2008-ci ilin avqust ayının 3-də N saylı hərbi hissənin yeməkxanasının su çənindən su götürərkən yıxılıb və beynindən zədə alıb. Hadisədən bir müddət sonra əsgərin valideyni hərbi hissə komandirinin yanına gələrək oğlunun döyüş tapşırığı yerinə yetirərkən zədə alması barədə arayış istəyib ki, dövlətdən sığorta pulu alsın. Ona belə arayışın verilməsinin mümkünsüz olduğu bildirilib. Bundan sonra əsgərin valideyni oğlunun guya qəsdən şikəst edilməsi barədə müxtəlif instansiyalara şikayət məktubları göndərib. Hadisə dəfələrlə araşdırılıb. Sonuncu dəfə hərbi prokurorluğun əməkdaşları 6 ay istintaq apararaq yekun nəticəyə gəliblər ki, əsgər Əkbər Bəşirov yıxılaraq zədə alıb.

«Bütün hər yerdən əlləri üzüldükdən sonra əsgərin valideynləri mətbuat konfransı keçirmək qərarına gəliblər və orada müxtəlif cür ağlasığmaz yalanlar söyləyiblər. Bildiriblər ki, guya əsgərə gizir Sübhan Əhmədov ağır zərbələr yetirib. Hansı ki, sözügedən hərbi hissədə ümumiyyətlə Sübhan Əhmədov adlı şəxs xidmət etməyib. Bundan başqa Fərman Hüseynovun da məsələdə adı hallanıb. Halbuki Fərman Hüseynov 2008-ci ilin avqustun ayının 3-də hərbi hissədə deyil, Qubada olub və bu istintaq materiallarında da öz əksini tapıb. Həmçinin mətbuat konfransında bildirilib ki, hərbi hissənin komandiri Rasim Həsənov guya əsgəri ayağının altına saldıqdan sonra siqaretinin külünü onun üstünə töküb. Əslində isə Rasim Həsənov ümumiyyətlə siqaret çəkən olmayıb və deyil. Bir sözlə əsgər Bəşirov Əkbər Canbul oğlu barədə deyilən iftiraların heç biri həqiqətə uyğun deyil.» Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.

Əkbər Bəşirovsa deyilənlərlə razılaşmır və iddia edir ki, onu zabit yoldaşları əlil ediblər. Buna görə də cəzalanmalıdırlar.

MÖVZU İLƏ BAĞLI FİKİRLƏRİNİZİ BURADA BİLDİRƏ BİLƏRSİNİZ