Rasət Pirisoyu "FaT(çsc)yə" HEKAYƏ

- London hardadır?

- İngiltərədə.

- Bəs İngiltərə hardadır?

- Avropada…

- Bəs Avropa hardadır?…

Miminin sualı məni hövsələdən çıxardı.

Bu gün səhər biz Səmirə ilə Fatiməni Londona yola salmışdıq. İndi onlar orda - Londonda - yaşayacaqdılar, biz isə burda - Bakıda - ürəyimizi yeyəçəkdik.

Hamımız dolxor idik.

Natiqin belə bir addam atacağını heç birimiz gözləmirdik.

Axı nələri çatmırdı?

Hər şeyləri vardı; evləri, bağları, maşınları, işləri.

Namiqi əvvəl iş yerindən Londona ezamiyyətə göndərdilər.

Bir neçə dəfə getdi, gəldi. Sonra İngiltərədə hardasa təhsil almağa başladı. Bir də onda xəbər tutduq ki, Londonda işə düzəlib.

İngiltərədə yaşamaq qərarını elan edəndə hamımız şoka düşüdük.

Nə illah elədik, xeyri olmadı. «Burda yaşaya bilmirəm» dedi. Nə ata - anası, nə də biz qarşısında duruş gətirə bildik.

Çıxıb getdilər.

İndi Mimi Londonun harada olduğunu soruşmaqla Fatiməgilin harada yaşayacaqlarını dəqiqləşdirmək istəyirdi.

Mimi sualına cavab gözləyirdi.

Mən doğrudan da əsəbləşdim:

- Bu nə sualdar, ə, verirsən?… Necə yəni Avropa haradadır? Avropada harada ola bilər? Avropa elə Avropadadır da …

- Başa düşdüm, hirslənmə… - Sualına cavab ala bilməməsi Mimidə istehza əhvalı oyatdı. - Avropa Avropadadır, İngiltərə İngiltərədə, London da Londondadır… Mən başa düşdüm. Mən başa düşdüm.

Mimi «mən başa düşdüm» cümləsini hansısa melodiyanın gözünə qatıb zümzümə edə - edə çıxıb getdi.

* * *

Mimi altıncı sinifdə oxuyurdu. Fatimə beşinci sinfdə. Hər ikisi eyni məktəbdə təhsil alırdılar.

Bir yerdə böyümüşdülər. Mimi özünü Fatimənin müdafiəçisi hesab edirdi.

Fatimə ilə bağlı hər işə qarşırdı. Fatimənin ata - anasına qoşulub Londona köçməsi Mimiyə əməlli - başlı təsir etmişdi.

- Ana, o qız Fatimənin donundan geyinib

- Hə, mənim balam!

- Ana, sinif yoldaşları Fatiməni məndən soruşurlar. Bilmirəm nə deyim.

- De ki, yaxşıdılar, mənim balam.

- Ana, burda yağış yağanda Londonda da yağış yağır…
-…
Darıxmasını nəzərə almasaq, Fatimənin Londona köçməsinin Mimiyə əməlli - başlı xeyri olmuşdu. Mimi ingilis dilini öyrənməyə başlamışdı.

Mən ingilis dili müəlliminin fəal iştirakı ilə Mimiyə bu beş ildə heç onacan saymağı da öyrədə bilməmişdim. Amma indi Mimi kompüterin qarşısından əl çəkmirdi. Ayrı - ayrı sözləri kompüterdə ingiliscə səsləndirir, sonra da bütün gunu öz - özünə təkrar edirdi.

* * *

- Havar yu, qoca?

Evdə hamı mənə «qoca» deyirdi. Heç bilmirəm, bu adı mənim yaxamdan kim yapışdırdı; Mimi, yoxsa Aysel. Bir də onda xəbər tutdum ki, mən artıq evdəkilər üçün «qoca»yam. Əvvəllər bu ad mənim xoşuma gəlirdi. Sonralar zəhləmi töksə də, mən bu addan yaxamı qurtara bilmədim.

- «Havar yu» nədi?

-Necə yəni, «havar yu» nədir? «Havar yu» həm Londonda, həm İngiltərədə, həm də Avropvda «necəsən?» deməkdir.

Bu, Miminin dilinə düşən ilk ingilis cümləsi idi. Mimi bu cümləni evdəkilərlə məzələnmək üçün öyrənmişdi.

Deyəsən, məzələnməyə məndən başlamışdı.

Mən Mimini həvəsləndirmək üçün ingilis dilində bildiyim bütün sözləri bir nəfəsə təkrar elməyə hazırdım.

-Sənk yu, veri maç, may diyə…

* * *

- Qud moninq, qoca!

- Qud moninq, may diyə.

- Qud moninq, mazə!

- Sabahın xeyir, mənim balam…

Mimi ömründə ilk dəfə idi ki, yuxudan durub bizi salamlayırdı.

- İyzul, qud moninq!

- İyzul nədi, ə? - Miminin salamı müqabilində Aysel döyüşçü pozası aldı.

- Vallah, Aska, sənin adını latın qrafikası ilə yazıb «Promt»a verdim, «Promt» sənin adına ingiliscə «İyzul» dedi

Aysel Miminin nə dediyni uzun müddət dəqiqləşdirə bilmədi. Soruşdu «Promt» nədi? Mən izah edəndən sonra ki, «Promt» ingiliscədən tərcümə edən kompüter proqamıdır, Ayseli od götürdü.

- İyzul, sən özünsən…

* * *

- Qoca, sən bilirsən, Mimi Fatiya sözünü necə tələffüz edir?

- Yox… Necə ki?

Aysel «Fatiyə» sözündəki «t» səsi üzərində dilini br xeyli ora -bura sürüdü, ən nəhayət qəribə bir səs tapıb «t» səsini tələffüz etdi.

Mən Ayselin niyyətini o dəqiqə başa düşdüm.

Aysel Mimidən acıq çıxmaq üçün özünə müttəfiq axtarırdı. Mən Ayseli dilə tutdum. Dedim ki, Miminin hər sözünü söz eləmək lazım deyil. Axı Mimi ingiliscə öyrənir.

Mənim xahişimin Ayselə təsiri olmadı.

- Nədi, o, ingils dilini öyrənir deyə, mənim gül kimi adımı lağa qoymalıdır.
Mən Ayselə acıqlandım.

- Uşaqnan işin olmasın?

- Pah!!!...

Mimini müdafiə etməyim Aselin xətrinə dəydi.

* * *

Mimi doğrudan da Fatiyə sözünü qəribə şəkildə tələffüz etməyə başlamışdı. Miminin tələffüzündə «t» səsi adicə «t» kimi səslənmirdi.

Mimi «s», «ç» «c» səslərini bir yerə yığıb «t» səsinin gözünə elə qatırdı ki, «Fatiyə» sözündəki «t» səsinin içərisində elə bil bapbalaca bir iışq yanırdı.

Ayseldən fərqli olaraq Azərbaycan dilində belə bir səsin olmasına mən sidqi - ürəkdən sevinirdim.

* * *

Axşam yeməyi yeyirdik.

Süfrə başında hələ ki tam sakitlik idi. Bizim anamız stolun ətrafına pərvanə kim dolanır, boşqabın birini götürüb o birini qoyur, əyləşir, qalxır, süfrəyə yeni nəsə əlavə edir, sonra yenidən əyləşirdi.

- Görəsən, indi Londonda saat neçə olar?

Aysel əlüsütü söhbətə qoşuldu:

- Niyə soruşursan?

Mimi Ayselə cavab vermədi.

Mən Mimiyə baxıb gülümsündüm. Anamız da Mimiyə baxıb gülümsündü:

- Mənim balam, Fatimə üçün darıxır.

Mimi bizim Fatimə ilə bağlı atmacalarımızı heç vecinə almırdı, əksinə bu atmacalara özü də böyük həvəslə qoşulurdu.

Mimi də bizə baxıb gülümsündü.

Aysel Mimini sancdı:

- Faaatiiimə yoxxx, Fatma!

Mimi cırnadı:
- Fatma başqa addır, Fatimə başqa ad…

Aysel israr etdi:

- Xeyir aa, hər ikisi enyi addır. Bizdə Fatma deyirlər, ərəblərdə Fatimə…

Mimi bir xeyli gözlərini qıyıb Ayseli süzdü. Aysel də gözlərini uzun müddət Mimidən çəkmədi.

- Nədi, düz demirəm?

Mimi ayağa qalxdı. Ayselə heç nə demədən qapıya doğru yönəldi.

Aysel Miminin arxasınca qışqırdı:

- Hətta bizdə belə bir nağıl da var; «Göyçək Fatma»… - Sonra əlavə etdi:

- Fatma, yatanda şıllaq atma…

Mimi dönüb Ayselə baxdı, yenə də heç nə demədi, qapını örtdü və çıxıb getdi.

Mən Asyelə irad tutudum:

- Düz eləmirsən…

Mən Mimini heç bir vaxt belə görməmişdim. Mimi ola, Aysel ona sataşa, o da durub sakticə otaqdan çıxa. Bu, görünməmiş bir hadisə idi.

Mən birdən - birə hiss etdim ki, Mimi böyüyüb.

Deyəsən, bunu Aysel də hiss etdi. Ona görə də Miminin arxasınca qışqırdı:

- Sənnən daha heç zarafat da eləmək olmur.

* * *

- Qoca, doğrudan «Fatimə» ilə «Fatma» eyni addır.

Evdə hamı yatmaşdı. Mimi ilə mən telefizora baxırdıq. Sabah istirahət günü idi.

Mən etiraf etməli oldum:

- Hə, elədir…

Mimi fikrə getdi.

- Bəs Aysel deyir «Fatimə» ərəb adıdır.

- Hə, ərəb adıdır.

Mimi yenə də bir xeyli susdu.

- Ərəblər Azərbaycan dilində danışır?

Mən Mimini başa düşmədim.

- Yox, Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Ərəb dili isə… - mən ərəb dilinin hansı dil ailəsinə mənsub olduğunu yadıma sala bilmədim: - Ərəb dili isə başqa dil ailəsinə…

- Əgər ərəb dili Azərbayna dili deyilsə, «Fatimə» necə «Fatma» ola bilər?

Mən birdən - birə Miminin hansı söhbəti elədiyini anladım. Mimi «Fatimə» sözünü «Fatma» sözündən qorumaq istəyirdi.

- Axı burda nə var ki? «Fatma», yaxud «Fatimə»… Bu adların hər ikisi mənim xoşuma gəlir.

Ürəiymdə Ayselə bərk hirsələndim. Axı o, uşağı niyə Fatma adından çiyridir.

- Bəs FaT(çsc)iyə hansı dildədəir?

Fatiyə sözünün içərisində bapbalaca bir işıq yanıb söndü.

- FaTiyə də … Azərbaycan dilindədir.

- Yox, qoca, FaT(çsc)iyə Azərbaycan dilində deyil.

- Bəs hansı dildədir?
-…
- Əgər sən belə hesab edirsənsə, Fatiyə rus dilindədir, nəzərinə çatdırm ki, rus dilində «ə» hərfi yoxdur…

Mən əməlli - başlı ibarəli cümlələr qurmağa başlamışdım.

Mimi ləzzətlə gülümsündü:

- FaT(çsc)iyə ingilis dilindədir.

Mən dilxor oldum. Fatma adının da çox gözəl ad olduğuna dair arqumentlər gətirməyə başladım.

- Sən «Göyçək Fatma» nağılını oxumsan? Sən bilirsən o nağıl necə gözəldir?

- Mən «Göyçək Fatma» nağılını oxumaq istəmirəm.

Mən səbəbini soruşdum.

Birdən Miminin üzündə qəribə bir ifadə peyda oldu. Mən bu ifadəni ilk dəfə idi ki Miminin üzündə görürdüm. Amma bu ifadə mənə həddindən artıq tanış gəlirdi.

Mən bu ifadəni harda görmüşdüm?

Aha, yadıma düşdü; Natiqin üzündə…

* * *

…mən Natiqi xeyli dilə tutmuşdum. Natiq susub məni hörmətlə dinləmişdi, sözümü kəsməmişdi və mən söhbəti hərləyib fırlayıb məşhur bir bayatının üzərinə gətirmişdim:

- Qardaşım, atalar deyib ki, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı…

Natiq məhz söhbətin bu yerində başını qaldırıb mənə baxmışdı, üzündə o mübhəm ifadə peyda olmuşdu, sözümü kəsmişdi və demişdi:

- Bağışlayın, Nəsim müəllim, mən yaşamaq istəyirəm…

* * *

Mən allaha yalvarırdım ki, Mimi «Göyçək Fatma» nağılını niyə oxumaq istəmədiyni dilinə gətirməsin.

Amma mən sualı vermişdim, deyəsən Mimi də üz - gözündəki o mübhəm ifadə ilə mənim sualıma cavab axtarırdı.

Mimi əvvəl sakitcə:

- Fatma…- dedi və gülümüsündü, sonra: - Fatma, yatanda şıllaq atma… - deyib mənə baxdı, - Fatı… - dedi və dodaqları əməlli- başlı qaçdı. Xısın - xısın gülməyə başladı.

Miminin xısın - xısın gülməyi məni incitdi. Mənə elə gəldi ki, Miminin xısın-xısın gülməyində həm də məndən nəsə var.

Anladım ki, hardan, nədən və ya kimdən başlmasından asılı olamyaraq, bu gülüş gəlib məndə qurtarır.

Bir istədim Mimiyə acıqlanım.

Amma bu məni qorxutdu. Qorxdum ki, acıqlanmağım Mimini bir az da bu gülüşə doğru qova bilər.

Bunu başa düşəndən sonra məni qəribə bir tənhalıq hissi bürüdü; elə bil Mimi bir azdan durub qonşu otaqdakı çarpayıya deyil, harasa, uzaq bir yerə gedəcəkdi.

Əməlli - başlı qəribsədim.

Hətta Fatimə üçün də burnumun ucu göynədi.

Televizorda hansısa xarici film göstərilirdi. Kanal Rusiya kanalı idi. Baxdığımız film də məni darıxdırdı.

Əlimi atıb pultu Mimidən aldım. Mimi heyrətlə mənə baxdı. Gülüş bircə anlığa dodaqlarında dondu. Mən kanalı Azərbaycana dəyişdim.

Azərbayanın bütün kanalları çal - çağır içindəydi.

Mimi birdən barmağanı ekrana tuşladı:

- Fatışşşş!!!.. - dedi və uğunub getdi.