«Qətlin videosu istintaqda var»

Adil İsmayılov və Qurban Məmmədov

«İstintaqda videogörüntülər var. Söhbət ondan gedir ki, bu görüntüləri niyə televiziyada göstərmirlər?».

Vəkil Adil İsmayılov «İşdən sonra»da general-leytenant Rail Rzayevin qətli barədə danışarkən belə deyib:

- Bu gün Azərbaycanda ən böyük problemlərdən biri informasiya qıtlığıdır. Bu dəqiqə məlumdur ki, Rail Rzayevin işində əli olan cinayətkar onun öldürüldüyü yerdə yerləşən bankların kameralarına düşüb. İstintaqda da bu görüntülər var. Söhbət ondan gedir ki, bu görüntüləri niyə televiziyada göstərmirlər. Birinci arqument kimi deyəcəklər ki, istintaq sirridir. Halbuki bu görüntülər cinayətin açılması üçün əlavə iz verəcəkdi. İkinci arqument deyəcəklər ki, görüntüləri göstərəndən sonra qatil Azərbaycandan qaçacaq. Amma özümüzdə şübhə yaradırıq ki, deməli, sərhədlərimiz qorunmur. Sual ortaya çıxır, niyə bu görüntüləri vermirlər? Deməli, bilirlər ki, bu kimdir.

Proqramın digər qonağı vəkil Qurban Məmmədov isə belə deyib:

- Son 10 -15 ildə açılmayan cinayətlərin ilkin səbəbi siyasi iradə və hüquq-mühafizə orqanlarının rəhbərlərinin marağının olmamasıdır. Vaxtilə Hacı Məmmədovun törətdiyi cinayətlər əsasında onlarla adam həbs edildi. Bəlkə də onda da deyirdilər ki, cinayət açıldı, günahkar adamlar həbs edildilər. Amma Hacı Məmmədov tutulandan sonra məlum oldu ki, bu adamların günahları yox imiş. Bu baxımdan məhkəmədə belə işlərin 90 faizi geri qaytarılmalıdır.

Adil İsmayılov Hacı Məmmədov və Elmar Hüseynov cinayətləri barədə də danışıb:

- Əslində, Hacı Məmmədovun etdiklərinin heç də hamısı gəlib məhkəməyə çıxmadı. O işdə heç bir əlavə yüklənmə olmamışdı. Elmar Hüseynovun işində isə məsələ başqa cürdür. Bu gün istintaq orqanı deyir ki, qatilləri tanıyırıq. Tahir Xubanov, Teymuraz Əliyev və bundan əlavə də daha üç nəfər var ki, onların adı, familiyası istintaq orqanlarına məlumdur. Bu adamların hansı tarixdə Azərbaycana gəlmələri, hansı tarixdə Azərbaycandan getmələri də istintaqa məlumdur. Hadisəni törədəndən sonra səhər saat 6-7 radələrində gediblər Azərbaycandan. Bunların şəkilləri var, məlumatları var, niyə bu adamların şəkilləri verilmir? Bəlkə bu adamların haqqında başqa məlumatlar çıxacaq ortalığa. Bunu etmək mümkündür. Verməyəndə ortaya söhbətlər çıxır ki, deməli, nəsə var burada. Haqlıdırlar da belə düşünməyə.

Qurban Məmmədov isə deyib ki, mübarizə lazımdır. Mübarizədə mütləq həyat var, nəticə var:

- Məsələn, qurbağa ilə kərtənkələ süd qabına düşürlər. Kərtənkələ deyir ki, daha çıxış yoxdur və ayağını buraxır ölür. Qurbağa isə dayanmır, o qədər çapalayır ki, ayağının altında süd bərkiyir çıxır. Mən millətimə qurbağa cəsarəti, qurbağa qeyrəti arzulayıram.

Proqramın sonunda hər iki qonaq qətllərinin səbəbi açılmayan insanların ailələrinə tövsiyələr veriblər.

Adil İsmayılov:

- Bu adamlar zərərçəkən tərəf kimi tanınırlar. Onların hüquqları işin istintaqı yekunlaşanda ortaya çıxır. İndiki vəziyyətdə bircə əlacları odur ki, şikayət etsinlər ki, dövlət bu sahədə tədbirləri gücləndirsin.

Qurban Məmmədov:

- Mən Rail Rzayevin yoldaşına deyirəm ki, o ümid eləməsin ki, qatil çıxacaq. Bu işin zamana ehtiyacı var. O qadın özü bilməsə də, nəvəsi biləcək kimdir babasının qatili. Özünü və uşaqlarını təhlükədən uzaqlaşdırmaq üçün heç cəhd də etməsin maraqlanmağa. Bu, milli problemdi.

PROQRAMI DİNLƏYİN.