Pərviz Cəbrayıl "QƏTL SINAN GECƏ" (Kilkə-1)

Adam, ilboyu ən çalışqan, ən intizamlı işçi olmuşdu; lap barmaqla göstərilən biriydi; və buna görə mükafat alacağını, iş yerinin hesabına ən bahalı sanatoriyalardan birində pulsuz istirahətə göndəriləcəyini hələ on beş gün irəlicədən bilirdi.

Hər şey bir yana, bu sanatoriya məsələsinə işdə qibtə eləməyən tapılmazdı.

Özünüsə artıq günü sabah alacağı pul mükafatı, hələ üstəgəl maaşı da bunun gözünə qatıb verəcəkləri hədsiz sevindirirdi.

Cəmi bir gün sonra qayğılardan quş kimi azad olacağını düşünəndə öz-özünə gülümsəyirdi, aldığı həzzdən gözləri qıyılıb balacalaşır, dodaqları qaçırdı.

Üzünü əbədən düşmədiyi bu halından yığışdırıb adi qaydasına salmaq üçün kədərli bir hadisəni xatırlamaq istəyirdi; hərçənd ki, ömrüncə başqa bir gününün yoxluğuna tamam-kamal əmindi.

Günortadan sonra birdən-birə həyəcanlandı, özünü pis hiss elədi; ürəyi dəlicə çarpdı; əvvəlcə ayaqları, sonra əlləri, sonunda bütün bədəni əsməyə başladı. Təlaşlandı. Canını alan qorxu can sarıdan deyildi; qorxdu ki, birdən, iraq-iraq, nəsə olar, mükafat məsələsi təxirə-zada düşər.

Yavaş-yavaş ilk dəfə keçirdiyi bu hal sovuşub çəkilməyə başlamışdı ki, anidən kiminsə onu çağırdığını eşitdi. İş yoldaşlarına boylandı, otaqdan çıxıb dəhlizdəkilərə zilləndi, sonra həyətə çıxdı...

Ancaq yüz faiz əmindi ki, o "kimsə" hələ də onun adını çağırır; səs də ki, lap aydın gəlirdi; di gəl yiyəsini tapa bilmirdi. Küçədə də bir xeyli gəzib aradı və birdən hiss elədi ki, daha çağıran yoxdu.

Sevinməyə macal tapmamış, başında arı vızıltısına bənzər səs baş qaldırdı. Səs, beynini deşməsin deyə, başından ikiəlli yapışıb sıxdıqca-sıxdı.

Hə qədər sıxdısa da, bu səsi qova bilmədi başından, ancaq ən uzaq keçmişindən bəri huşunda nə vardısa sıxıb suyunu çıxardı, yadındakılar şikəst doğulan körpə gününə düşdü. Az keçmiş vızıltının yerinə başında sözlər dolaşdı - nizamlı, düzümlü:

- Yaşamaq boynuma düşdü -

boynuna göy kartof yemək düşən

kəndlimiz Xubyar kimi...

O, göy kartof yeməkdən öldü,

Mən-yaşamaqdan...

Axıb gələn bu misraları aramsız söləyə-söyləyə özündən ixtiyarsız evə yol aldı.

***

Məhəlləyə çatanda, - burada yol üç yerə şaxələnirdi; onunki orta yoldu - məhəllənin düz ortasından keçir və tən ikiyə bölürdü; yaşadığı ev sağdan ikinciydi, - başını qaldırıb yuxarı baxdı.

İlk gördüyü yolun başı üstündən keçən qaz borusuydu.

- Dünyanın işinə bax e... İki il, gündə də neçə yol nəyinsə altından keçəsən və bu nəsəni görməyəsən!!? - mat-mat fikirləşdi.

Sonra ulduzları gördü. Və axırıncı dəfə nə vaxt gördüyünü yadına salmağa çalışdı. Ha əlləşdisə, bir şey çıxmadı.

Bayaqdan elə yolun ortasında dayanmışdı.

Dodaqaltı bayaqki misraları pıçıldayırdı, gözlərisə hələ də göydəydi.

Yoldan ötənlər bir anlıq ayaq saxlayıb göyə baxır və maraqlı nəsə görməyəndə, gözlərini göydən çəkib onun barələ qalmış gözlərinə, açıq ağzına zilləyir, pıçapıç-pıqqapıqla yollarına düzəlirdilər.

"Hər halda, ulduzlar yaman yavuqlaşıb, - düşündü, - hələ bəlkə, tərkinə minmək də olar..." - Təəccüblə başını yellədi.

Bu vaxt kimsə salam verib keçdi. Kimliyini ayırd eləyincə

adam tini buruldu. Ancaq eləcə, öz-özünə: "Salam, - dedi, - salam və əleykümsalam".

Darvazaya yanaşıb qapını bərk-bərk döyməyə başladı.

Tələsirdi. Qorxurdu ki, misralar yadından çıxar. Birdən ağlına gəldi ki, elə tək yaşayır, min il döysə də açan olmayacaq.

Ciblərini eşələyib açarı, sonra da zorla açar oyuğunu tapıb qapını açdı. Otağa keçib, evə göz gəzdirdi. Çarpayıda uzanan qadını görüb çaşdı. Elə diksindi ki, canında can qalmadı.

Qadının üzü yaman tanış gəldi - lap elə bil bu gün görmüşdü hardasa. Kimliyini, evə necə girdiyini soruşmaq istəyirdi ki, söz lap dodaqlarından qayıtdı və: "Cəhənnəmə, - düşündü, - hər kimdisə, adamdı da, qoy uzansın".

Sonra təzədən otağı gözdən keçirdi. Divarın çat yerlərinə yaşıl lentlə yapışdırdığı şəkillər, şairlərin portretləri qoparılmışdı. Bəzi yerlərdə şəkillərin qırağının lentqarışıq cırılıb qaldığı görünürdü.

Elə bil ev köç üstəydi. Hər şey qablaşdırılıb güncə yığılmışdı. Sevdiyi şairlərin qalın kağızlı portretləri necə gəldi dürgələnib paltar boğçasına dürtülmüşdü. Götürüb baxdı - əzik-üzük olmuşdular. Elə əyilmiş vəziyyətdəcə başını qadına sarı döndərib şairləri niyə bu günə saldığını soruşmaq istədi. Əvəzində:

- Noolub? - soruşdu. Qadın bayaqdan bəri gözünün qıyıyla belə ona baxmadan yerindəcə uzanmışdı. Baxdı və gözləri dörd oldu; adamın üz-gözü əyilib sifətlikdən çıxmışdı. "Noolub?" - o da eyni sualı vermək istədi, di gəl həvəsi gəlmədi, laqeyd-laqeyd: - Hə, - dedi, - nə deyirsən?

- Deyirəm, gözlərin niyə qannan dolub? - adam fağır-fağır dedi və dərhal da düşündü ki, birdən qadın soruşsa ki, bəyəm əvvəl gözümü görmüşdün, bəlkə elə mənim gözüm həmişə qannıdı? - onda nə cavab verəcək? Qadın xeyli susdu. Birdən hönkürtüylə ağlamağa başladı.

- Axı noolub e, noolub? - bir də soruşdu.

Qadın burnunu çəkib tələsmədən: - Bütün bədənim əsir, - dedi, - qolum-qıçım. Noolub? - oğlanın sualını təkrarladı. - Noolacaqdı ki?.. - gözlərini silib, indi də yazıq-yazıq ağlamağa başladı, - noolub - bir də sözü uzatdı, - xozeykan gəlmişdi, deyir ki, iki gün vaxt verirəm, evdən çıxmalısız.

- Bircə bu çatmırdı elə, - ürəyində fikirləşdi. - İndi mən evi hayandan tapım, sənin də bədəninin əsməyindən heç olmaz, - demək istədi, heç nə demədi, iş otağına keçib, elə paltar-palazlı özünü çarpayıya tolazladı.

Bir anlığa ev bazarını, - bazara, hələ qosqoca dörd gün vardı, - evlərini kirayə verənlərin sifətlərini, minnət qoya-qoya üyüdüb-tökmələrini xəyalına gətirdi, qanı it qanına döndü.

Bütün canıyla özünə, öz ağılsızlığına, dünyaya nifrət elədi. Başını əllərilə bərk-bərk sıxıb - elə bil başına hərlənən dünyanı yolundan saxlamaq istəyirdi.

Düşünürdü ki, axı bu qız, bu qadın kimdi ki, ona görə ilişib-qalıb, rahatcana çul-çuxasını götürüb yataqxanada-zadda, lap belə vağzalda gecələməyə gedəmmir?

Çarpayı cırıltısına fikirdən ayıldı.

Qadın yerindən qalxıb güzgünün qabağında durmuşdu. Pis günə qaldığını düşünə-düşünə: - Yenə də çörək almamısan? - dedi və sanki lap çoxdan bəri alışdığı cavabı gözləmədən, - İlahi, belə də zülm olar, Allahın çörəyini almaq da buna çətin gəlir, - deyib mətbəxə keçdi və deyəsən qapını arxasıyca güllə kimi çırpmağıyla bugünkü nitqinə nöqtə qoydu.

Xatırladı ki, səhərdən bəri dilinə bir tikə də çörək dəyməyib, acından ölür. Nəsə istəməyə dili gəlmədi və aclığını yadına saldığına görə, ürəyində qadına söydü.

- Vay dədə, yenə də çörək, yenə də çörək? Day bu çörək almaqdan əzablı şey yoxdu.

Durub bir siqaret yandırdı və külqabını axtara-axtara fikirləşdi ki, onunçün əzabdan başqa nə əzablı deyil ki?

Hə axtardığını unutduğundan, əyilib mizin siyirməsinə baxdı, döşəyinin altını axtardı, axır ki, nəyi axtardığını tapıb: - Külümün qabını neynəyibsən! - qadını səslədi.

Külqabı miz üstə qoyuldu; gül kimi yuyulmuşdu.

Külü çırpıb: - Min dəfə demişəm ki, yuma bunu, yuma! - çımxırdı. Dediyi özünə də qəribə gəldi, qadınsa tərs-tərs baxıb yan otağa keçdi. Bədəni doğrudan-doğruya əsirdi.

SONU BURDA