Ərdəbil məhbusları azadlıq təklifini rədd edib

Rahim Qulami, Vadut Sadati, Bəhruz Əlizadə və Əli Abbasi
«Bir şey eləməmişdi, ana dilinin üstündə tutmuşdular. Deyirlər, siz niyə ana dili istəyirsiniz, elə farsla oturub-durun».

Bu, İranda azərbaycanlıların milli hüquqlarını tələb etdiyi üçün həbs olunanlardan biri - Bəhruz Əlizadənin anası Yektac Saziqardır.
O da bir çox başqa analar kimi, bu Novruzda oğlunu görə bilməyib. Üstəlik, övladının və onunla birgə Ərdəbil zindanında saxlanılan üç milli fəal Vədud Səadəti, Rəhim Qulami və Əli Abbasinin aclıq aksiyası keçirmələri ananın intizarını daha da artırıb.

AZADLIQ TƏKLİFİ


İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası – ADAPP-ın sözçüsü Yaşar Həkkəkpur deyir ki, zindanda olan milli fəallara qarşı təhqir və işgəncələr artır. Məsələn, hazırda Ərdəbil zindanında saxlanılan 4 milli fəal Bəhruz Əlizadədən, Vədud Sədatidən, Rəhim Qulamidən və Əli Abbasidən tələb olunur ki, ana dili istəklərindən peşman olduqlarını yazıb azadlığa çıxsınlar. Fəallarsa təklifi qəbul etməyiblər:

«Ərdəbil zindanında saxlanılan milli fəallar aclıq aksiyasına girəndən sonra ETTELAAT əməkdaşları zindana gələrək fəallardan tövbə məktubu almağa cəhd göstəriblər. Tələb ediblər ki, milli fəallar əməllərindən peşman olduqlarını yazsınlar. Ancaq milli fəallar deyiblər ki, eşikdə nə söz demişiksə, zindanda da sözümüzü tuturuq. İstəklərimiz dəyişməzdir».

MƏHBUSLARA QARŞI AYRI-SEÇKİLİK

Həkkəkpur deyir ki, milli fəalların azadlıq təkliflərindən imtinası zindan rəhbərliyinin qəzəbini daha da artırıb. Novruz bayramı günlərində bayramı ailələri ilə birlikdə keçirmək üçün zindandakı məhbuslar evlərinə buraxılsalar da, bu humanist addım milli fəallara şamil olunmayıb. Ərdəbil zindanında saxlanılan milli fəal Bəhruz Əlizadənin anası Yektac Sazıqar da gileylənir ki, zindan rəhbərliyi məhbus oğluna onunla nə görüşməsinə, nə də telefonla danışmasına imkan vermir. Deyir, dəfələrlə oğlu ilə görüşə gəlsə də, zindan qapısından məyus qayıtmalı olur:

«Behruzun vəziyyəti belədir ki, bizimlə görüşməsinə imkan vermirlər. Telefonlarını kəsirlər».

GÜNBƏGÜN SƏRTLƏŞƏN TƏHQİRLƏR

Ərdəbil zindanındakı dörd fəala qarşı mənəvi işgəncə tətbiq olunduğu da bildirilir.

«Ərdəbil həbsxanasının rəisi zindana gələrək onların başlarını qırxıb, müxtəlif yollarla onları təhqir edib», hüquq müdafiəçisi Həkkəkpur deyir.
ADAPP-ın məlumatına görə, bir müddət əvvəl zindan rəhbərliyi bu fəalları incitmək üçün saxlandıqları kameralara ağır cinayətlər törətmiş məhkumları salmışdılar. Həmin məhkumlar milli fəalları döymüşdülər.

Təhqirlərə qarşı çıxan milli fəallar martın 13-dən aclığa başlayıblar. Zindan rəhbərliyi məhbuslara qarşı münasibəti bir qədər yumşaltdıqdan və onların hüquqlarının təminatı ilə bağlı üzərinə bəzi öhdəliklər götürəndən sonra - martın 20-də milli fəallar aclığı dayandırıblar.

«DEYİRLƏR ELƏ FARSLARLA OTURUB-DURUN»


Dörd fəaldan biri - Əli Abbasi 2006-cı ildən Ərdəbil zindanındadır. Əli Abbasi həmin ildə Azərbaycana gəlib-getdikdən sonra İranın xüsusi xidmət orqanları onu həbs edib, Azərbaycanın xeyrinə casusluq etməkdə təqsirləndiriblər. Abbasinin həbs müddəti gələn ay başa çatacaq.

Bəhruz Əlizadə, Vədud Səadati və Rəhim Qulami isə ötən il həbs olunublar. Tutularkən ilk ittihamları İran dövlətçiliyinin əleyhinə çıxmaq və Azərbaycan milli hərəkatı yaratmaq olub. Sonradan ittihamları yüngülləşdirilib və ötən ilin oktyabr ayında bir il müddətinə azadlıqdan məhrum ediliblər. Bəhruz Əlizadənin anası Yektac Sazıqar deyir ki, 21 yaşlı oğlunun yeganə günahı ana dilini sevməsi və tələb etməsidir:

«Bir şey eləməmişdi, ana dilinin üstündə tutmuşdular. Deyirlər, siz niyə ana dili istəyirsiniz, elə farsla oturub-durun».