Siyasi məhbusları müdafiə edənlərin hansı problemləri var?

Xalid Ağəliyev
«Azərbaycanda söz azadlığına olan basqıların aradan qalxması üçün cəmiyyətin təpkisi vacibdir».

Bunu «İşdən sonra»da Media Hüquqları İnstitutunun proqram koordinatoru Xalid Ağəliyev deyib.

Mərkəzi Londonda yerləşən İfadə Azadlığı İndeksi təşkilatı 10-cu mükafat təqdimatını keçirəcək. Mükafatda nominasiyalara üç azərbaycanlı layiq görülüb: Rəşid Hacılı, Emin Milli və Adnan Hacızadə. Bəs siyasi məhbus kimi tanınan adamları qoruyan hüquqşünaslar hansı problemlərlə üzləşir?

- Azərbaycanda medianın durumun ilə bağlı dünyanın əksər nüfuzlu qurumlarında kifayət qədər dolğun informasiya var. Azərbaycanda ötən müddətdə elə bir məhkəmə təcrübəsi formalaşmayıb ki, jurnalisti müdafiə etsin. Siyasi baxışlarına görə, təzyiqlərə məruz qalan bir neçə təşkilat var ki, bu sahədə çalışırlar, amma onların səyləri basqıları aradan qaldırmaq üçün kifayət etmir. Bunun üçün cəmiyyətin təpkisi lazımdır. Cəmiyyət bu işdə iştirak etməlidir.

Hüquqşünas Elçin Sadıqov isə deyir ki, yeganə yol Avropa Məhkəməsidir:

- Nə qədər ifşa olunmaqlarına baxmayaraq, məhkəmələr siyasi sifarişin xarakterinə uyğun qərar çıxarırlar. Bizim yeganə yolumuz qalır Avropa İnsan Haqları Məhkəməsinə. Məhkəməni udmaq o vaxt uduş hesab olunar ki, bizim məhkəmələr söz azadlığı məsələsini başa düşərlər.
Arzu Abdullayeva
Qanunu bilən hakim qanunsuzluq etməz.

Hüquq müdafiəçisi Arzu Abdullayeva isə hesab edir ki, əvvəllər vəziyyət daha yaxşı idi:

- İşimiz çətinləşir, çünki əvvəllər - Heydər Əliyevin vaxtında vicdan məhbusu kimi kimsə tanınmışdısa, bir müddətdən sonra o insan azadlığa buraxılırdı. İndi Eynulla Fətullayev, bloqqerlər, Qənimət Zahid hamısı beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Ancaq biz o tendensiyanı görmürük ki, bu vicdan məhbusudur, Azərbaycan dünyada biabır olunur, azad olunmalıdır. Digər çətinlik ondadır ki, Avropa Şurasının qətnamələri qulaqardına vurulur. Həm jurnalistlərin, həm də siyasi motivlərə görə həbs edilənlərin azadlığı üçün bir neçə qətnamə qəbul olunub, amma heç bir nəticə yoxdur.

ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /