Rasim Qaraca "ƏGƏR ƏN YAXIN DOSTUN" (Hekayə)

(yenidən işlənmiş)

Qarabağ savaşında şəhid düşmüş dostumuzu torpağa tapşırırdıq.

İyun ayı. Dost ölümü. Yandırıcı günəş.

Əllərinə bel-kürək alıb qazılacaq qəbrin nişanlarını vuran, artıq ilk təkməni atmış qəbirqazanlar... Onların peşəkarlığı, soyuqqanlı davranışı dözülməz idi.
Bu mənzərəni seyr etmək istəmirdim.

Kənara çəkilib qəbirlərin arasında dolaşmağa başladım. Çox sevdiyim dostumun qəbrinin necə qazıldığını görmək mənə ağır gəlirdi. Bir başqası olsaydı belə, bu mənzərə xoş deyildi. Onsuz da kədərdən neçə gün idi sıxılıb yumağa dönmüşdüm. Siqareti siqaretə calayırdım.

Artıq neçənci dostumuz idi torpağa tapşırırdıq. Asifin müsibəti dizimizin qapağını qırmışdı.

Savaşa könüllü yollanmışdı. Lakin tezliklə buna peşiman oldu. Satqınların qurbanı olacağından qorxurdu.

Buna görə də bir vasitə tapıb tərxis olunmaq istəyirdi. Nazirlikdə bir adam da tapdıq. Rüşvəti-hörməti nə idisə, məsələ həll olundu. Bugün-sabah Asifin evə qayıdacağını gözlərkən bu hadisə baş verdi.

*

Onun ölümünü dərk etmək istəyirdim, bu mümkün deyildi – ölümləri dəhşətli edən onların dərkolunmazlığıdır. Əslində qəlbimi sıxan bu cavabsızlıq idi. Asif artıq həyatda yox idi, bu nə cür ola bilərdi?!

Buna bənzər itkiləri yaşamış insanlar üçün onu yaşamaq, bu cavabsızlıqla barışmaq bəlkə də artıq çox adi hal idi, ancaq bizim hələ nə yaşımız vardı, ard-arda gələn ölüm xəbərlərindən büsbütün sarsılmışdıq. Bütün varlığımız alt-üst olmuşdu...

*

Adamboyu baş daşları olan, keçən əsrdən qalma köhnə qəbirstanlığa qədər gedib çıxmışdım.

Ta uzaqdan məzar qazmağa toplaşmış insanlar arasında bir çaxnaşma olduğunu sezib o yana doğru yönəldim, addımlarımı birazcana yeyinlətdim. Qara paltarlı adamların arasında al-yaşıl geyimli bir neçə qadını uzaqdan seçmək olurdu.

Görəsən bunlar kim idi?

Lap yaxına gəldim. 10-12 gənc qız haradansa peyda olmuşdu. Yas yerindən çıxıb qəbirəstanlığa yol almış maşınlarda onları görməmişdim.

Nə də yas yerində belə saçı-başı açıq qızlar ola bilməzdi. Qaydaya görə ölünün dəfnində qadınlar iştirak etməməliydi.

Qızlar sanki göydən düşmüşdülər, dövrə vurub məzar ətrafına toplaşan kişiləri kənara sıxmış, bir neçəsi bel-kürəyi alıb canıhövüllü qazmağa girişmişdi. Diqqətlə baxmağa başladım.

Onlardan yalnız bircəciyini tanıyırdım – gənc müğənni Gövhəri. Cəmi bir-iki dəfə televizorda görmüşdüm. Həyatda ilk dəfəydi rast gəlirdim. Asifin belə bir sevgilisi olduğunu bilirdim. Doğrusu onu yaxından görmək kimi bir istəyim vardı, haqqında çox eşitmişdim əlbəttə.

*

İlk dəfə, hələ Asif məsələsi ortada yoxkən, işlədiyim idarədə Gövhərdən söz düşəndə, makinaçı Qalina qaş-gözünü oynadıb, sözlərinə alt mənalar verə-verə, “çox gözəl qadındır” ifadəsini işlədəndə, dalağım sancmışdı.

Bir qadının bir qadın haqqında “gözəl” deməsi xüsusi hal idi. Buna görə, beynimdə ona aid boş bir hüceyrə ayırmışdım. İmkan düşən kimi bu boşluğu dolduracaqdım.

Qoy burasını da deyim, mənə belə gəlir, Asifin ürəyində Gövhər toxumunu elə mən özüm əkmişdim.

Necə olmuşdu?

Bir dəfə Gövhərin Zavod qəsəbəsində toyda olduğunu eşitdim. Asifi dilə tuturdum, birlikdə toya gedək. Bu qəhbəni yaxından görmək istəyirdim. Ancaq Asif tərslik etdi, nə var axı onu görməkdə, nə matah şeymiş dedi.

Elə bil təbim gəlmişdi, Gövhər dünyanın ən gözəl qızıdır, onu görmək istəyirəm dedim.

Asif duruxub üzümə baxdı, ancaq yol uzaq idi, hava qaralmışdı, maşın məsələsi problem idi. Sonrakı gün, ondan sonrakı gün Asif söhbəti fırladıb Gövhərin üstünə gətirirdi, ancaq sırxoşluq sevdası artıq başımdan uçmuşdu, Gövhər görmək həvəsim yox idi, nə də ona söyləyəcək bir sözüm vardı.

Aylar keçdi. Bir gün eşitdim Asif Gövhəri tovlayıb, qadının evinə girib yaşamağa başlayıb.

*

Bir zamanlar Gövhəri yaxından görmək kimi yamalaq bir arzum var idi.

İndi bax burada, günəşin yandırıcı şüalarından gizlənməkdən ötrü az qala məzarlardan birinin içərisinə girib gizlənmək istədiyin bu məşum qəbiristanlıq ortamında Gövhər nazik yay qiyafəsində bütün gözəlliyi ilə ortada idi.

*

Dostum Asifin Gövhərlə nigahsız yaşamasına qarşı deyildim, mən özüm də olsaydım belə edərdim. Hələ deyirəm, yaxşı ki Asif fürsət tapıb, necə deyərlər, dünyanın dadına baxa bildi.

Yoxsa ölüb gedəcəkdi, dalıycan ağlayanlar, yazıq dünyadan nakam getdi deyəcəkdilər.

Ancaq, Asifin ailəsi onların bu cürə yaşamasına qarşı idi.

Qız haqqında əcaib söhbətlər dolaşırdı, filan bəsməkan. Xüsusən Asifin anası israrlıydı, bir dəfə mənim yanımda “el malından mənə gəlin olmaz” demişdi.

Lap bu yaxınlarda cəbhədən qaçıb gəlmişdi, yenə Gövhərlə bağlı nəsə bir haqq-hesab vardı.

Asifin taleyi qarışmışdı. Nə üçün könüllü cəbhəyə getmişdi? Dostlar, qohumlar, sevdiyi qadın onun həyatını çoxbucaqlı gicbucaq halına gətirmişdilər. Mənim özümə demişdi: “Evdə arvadla vuruşmaqdansa gedib cəbhədə kişilərlə vuruşaram”.

*

Ancaq təsadüf elə gətirmişdi, Gövhəri yaxından görmək fürsətim olmamışdı. İndi şəhid olmuş dostumun bir qadın üçün bu qədər fədakarlığa qatlanmasının səbəbini anlamaq istəyirdim.

Dostumun ölümünə bəraət verəcək böyük gözəliyin nişanələrini qızmar məzarlıq səhnəsində özünün ən kədərli şərqisini ifa etməyə girişmiş bu gənc qadında arayırdım.

Doğrudan da gözəl idi. Ancaq bəlkə də yolunda həyatından keçəcəyin bir gözəlik deyildi bu gözəllik. Fəqət ehtiraslı idi, qadınlığını dərk etmiş, öz qiymətini bilən, həyatda öz istədiyini almağı bacaran bir tip.

Sevgilisinin məzarını öz əlləri ilə qazmağa gəlmişdi. Bu qeyri-adi hadisəydi.

Bunu etməkdən ötrü böyük ürək sahibi olmalısan. Ətrafdakı adamlar, onların nə düşünəcəyi vecinə deyildi. Gözündən sakitcə yaşlar axıda-axıda qazırdı.

Hərəkətlərindən bu günə qədər əlinə bel almadığı bəlli idi.

İpək saçları tərləmiş üzünə, boynuna yapışmışdı. Bu mənzərənin hər kəsi sarsıtmış olmasını ətrafa toplaşmış insanların baxışından sezmək olurdu. Yasin oxuyan mollanın səsində əcaib gərginlik vardı, bu səs baş verən hadisənin dramatikliyini daha da artırırdı.

Qızlar yorulub kənara çəkildilər, rəfiqələri onların yerini tutdu. Hələ bu yeniyetmə qıza bax; sarışın, uca boylu. Bizim yerlərdə bu cür sarısulu tiplərə rast gəlmək nadir hadisədir.

Necə can yandırır, külüngü yerə qoyub rəfiqəsini haylayır: “Dilarə, lapatkanı mənə verr”, “r” səsinin belə cingiltili ifadəsi ürəklərin pərdəsini yerindən qopardır.

Xalq arasında belə bir ayinin olduğunu heç vaxt eşitməmişdim.

Gənc oğlan ölərkən qızlar toplaşıb onun məzarını qazarmışlar. Unudulmuş bu ayin yalnız böyük sevginin sayəsində yenidən canlana bilərdi. İndi Gövhər əsl sevgi nümunəsi göstərirdi.

Haradansa topladığı bir dəstə qızı qəbirəstanlığa gətirmişdi.

Qızların bir neçəsi məktəbli qiyafəsində idi. Adama elə gəlirdi, cavan bir insanın bir azdan torpağa basdırılacağı onların vecinə deyil. Az qala pıqqıldayıb güləcəklərmiş kimi təsiri bağışlayırdılar.

İtələşir, öz aralarında nəsə pıçıldaşırdılar. Gövhər diqqət mərkəzində idi, nazık yay paltarında bədəninin bütün relyefi aydınca sezilirdi. Mən mollanın yanında dayanmışdım. Gövhərin arxası bizə tərəf idi.

Deyəsən arxadan çox cazibədar göründüyünün fərqində idi. Bir ara mollanın nəfəsi kəsildi, yasin ortada qırıldı, qadıncığaz ani hərəkətlə geri qanrılıb arxada dayananlara bir baxış fırlatdı.

Əbədi yadda qalacaq bir səhnə idi: Gövhər başını açıb saçlarını yolmağa başladı, fəryadı ərşə dirəndi:

Əzizinəm eey, oyunlar,
Fələk oynar oyun yar.
Qəbrimi qızlar qazsın
Qızıl, gümüş boyunlar..

Gövhərin belə yanıqlı səsi olduğuna heç vaxt fikir verməmişdim.

Asifin ölümündən sonra Gövhər oxumağın daşını atdı. Bir daha onun səsini eşitmək mənə qismət olmadı. Cəmi bir neçə aydan sonra mən başımı saxlamaqdan ötrü Rusiyaya yollandım.

Gövhərin sonrakı taleyi necə oldu, bununla maraqlanmadım. Zamanın çarxı beləsinə fırlandı.

Asiflə dostluğumuzun qısa bir tarixçəsi vardı. Əsgərliyini Əfqanıstanda çəkmişdi, rus dilini mükəmməl bilirdi, yaxşı şahmat oynayırdı. Dəyirmanın boğazına ölü atsan diri çıxacaq tiplərdən idi. Hər şeydən pul çıxartmağı bacarırdı.

1991-ci ildə ara qarışıb məzhəb itən vaxtlarda, Tbilisi-Kiyev qatarıyla hərəkət etməyə hər adamın cürəti çatmayan dönəmlərdə, biz sərnişin kupelərinə tonlarla limon yükləyib

Ukraynaya yollanırdıq. Çernobıl hadisəsindən sonra xaxollar limonun şüalanmaya qarşı faydalı olduğuna inanmışdılar, hər səfərdən sonra ciblərimiz qrivnalarla dolub daşırdı.

Tezliklə Tbilisi-Kiyev reysi ləğv olundu, pul qazanmağın başqa yollarını axtarmağa başladıq, çox keçmədən birlikdə siqaret alverinə girişdik, Bakıdan alıb Gəncədə satırdıq.

Ölkənin bir yerində olan mal o biri tərəfində tapılmırdı. Sadəcə diribaş olmaq lazım idi. Zamanə çox çətin idi. Çətin günlər bizi ayrılmaz dostlara çevirmişdi.

Bir dəfə Asif yeznəsinin maşınını bir günlüyə almışdı, səhər Gəncəyə gedib axşama qayıtmalı idik.

Üzünə üz bağlayıb istəmişdi maşını. Yeznəsi mız-mızının birisiydi. Həmişə yeznələr haqqında “göt yarası” ifadəsini işlədərdi Asif, çünki bu elə bir dərddir, açıb heç kəsə göstərə bilmirsən.

Qayıdanbaş Kürdəmir tərəflərdə yol kənarında səyyar satıcılar vardı. Qarşılarındakı masalarda bananlar uzaqdan saralırdı. Bir xeyli keçəndən sonra Asifin gicbəsərliyi tutdu, yolun ortasında maşını qəflətən geriyə fırlatdı.

Köhnə “Moskviç” yolun ortasındaca söndü.

O vaxtlar banan Sovet məkanında yeni-yeni görünməyə başlayan, aztapılan, həm də bahalı bir meyvə idi, Gəncədən cibidolu qayıdan Asif bu ekzotik meyvə ilə ailəsini sevindirmək istəyirdi.

Yolun ortasında mıxlanıb qalmışdıq. Arxadan bir trayler tam sürətlə üstümüzə gəlirdi, işığını yandırmış, siqnalı dibinə qədər basmışdı, ya bizim maşına çırpılmalı, ya da yolun kənarındakı xəndəyə yuvarlanmalıydı. Asif əsəbiliklə açarı bururdu, ən son anda motoru işə salmağı başardı.

Trayler maşınımızı yalayıb keçdi. Beləcə, ucuz ölümdən canımız qurtuldu. Banan almaq həvəsindən düşdük, söz verdik, evdəkilərə bu barədə heç nə danışmadıq.

Bax, o zamanlar Asif artıq Gövhərlə cur olmuşdu. Bananı Gövhər üçün alacaqdı, deməli biz ikimiz də Gövhərin bir yerinə qurban gedəcəkdik.

Qarabağ müharibəsi qızışmağa başlayanda artıq Asifi tutub saxlamaq olmurdu. Günlərin bir günü bizimlə vidalaşmağa gəldi, başqa bir dostumuzla, Fəxrəddinlə birlikdə könüllü cəbhəyə yazılmışdı.

Şuşa yaxınlığındakı Daşaltı kəndində ermənilərin mühasirəsinə düşmüşdü. Həm zahirən, həm də xasiyyətcə qeyri-adi bir insan idi. Üz cizgilərindən qəhrəmanlıq yağırdı.

Bəlkə buna görə ermənilər onu xüsusi işgəncə ilə öldürmüşdülər. Meyidi görənlərin dediyinə görə üzünün dərisi soyulmuşdu, başqa işgəncə əlamətləri də varmış.

*
İndi Asifin yaşadığı doqquzmərtəbəli binanın girişində onun xatirə lövhəsi asılıb.

İllər sonra bu lövhəni görəndə Asiflə bağlı daha bir hadisəni xatırladım. Binanın tinində böyük bir çayxana vardı, bu çayxanada saatlarca oturan insanlar öz təbii ehtiyaclarını yerinə yetirməkdən ötrü bir qayda olaraq, yaxınlıqdakı binanın girişinə qaçardılar.

Bu hal Asifi çox hirsləndirirdi. Bunun qarşısını almaqdan ötrü əməlli-başlı mübarizə aparırdı. Yerli icra hakimiyyətinə, mənzil idarəsinə, hətta qəzetlərə belə yazmışdı. Çayxananın sökülməsini tələb edirdi.

Yadımdadır, bu yazışmalar aylarla sürdü, Asif asanlıqla əl çəkənə oxşamırdı, şikayət məktublarını daha yuxarı orqanlara göndərirdi. Nəhayət, nəticə əldə olundu.

Çayxananı sökmədilər, ancaq icra hakimiyyəti çayxanaya yaxın bir yerdə tualet tikib Asifdən canını qurtardı.

Asif özü neçə dəfə bu tualetə uğramışdı, zarafatla “mənim əsərim” deyirdi. İndi isə, gör neçə il keçib, çayxanada oturub boş-boş söhbətlər edən, işəməyi partlayanda bir əli ləpəyində həmin tualetə qaçan cavan oğlanlar bir zaman Asif adlı bir insanın həyatda yaşadığını və onların burada rahat çay içmələrindən ötrü həyatını qurban verdiyini ağıllarına belə gətirməyirlər.

*

Bir dəfə yenə yolumu Asifgilin məhəlləsindən salmışdım. Binanın girişinə vurulmuş Asifin mərmər üzərinə döyülmüş şəklinə bir xeyli baxdım, dəsmalımı çıxarıb mərmərin üzərindəki tozu sildim.

İkinci mərtəbədəki qapılarını döydüm.

Qapı kilidli deyildi. Qoca xəstə qadın çarpayıda oturub, danışmağa heyi yox. Gözlərini geniş açaraq mənə baxır. Tanımağa çalışır. Adımı deyirəm, ancaq yadına sala bilmir.

Birdən-birə ağlamağa başlayır: “Asif, ay Asif”. Vaxtilə necə sağlam idi, necə odlu-odlu danışardı. Nuh dedi, peyqəmbər demədi. Yeganə oğlu Asiflə barışmadı, iddiasını dəvə kimi sürdürdü. Var gücü ilə Asifi Gövhərdən aralamaq istədi, buna nail ola bilmədi.

Taxçadakı kitablar, albomlar 15 il əvvəl necəydisə, eləcə də qalıb. Şüşəyə taxılmış kollektiv fotoşəkildə mən də varam.

Bu fotonu heç zaman görməmişəm. Asifdən daha çox öz gəncliyimə heyran-heyran baxıram. Kitabların arasından tapdığım qırmızı üzlü bir dəftərdə Asif öz gündəliklərini yazıb.

22 fevral 1991-ci il tarixində mənimlə bağlı bir yazı vardı: “Bu gün Raminlə Naibin çayxanasında oturduq.

Yağışlı, lehməli bir axşam. Özümüzlə qənd götürmüşdük. Bəzən çayxanada qənd tapılmadığına görə yavan içməli olurduq. Çayxanada natəmizlikdir.

Döşəmə siqaret kötükləriylə dolu... Cavanşirgildən yumurta aldıq, Novruz bayramı ərəfəsi olduğu üçün sonra bahalaşar deyə. Gövhər Nahidgilə aldığımızı yumurtaların irilərini seçib yerinə balacalarını qoydu. Mən yaxşı iş görmədiyini söylədim. Sabah saat 11-də Ramin mənə 50 dollar verməlidir.”

*

Min doqquz yüz aclıq illərində Asiflə belə bir dostluğumuz vardı. Yaşamaq uğrunda birlikdə mübarizə aparırdıq. Bizi fəzilət deyil, qarın birləşdirirdi. Üst-üstə götürsək, ömrümüzün neçə ilini çörək növbələrində keçirmişdik.

Ancaq Gövhərin evində yaşadığı müddətdə bir dəfə də olsun bu evə ayağım dəymədi. Qısqanclıq söhbəti deyildi. Sadəcə olaraq Gövhər evə Asifin dostlarından kimlərinsə gəlməsini istəmirdi.

Belə bir tələb qoymuşdu öz sevgilisinin qarşısında: “dostun var, çöldən-çölə”. Hə, Asif bu gözəlçə ilə curlaşandan sonra get-gedə bütün dostlardan soyudu. Ayda-ildə bir dəfə görüşürdük, o da atüstü, qaçaraq.

Yadıma gəlir, onunla tanış olduğu ilk aylarda görüşlərinin bütün təfərrüatını mənə danışardı.

Bir dəfə Gövhərin yaxşı minet götürdüyünü söyləmişdi. Sevgi işlərində özəl şakərləri varmış bu qızın, məsələn qasığını qırxmazmış, Asifdən də belə etməsini istəyərmiş.

*

Asifin ölümündən sonra bir nəfər onu Moskvaya aparıb, ayrıca ev tutub saxlayıb.

Çox varlı bir adammış. Təkcə mənimlə ol, heç kəslə yaxınlıq etmə deyib. Ancaq Gövhər xəlvətcə başqa birisilə görüşürmüş. İşin üstü açılıb.

*

Asif artıq həyatda yoxdur. Mən özüm də indi onu az-az xatırlayıram.

www.adyazar.az