«Laqeydlik – satqınlıq deməkdir»

Teymur Nadir ( Coldunya ), Rüstəm Məmmədov ( Unformal )

Azərbaycan rokerləri Teymur Nadir («Coldunya»)Rüstəm Məmmədov («Unformal») Neft Akademiyasında 2009-cu lin aprelində baş vermiş faciəyə ithafən «Varmı bir insan?» adlı albom çıxarıblar. İki rokeri bu layihəsi barədə «14-24»-ə «Coldunya» qrupunun solisti Teymur Nadir danışıb:

- Mən və «Unformal» qrupunun vokalçısı və yaradıcısı Rüstəm Məmmədov qərara gəldik ki, ortaq bir layihəyə başlayaq. Əvvəlcə, bir mahnı yazmalıydıq. Sonra fikirləşdik ki, niyə albom yazmayaq.

2009-cu ilin aprel ayında məşqlərimizi başladıq. Həmin vaxt isə ADNA-da faciə baş verdi. O vaxt artıq bir mahnı hazır idi. Vəziyyətə baxdıq, mahnını dinlədik, gördük ki, məsələlər üst-üstə düşür. «AZİ»-də olan hadisədən sonra başa düşdük ki, o albomu biz mütləq yazmalıyıq. Bu bizim vətəndaşlıq borcumuz idi.

Alboma hansı mahnılar daxildir?


- Albom 6 mahnıdan ibarətdir. «Varmı bir bədbəxt insan?», «Varmı bir xoşbəxt insan?», «Varmı bir azad insan?», «Azərbaycan?», «Cəfəngiyat», «Mən ölüyəm».

Üç mahnıya video çəkilib. Hazırda iki video artıq internetdədir, yaxın günlərdə növbə üçüncü videoya çatmalıdır. Aprelin 30-da internet vasitəsilə prezentasiya da olacaq. www.varmibirinsan.az saytında audio və video materiallar təqdim olunacaq. Saytda hazırda «Azərbaycan?», «Cəfəngiyat» adlı mahnılara çəkdiyimiz videokliplərə baxa bilərsiniz.

«BİZ PUL QAZANMAQ FİKRİNDƏ DEYİLİK»


Mahnılar necə yayımlanacaq? Disk şəklində?

- Fikirləşdik ki, bizə disk lazım deyil. Çünki hazırda gənclər internetdə musiqini dinləməyə daha çox üstünlük verirlər. Zaman dəyişib artıq, mən düşünürəm ki, internet-reliz daha uğurlu ola bilər. Həm də ki, biz pul qazanmaq fikrində deyilik. Əsas məqsədimiz odur ki, insanlar pulsuz yükləsin, qulaq assın. Biz bundan pul çıxartmaq istəmirik.

Başqa layihə və başqa vəziyyət olsaydı, biz oturub fikirləşərdik nə qədər pul qazanmaq istəyirik, bunun üçün nə eləmək lazımdır. Amma keçən il Bakıda faciə baş verib. Onlar bizim gənclərimizdir. Bunu unutmaq olmaz.

Albom üzərində işlədiyiniz bir il ərzində bütün xərcləri özünüz çəkmisiniz...

- 100 faiz təmənnasızdır bu iş. Əlbəttə ki, biz öz maliyyə imkanlarımızı istifadə edərək bu albomu yazdıq. Təbii ki, biz sponsor tapmamışıq, bu işə sponsor axtarmaq, məncə, yersizdir.

Musiqici dostlarımız coxdur Moskvada. Onu da deyim ki, təmənnasız çalışıblar bizimlə. Məsələn, studiya vaxtı, kamera, işıq, pavilyon...çox şeydə kömək etdilər. Sağ olsunlar.

Mahnıların məzmunu haqqında danışardınız. Konkret faciədənmi danışırsınız?

LAQEYDLİK=SATQINLIQ?


- Mahnılarda biz konkret faciəyə toxunmuruq. Biz öldürülənlərin əziz xatirəsini yad etmək üçün bu işi qurduq. «Cəfəngiyat» mahnısında bir cümlə var: «Laqeydlik dinimiz olsun, dilimiz qurusun». Məncə, laqeydlik indiki zamanda satqınlığa bərabərdir. Laqeyd olmaq - xain olmaq deməkdir. Gənclər biganə olmamalıdır. Layihənin əsas fikri, missiyası budur.

«Facebook» sosial şəbəkəsində sizin bu albomunuzla bağlı qrup da fəaliyyət göstərir. Əsasən orda yayılıb məlumatlar. Necə qarşılanıb bu layihəniz gənclər arasında?

- O qrupu biz yaratmamışıq. Qrupu Almaniyada yaşayan və www.rockzone.az saytının administratoru olan Sevda Quliyeva adlı bir xanım yaradıb. Sağ olsun.
Bu layihəyə olan maraqla bağlı təkcə onu deyə bilərəm ki, «Facebook»da bir neçə gündür yaradılan qrupda 650-dən çox gənc dəstəkləyir.



Teymur Nadir – 1973-cü ildə Bakıda anadan olub. Vokalist, bəstəkar, pianoçudur. «Coldunya» qrupunun solisti. Beynəlxalq «Altun nar»(2002), Fransız Musiqi Akademiyası (2005) mükafatlarını qazanıb.

Rüstəm Məmmədov – 1982-ci ildə Peterburq şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhərinə köçüb Rock musiqi karyerasına başlayıb. 1998-2000-ci illərdə «U.P.S.A.» adlı Punk Rock qrupunda zərbçi olaraq yer alıb. 2000-ci ildə reper Harunla bərabər, Azərbaycanda və Türkiyədə məşhur «Unformal» qrupunu yaradıb. 2008-ci ildə Azərbaycanı tərk edərək Rusiyaya köçüb və «mamedoFF» adlı akustik layihəsi çərçivəsində konsertlər verib.