Jalə İsmayıl "Pintoş" (Hekayə- Cavidan üçün)

Həə, bu hekayə yazıldı və heç redaktə olunmadı. Daha doğrusu, yazılacaq və redaktə olunmayacaq.

Pinti hekayə olacaq bu. Hələ bilmirəm məzmunu nə olacaq, amma olacaq. Bəlkə də bir uşaq hekayəsi, bəlkə də böyüklər üçün. Bəlkə də heç kim üçün, elə-belə özüm üçün.

Görək hələ.

Demək belə. Onun masasının üstü həmişə pinti olardı. Özü də pinti geyinərdi, çirkli olmadığı gün paltarı ilk geyindiyi gün idi.hara tərpənsə pintilik eləyərdi. Amma direktor onu qovmazdı. Hələ diroktoru spyürdü də ha üzünə, yenə qovmazdı.

O yaxşı dizayner idi. Çox yaxşı dizayner idi.

Onun yaxşlığı işi sürətlə və yaxşı görməyində idi. Amma pintiydi. Özü də bundan heç narahat olmazdı. Çünki bunu kişiyə yaraşan iş hesab edərdi. “Arvadam, hər gün daranam”- deyərdi. Yemək yeyib üstünə silərdi.

Ayda bir dəfə çimərdi qışda, yayda həftədə bir dəfə. Qısası, o pinti adamıydı.

Müştəriləri də görən gözü yox idi. Onu heçş vaxt görüşlərə aparmazdılar. Mazqadyor müştərini ordaca söyüb durub gələrdi.

Ona görə də oturduğu yerdən tərpətməzdilər. Gətirib verərdilər işi, başa salıb gedərdilər. Vəssalam. Dediyi vaxtda da təhvil verərdi işi.

Amma hamı onu çox istəyirdi. Hətta hər gün söydüyü direktor da. Qızlara ən yüngül sözü eşşək olardı. Çox yekəpər olduğundan bütün oğlanların kürəyini yerə vurardı.

Heç kim onunla bacarmazdı. Amma ürəyi yumşaq idi. Bir dəfə hind kinosuna baxıb ağlamışdı işdə. Heç kimdən də utanmamışdı. Sonadək gözünün suyunu silə-silə baxmışdı.

Dəsmalı da heç vaxt olmadığından köynəyin qollarına silmişdi burnunu, gözünün suyunu. Qızlar belə duyğusallanıb gülə bilməmişdilər ona.

Əksinə, davam gətirə bilməyib onun göz yaşlarına, başlamışdılar ağlamağa.

Film bitəndən sonra da Ratxanın faciəvi həyatı onların gözündə su qoymamışdı. Əgər direktor gəlib çıxmasaydı mərsiyə də deyəcəkdilər yəqin bu ağlaşmada. Yaxşı ki, kişi özünü vaxtında yetirdi.

Yanında da blatnoy bir müştəri. Hamı özünü ələ alıb işə davam eləsə də, Pintoş (ləqəbi idi) bir müddət burnunu çəkmişdi. Müştərini diqqətlə dinlədikdən sonra da təndirə çörək yapmalı olan nənəyə sari geyindirmişdi. Direktor da cin atına minmişdi və iki gün düşməmişdi.

Amma yenə qovmamışdı onu.

Dünya gül kimi fırlandığı vaxtda o bir qızı sevəsi oldu. Məlum oldu ki, onun sevgisi də pintidi. Adda-budda. Mehribançılıq olmayan, söyüş dolu, qarışıq, heç kimin baş açmadığı.

Diqqətsiz, kobud, gülsüz-çiçəksiz bir sevgiydi bu sevgi.

Qıza da dəstə-dəstə gül şəkilləri əvəzinə yeni çıxan printerlərin, laptopların şəkillərini göndərərdi, özünü paylaşardı yəni.

Bəs onun kimisə sevdiyini nə bilmişdik? Dəhşətli hadisə üz vermişdi. Hamı “don” əmri almış kimi donmuşdu həmin gün. Şırhaşır yağan yağışlı bir gündə işə təptəzə kostyumda və ayaqqabıda gəlmişdi, saçlarını tağ ayırmışdı.

Direktorun belə nəfəsi tutulmuşdu onun bu halından.

Oğlanları göndərmişdi onun yanına ki, görün xəstələnməyib ki. Qızlarsa həmişəki kimi bic çıxmışdlar və demişdilər ki, xeyir a, narahat olmayın, Pintoş aşiq olub sadəcə.

Sonra da fəlsəfə açmışdlar ki, adam aşiq olanda olduğu kimi olmur, dəyişir, içi də, çölü də…

Direktor qızların üstünə qışqırıb ağızlarını yummasaydı, fəlsəfə dərsindən bütün kişi tayfası 2 alacaqdı işdə. Direktor cəld tərpəndi incavara.

Nə isə. Sonra yaxşı ki, vəziyyət bizim xeyrimizə düzəldi.

Məlum oldu ki, qız gözəl bir gediş eləyib. Bir gün bizim Pintoşa deyib ki, mən səni olduğun kimi sevmişdim axı, bu nədi, ütü ağzından çıxmısan elə bil.

Pintoş da çox sevinib və elə ordaca 200 dollarlıq pencəyini sərib bulvarda yaşıl otun üstünə, qızla oturub bulka yeyib dənizə baxa-baxa.

Hər şey yaxşı gedirdi. O həmişə kimi idi və hamımız rahat idik. Sonra nə oldusa Pintoş yavaş-yavaş pintoşluqdan çıxmağa başladı. Daha nə qızlara kobudılq elədi, nə direktora söydü, nə oğlanları boğazladı.

Nə kompüterin qabağında yemək yedi. Adi bir adam oldu. Günbəgün belə oldu ha. Qəfil dəyişsəydi, yenə nəfəsimiz tutulacaqdı. İndi də bunun dərdini çəkməyə başladıq. Görəsən nolub bizim Pintoşa.

Qızlar dedi ki, yəqin toyun fikri alıb bunu. O qədər xərc-xəsarəti var ki.

Bu dəfəsə fəlsəfəni oğlanlar açdı. Dayanın a, qandığınız elə bura qədərdi. Nə toy? Nə xərc? Bizim Pintoşu atıb qız. Adam atılanda dəyişir, içi də, çölü də, başqa cür olur. Havası alınır. Orbitindən çıxır. Sevginin edə bilmədiyini atılmaq eliyir… Direktor bu dəfə də oğlanların ağzını yuması oldu.

Özü də əlini ürəyinin üstünə qoyub. Kresloya çöküb, valerian içib.

Dostları deyirdilər ki, direktor cavanlığında çox deyib-gülən oğlan imiş, şirindil, ürəyiaçıq. Hamı da onu sevərmiş. Sonra nə oldusa, day deyilən kimi olmayıb…

İşə bax ki, direktoru belə vəziyyətdə qoyub müzakirələri davam elətdirdilər. Bu dəfə qızlı-oğlanlı hamı bir yerdə fəlsəfə açdı. Hamı ortaq məxrəcə gəldi ki, həyatımız vapşe pintidir.

Sevgi var. Ayrılıq var, atılmaq var, ölüm də var, heç nə səliqə sahmanda getmir. Heç nəyin bir düzəni yoxdu. Qarışıqdı həyatmızda hər şey. Pintoş kimi bir oğlanın da atıldığı bu dünyada yaşamağa dəymir.

Qızın biri “çıxıb gedəcəm bu xaraba ölkədən” dedi. Oğlanın da biri qayıtdı ki, ölkədən gedəssən e, bəs dünyadan hara çıxıb getmək istəyirsən?

Oğlanların fəlsəfədə qızları üstələdiyi açıq-açığına göz qabağında idi. Amma qızlar da geri çəkilmək istəmirdilər. Ölüm belə bizim canımızı qurtara bilməz dedilər.

Və bununla da müzakirələrə nöqtə qoyuldu. Hamı bundan sonra rəngi saralmış direktora tərəf çöndü. Kişi bu söhbətlərdənmi təsirlənmişdi, deyib-gülən vaxtlarımı yadına düşmüşdü, bilinmədi, amma gözləri dolmuşdu.

(Bu abzası səhərisi gün yazdım və qərara gəldim ki, Pintoşu Cavidana bağışlayacam. Niyəsini bilmirəm, heç kim soruşmasın).

Lənət şeytana, mən sevgidən yazmayacaqdım axı. Allaha and olsun! Bir qorxacaq bəndəyəm, yalandan Allaha and içə bilmərəm. Amma bu xaraba dünyada nədən başlayırsan, başla, elə gəlib sevgiyə çıxır.

Sevgi cəhənnəm! Biz hələ də bilmirik ki, qız Pintoşu (artıq ləqəbi deyil, bir tarix oldu bu ləqəb) niyə atdı…

www.kultaz.com