«Mingəçevir axa bilər»

Mingəçevir su anbarı

Mingəçevir su anbarında suyun səviyyəsi son 10 gün ərzində, yəni mayın 11-dan bəri 1 metr 74 sm qalxıb. Şəhər İcra Hakimiyyətinin rəsmiləri deyirlər ki, anbarın daşması sarıdan narahatçılığa heç bir səbəb yoxdur. Şəhər əhalisi isə qorxu içindədir və bəziləri başqa rayonlardakı qohumlarının evinə yerləşməyi düşünürlər:

BİR HADİSƏ BAŞ VERSƏ, AZƏRBAYCAN YOXDUR ELƏ BİL

- Əlbəttə narahatıq. İnanıram ki, düzələr, qabağın alarlar. Qohum-əqrəbaynan zəngləşirik, bir-birimizlə xəbər tutmaq üçün ki, belə bir şey olsa neyləyək, hara gedək?

- Mən gündə bu dənizin ətrafındayam. Bizə də məlumat verirlər ki, heç bir qorxu yoxdur, narahat olmayın. Elə narahatıq ki, Allah eləməsin bu dənizdə bir hadisə baş versə, Azərbaycan yoxdur elə bil. Əlbəttə ki, çox qorxuruq. Bax burda yaşayıram, evim düz dənizin yaxınlığındadır. Getsə, birinci bizi yuyub aparacaq.

- Narahat oluruq əlbəttə. Biz də camaat kimi narahatıq. Eşidirəm ki, qalxır-enir. Təbii fəlakətdir neyləyək?
Əli Qəniyev
Ta bura qaçıb gəlmişik, burdan hara gedək?

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının iqtisadi və sosial məsələlər üzrə müavini Əli Qəniyev də deyir ki, şəhərdə hamı təşvişdədir, amma bu əsassızdır. Onun sözlərinə görə, suyun səviyyəsi 10 günə 2 metrə yaxın qaxıb, amma bu artımla hələ 2 ay Mingəçevir su anbarı daşası deyil. Əli Qəniyev deyir ki, anbarda suyun indilik həddi 83 metrdir. Maksimal hədd isə 85.5 metrdir:

HEÇ BİR TƏHLÜKƏ YOXDUR

- Mingəçevir şəhərində su anbarı ilə bağlı vəziyyət tam sabitdir. Heç bir təhlükə yoxdur. Suyun səviyyəsi minimal həddən aşağı düşsə, stansiyanın pərləri işləməz. Minimal hədd 67-dir. Nominal, yəni anbarda suyun həmişə saxlandığı hədd 83, maksimal hədd isə 85,5-dir. Maksimal həddən sonra 3 metr əlavə rezerv də var. Bu günə olan ölçü 83-dür, yəni hələ su bu həddi keçməyib. 10 gün bundan əvvəl 81.26 idi. Hələ 2-3 ay lazımdır ki, ora tam dolsun. May ayının sonunda sululuq dayanır.

Mingəçevir suyu Kür, Qanıx və Alazan çaylarından alır
Mingəçevir suyu Kür, Qanıx və Alazan çaylarından alır. Kür isə hələ də coşur. Vaxtilə SSRİ Su və Meliorasiya Nazirliyinin şöbə müdiri işləmiş Ələsgər Yusifov da deyir ki, əhaliyə təsəlli verməkdənsə, ciddi tədbirlər görmək lazımdır:

İNSANLARI AXMAQ YERİNƏ QOYMAQ OLMAZ

- Ən böyük narahatçılıq ondadır ki, anbarda suyun həddi artıq 83 metrdir, 10 metr də qalxsa, Mingəçevir axa bilər. Mingəçeviri gərək keçən ildən boşaldardılar ki, Kürün qarşısını alsınlar. Arazla Kür qarışanda 2500 kubmetr su gəlir. Onda gərək Mingəçeviri bağlaya ki, Kür bura gəlməsin, Araza axsın getsin. Heç Kürü də bağlaya bilmədilər, Arazı da. Mingəçevirə Türkiyədən Kür çayı gəlir, axın böyükdür, onun qarşısında dayanmaq olmaz. Mingəçevir su anbarı açılandan səviyyəsini heç kəs 85 metrə qaldırmayıb. Onu qaldırırlar ancaq elektrik enerjisi almaq üçün. İnsanları axmaq yerinə qoymaq olmaz. Əgər Türkiyə və Gürcüstan tərəfdən sel gəlsə, Mingəçevir qəbul etməlidir. Qalxmalıdır 85 metrə, Mingəçevir də suyu buraxacaq Sabirabadın üstünə.

Ələsgər Yusifov deyir ki, yağışlar, sellər dayansa, təhlükə sovuşa bilər. Sinoptiklər isə proqnozlaşdırırlar ki, mayın 25-dək ölkənin bir sıra ərazilərində havalar buludlu keçəcək. Şimşək çaxacağı və yağış yağacağı gözlənilir.