Arazı ayırmaqla deyil

Yusif İsrafilov

Arazı Kürdən ayırıb onun məcrasını dəyişməklə daşqın problemi ortadan qalxmayacaq.

Bu sözləri AzadlıqRadiosunun «İşdən sonra» proqramında AMEA Geologiya İnstitutu Hidrogeologiya və Mühəndis Geologiyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilov deyib. Alimin sözlərinə görə, Kürün deltasının lillə dolmasının prosesə elə də təsiri yoxdur. Onun sözlərinə görə, sadəcə, Kürün dənizə getdiyi yerdə suyun meylliliyi sıfıra yaxındır. Geoloq təklif edir ki, hər şeydən əvvəl mütəxəssislər deltanın modelini hazırlamalıdır. Bu modelin əsasında isə konkret tədbirlər işləyib hazırlamaq lazımdı.

«SU TƏSƏRRÜFATI SXEMİ SOVET DÖVRÜNDƏN QALIB»

Mingəçevir su anbarının prosesə elə də ciddi təsir etmədiyini söyləyən Yusif İsrafilov Təbii fəlakətin yaranmasında daha çox kürə tökülən çayların, insan amilinin rolunun olduğunu deyib. Onun sözlərinə görə əvvəllər Muğan bölgəsində qrunt sularını tənzimləyən kollektor drenaj hazırda işləmir. əgər o işləsəydi, qrunt sularının, eyni zamanda Kürün səviyyəsinə təsir edərdi. Alim deyib ki, çayların qarşısını almaq üçün tikilən bəndlərin mühafizə zolaqlarında bina tikmək, karxana işlətmək olmaz. Bu, suyun səviyyəsinə təsir edir. Çayın səviyyəsi qalxdıqda isə meyllilik azalır və su kənara çıxır. Geoloq təəssüflə qeyd edir ki, əvvəllər bütün su təsərrüfatlarının işini tənzimləyən sxem də hazırda işləmir. Yeni sxem qurmaq və su təsərrüfatlarını eyni yerdən idarə etmək lazımdır.



/ Hazırladı Kamran Mahmudov /