«Balıq adamdan vacibmiş»

Sabirabad rayonu

Aran bölgəsində sel sularıyla mübarizə yenə iki kəndin camaatını üz-üzə qoyub. Sabirabadın Sərxanbəyli kəndinin camaatı su evlərinə dolmasın deyə selin ağzını dərəyə yönəldir, dərədə balıq vətəgəsi salan Muğangəncəli kəndinin sakinləri isə balığını qorumaq istəyir.

Sərxanbəyli kəndinin sakini Nahid Quliyev mayın 25-də mübahisə edənlərin əlbəyaxa olduqlarını, qarmaqarışıqlıqda maşınların əzildiyini deyir:

- Kür daşanda dədə-babadan suyu bu qobulara yönəldiblər, amma indi Müğangəncəlinin sakinləri burda balıq vətəgəsi salıblar. Deyirlər ki, balığımızı çıxaraq sonra.

«112 BİZİ EŞİTMİR»

Nahid Quliyev deyir ki, su kəndi basandan onlar 112 xidmətinə zəng eləyirlər, amma Fövqəladə Hallar Nazirliyinin qüvvəsi haraya gəlmir, onlar da başlarını itiriblər:

- Suyun müəyyən hissəsinin qabağını almaq olar. Salyana çıxan yolumuz bağlıdı. Bir texnika yoxdur. Bir kömək yoxdur.

«SUYU ÖRÜŞ YERLƏRİNƏ BURAXMAQ LAZIMDIR»


Moranlı, Sərxanbəyli, Balahəşimli kəndlərinin icra nümayəndəsi Namiq Quliyev deyir ki, sel Balahəşimlini basır, orda vəziyyət ağırdı:

Sarısu gölü
- Kömək deyəndə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri burdadı. Əsas Kürdən gələn suyu başqa yerə yönəltmək mümkündür, bunu eləmək lazımdır.

Namiq Quliyev deyir ki, əslində suyu örüş yerlərinə buraxmaq lazımdır, amma buraxmırlar, su da kəndi basır:

- Hökumət səviyyəsində deyilir ki, bu su örüş sahələriylə gedib dənizə tökülməlidir. Aşağıdan suyu buraxmırlar.

İcra nümayəndəsinin sözlərinə görə, təcili tədbirlər görülməsə, Sərxanbəyli də suyun altında qalacaq.

«HACIQABULU DA TƏHLÜKƏ GÖZLƏYİR»

Onlarla QHT-nin yaratdığı «Kür» Vətəndaş Nəzarəti Qərargahından aldığımız məlumata görə, təbii fəlakətin miqyası təkcə Sabirabadda yox, digər bölgələrdə də artır. Qərargahın əməkdaşı Nicat Dağlar deyir ki, Hacıqabulun Meyniman kəndi tamam köçürülüb:

- Verilən məlumata görə, Meyniman kəndindən axan suyun Hacıqabul gölünə, ordan da Şirvan kanalına axıdılmasına qərar verilib, yerli camaat isə deyir ki, bu qərar acı nəticələrə gətirib çıxarar, rayonun özünü təhlükəyə alar.

Mingəçevir su anbarı
Nicat Dağlar deyir ki, bölgələrə ezam olunmuş əməkdaşları Sabirabadda, Salyanda minlərlə ev təsərrüfatının zərər çəkdiyini xəbər verir. Fövqəladə Hallar Nazirliyi isə məlumat yayıb ki, Sarısu gölü ətrafında yerləşən kəndlərdə daha 22 nəfər vertolyot vasitəsilə xilas edilib.

MİNGƏÇEVİR ANBARINDA SU QALXIR

«Mingəçevir işıqları» qəzetinin baş redaktoru Fərman Nəbiyev isə deyir ki, şəhər rəhbərliyindən aldığı məlumata görə, Mingəçevir su anbarının səviyyəsi 83,11 m olub:

- Dedilər ki, anbara bir qoldan saniyədə 613 kubmetr su daxil olur, digər qollardan isə 200 kubmetrdi. Anbardan buraxılan suyun həcmi təxminən 660 kubmetrdi. Ona görə də anbarda suyun səviyyəsi qalxır.

Mingəçevir Su Elektrik Stansiyasının rəhbəri Oqtay Pirverdiyev isə sualımıza cavab vermək istəməyib «Azərenerji»nin rəhbəri Etibar Pirverdiyevin açıqlamasını gözləməyimizi məsləhət bildi.

YOL DA BAĞLANA BİLƏR

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə isə daşqınlar Bakı-Ələt-Astara və Bakı-Ələt-Hacıqabul-Bəhramtəpə-Mincivan yolunda problem yaradıb. Ona görə də bu marşrutun müəyyən hissələrində avtomobillərin hərəkəti dayandırıla bilər.