Neft içində uşaqlar

«Futbol, voleybol oynayırıq»

Balaxanı qəsəbəsində, 2-ci mədən deyirlər bu yerlərin adına... Elşən Mehdiyev küçəsindən axıb gedən kanalizasiya suyunun arxında isə uşaqlar oynayır...

«Ayaqlarımızı yuyuruq burda... bu su çirklidir, kanalizasiya suyudur. Burda heç kim yaşamaq istəməz, çünki bura zibillikdir».

NEFT İÇİNDƏ UŞAQLAR

...Burda torpağın rəngi qaradır – məhsuldarlığından dolayı deyil, neft buruqları və mancanaqlarından axıb gələn mazut və neft onun üzünü qaraldıb. Neft bu torpağın çirkidir... Elə Dövlət Neft Şirkəti də bu yerləri neftli ərazi sayır, tikililəri də qanunsuz.

- Neçə yaşın var ki sənin?

- 11.

- Adın nədir?

- Nicat.

- Nicat, harda oynayırsız?

- De.. bu asfaltdır...

11 yaşlı həmsöhbətim dar, bir kilometrlik asfaltı göstərir. Bir az aralıdan baxanda uşaqların bu oyun məkanı heç görünmür. Asfaltın bir tərəfində evlər, o biri tərəfində isə zibillik və
neft qoxulu gölməçələr. Onların oynadıqları futbolda əsas məsələ qapını deyil, topu qorumaqdır - gölməçəyə düşməkdən.

«Bir az gün olan kimi iydən dayanmaq olmur. oynamaq olmur, top suya düşür, natəmizlikdir».

-Oyunlarınız nədən ibarətdir?

«Futbol, voleybol oynayırıq. Daşlıqda oynayanda adam yıxılır, əli qanayır. Neftli ərazilərdir buralar».

UŞAĞIN BİRİ ZİBİLİN İÇİNDƏ ÖLDÜ

On aylıq Aqil hələ düz-əməlli yeriyə də bilmir. Bu gün ilk dəfədir ki, uşaq gününü yaşayır... O, 11 kvadratmetrlik evdə yaşayır. Evləri elə bir otaqdan ibarətdir.

«Elə burda bişirib, burda yeyirik. 5 nəfər bu evdə qalır».

Üstü, içi karton və taxtalarla bərkidilib, sellofondan üzlük çəkilib. Evin qapısı isə neft gölməçəsinə açılır. Evin sakini Arzu Məmmədovanın iki övladı var.

«Üç uşaq idi, biri zibilin içində qalıb öldü. Apardım həkimə dedilər qara ciyərində parçalanma gedib».

İkinci mədən, Elşən Mehdiyev küçəsində yaşayan valideynlər uşaqlar üçün şərait yaratmağa cəhd də göstərib.

«Bunlar sabah əsgər gedəcək, «soldat» olacaq. Nə «soldat» olacaq bunlardan? Ciyəri yox, bir şey yox. Hamısı xəstə olacaq da».

«İt, toyuq-cücə ölür, leşlərini tullayırlar. Ona görə hamısı xəstəlikdir».

«İstəyimiz odur ki, icazə versinlər öz «şotumuza» park salaq uşaqlar oynasın. Ağac əkək, su çəkək, imkan vermirlər».

Torpağın üzü isə büzüşmüş insan dərisinə bənzər – cadar-cadardır. Adda-budda yerə basdırılmış yarım metrlik çubuqlar isə vaxtilə meynə ağacı olub.
Su bu yerlərə aydınlıq gətirmir....

«Biz burda arzulayırıq ki, park salınsın, gözəl yerlər olsun da. Zibilliklər yığışdırılsın da, yəni bunlar olmasın. Təmizlik olsun».

Uşaqlar təmiz bir yer görmək istəyəndə başlarını qaldırıb səmada ağ buludları axtarır...